Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2023 18:56

MİK-in boksçuları Azərbaycan çempionatında yüksək nəticələr əldə etdilər

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində bu gün müxtəlif idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün hər cür şəraitlə təmin olunan Müdafiə Nazirliyinin Mərkəzi İdman Klubu (MİK) fəaliyyət göstərir. 1961-ci ildə təsis edilən Mərkəzi İdman Klubu Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyinin tərkibinə verilib. Yarandığı gündən bu günədək Mərkəzi İdman Klubu şərəfli yol keçib. MİK-in idmançıları Olimpiya oyunlarında, həmçinin Dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edirlər. Qazanılan medalların sayına görə MİK-in adı Gənclər və İdman Nazirliyi tərəfindən həmişə fərqlənən idman klubları sırasında çəkilir. MİK Azərbaycan Ordusunu beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar səviyyədə təmsil edir, həmçinin gənclərin vətənpərvərlik hissinin və fiziki hazırlığının yüksəldilməsi məqsədilə müxtəlif idman növləri üzrə fəal iş aparır.
MİK təmsilçilərinin növbəti uğuru idmanın boks növü üzrə oldu. Belə ki, kişi boksçular arasında keçirilən Azərbaycan çempionatında MİK-in idmançıları uğurlu çıxışları ilə yadda qaldılar. Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qüvvəsini sınadı. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə yarışlar keçirildi.
Boks Mərkəzində təşkil olunan çempionatda MİK klubu 12 idmançı ilə təmsil olundu. Onlardan Johannes Nuriyev +92 kq çəki dərəcəsində, Sərxan Əliyev 71 kq çəki dərəcəsində, Tayfur Əliyev isə 63,5 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün 1-ci pilləsinə qalxdılar.
MİK-in digər iki  boksçusu Ruslan Qədirov və Novruzəli Quliyev öz çəki dərəcələrində 2-ci və 3-cü yerə layiq görülüblər. Komanda hesabında isə MİK 36 medalla ikinci pilləyə yiyələnib.
Əzmkar mübarizələri və uğurlu nəticələri ilə yadda qalan bir neçə idmançımızın düşüncələrini öyrəndim. Əvvəlcə MİK-in rəisi polkovnik Ramiq Orucov klubun uğurlarının əsasında dövlətimiz tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğının dayandığını vurğuladı. "Cənab Ali Baş Komandanın idman sahəsində apardığı uğurlu islahatların nəticəsidir ki, cəmiyyətimizdə, xüsusən də gənclər arasında idmana maraq günü-gündən artır. İdmançılarımız Beynəlxalq arenalarda yüksək nəticələr göstərirlər. İdmanın bütün sahələrində ölkəmizi dünya miqyasında təmsil edən, qələbələr qazandıran təmsilçilərimiz var. Bu diqqət və qayğı MİK-dən də yan keçmir. Maddi-texniki bazamız, məişət şəraitimiz ilbəil daha da yaxşılaşdırılır. Bu qayğını hiss edən idmançılarımız da daha yüksək əhval-ruhiyyədə olurlar və yeni-yeni uğurlar qazanırlar. Respublika çempionatında iştirak edən bütün idmançıları təbrik edirəm. Hər biri yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirdilər. Ölkəmizdə və Dünya səviyyəsində keçiriləcək bütün növ turnirlərdə yüksək nailiyyətlər qazanaraq Ali Baş Komandanımızın etimadını doğrultmaq üçün MİK-in məşqçiləri və idmançıları yorulmadan çalışır, intensiv olaraq məşqlərini davam edirlər", - dedi MİK rəisi.
MİK komandasının məşqçisi Rauf Aydınov keçirilən turnir haqqda öz fikirlərini bölüşdü. "Komandamız üçün yaddaqalan turnir oldu. İdmançılarımızın rinqdə yüksək hazırlıq və bacarıq göstərdiyini gördükcə qürurlanırdım. Məşqlərdəki əziyyətimiz bəhrəsini verirdi. Biz çalışırıq ki, idmançılarımız fiziki və texniki cəhətlərlə yanaşı, psixoloji cəhətdən də güclü olsunlar. Çünki idmançı qələbəyə sevindiyi kimi, məğlubiyyətlə də barışmağı bacarmalıdı. Hər məğlubiyyət növbəti qələbənin başlanğıcı olmalıdı. Əsas odur ki, məqsədinə çatmaq üçün iradəli və dözümlü olasan, mübarizəndən əl çəkməyəsən. Bu xüsusiyyətləri idmançılarımıza aşılamaq üçün mütəmadi iş aparırıq. Əldə etdiyimiz qələbələr işimizdə uğurlu olduğumuzdan xəbər verir. Mərkəzi İdman Klubunda gənclərin peşəkər idmançı kimi formalaşmağı üçün hər cür şərait yaradılıb. Bu da yeni-yeni uğurlar qazanmağımıza zəmin yaradır".
Sonra idmançılar düşüncələrini bölüşdülər.  
Johannes Nuriyev: "Çox gərgin mübarizə əzmində keçən turnir oldu. Ən çətini isə final görüşü oldu. Bu görüş mənim üçün gücün və dözümün sınağı idi. Rəqibim həm texnika baxımından, həm də fiziki cəhətdən çox güclü idi. Ona görə də diqqətli mübarizə aparır, hərəkətlərini dəqiqliklə izləyirdim. Şükürlər olsun ki, qələbə qazana bildim. Klubumuzda peşəkar idmançılar kimi formalaşmaq üçün yaradılan yüksək şəraitə və göstərilən diqqətə görə minnətdaram. MİK rəhbərliyinin və məşqçilərin dəstəyi qələbəmdə mühüm amil oldu. Belə nüfuzlu bir turnirdə qızıl medal qazanmağı bacardığım üçün xoşbəxtəm".
Sərxan Əliyev: "Turnirə çox yaxşı hazırlaşırdıq. Lakin inanmazdım ki, qalib olum. Deməli öz üzərində çalışsan, zəhmət çəksən əlçatmaz məqsəd yoxdur. Məşqçilərimizin və komandamızın dəstəyini xüsusi vurğulamaq istəyirəm. Kollektivimiz arasında olan birlik və mehribanlıq hər birimizin uğuruna təsir edir. Çətin turnir idi. Sevinirik ki, həm fərdi, həm də komanda şəklində uğur qazana bildik. Zəhmətimizin bəhrəsini gördük. Bu qələbələrimiz növbəti turnirlər üçün də stimul oldu".
Tayfur Əliyev: "Sərxanın da dediyi kimi, qələbələrimiz bütün komanda işinin nəticəsidir. Rinqdə olan abu-hava başqadı. Zalın dəstəyi, rəqibin enerjisi və mübarizənin heyrətamiz intensivliyi. Bu hiss etdiklərin inanılmazdır və bunların əhatəsində diqqətini tam olaraq rəqibinə cəmləmək səni qələbəyə aparır. Atdığın hər zərbə sənə həm xal qazandıra bilər, həm də rəqibin əks-zərbə vurması üçün boşluq yarada bilər. Ona görə də əsas olan diqqətdir. Güclü zərbələrin kimi, baxışların da iti olmalıdır. Qalib olduğum üçün mən də sevincliyəm. Komandamızın hər bir üzvünü uğurlu çıxışına görə təbrik edirəm. Bizi dəstəkləyən, yanımızda olan hər kəsə minnətdarıq".
Əsgər Ruslan Qədirov: "Belə çətin və gərgin idman mübarizəsində keçən çempionatın finalına yüksəldiyim üçün çox qürurlanmışdım. Bu uğurda təcrübəli məşqçilərimizin rolu danılmazdır. Bizim qədər onlar da əziyyət çəkirlər. Ölkəmizin ən nüfuzlu idman klublarından olan MİK üzvü olmaqdan fərəhlənirik. Durmadan öz üzərimizdə çalışırıq ki, klubumuza yeni kubok və medallar qazandıraq".
Novruzəli Quliyev: "Üçüncü oldum, lakin heyfslənmirəm. Öz üzərimdə daha çox çalışıb növbəti turnirlərdə qalib olacağıma inanıram.
Bu uğurum gələcək yarışlar üçün dəyərli təcrübə və motivasiya oldu. Məğlub olduğum döyüşlərdə zəif tərəflərimi, nöqsanlarımı öyrənirəm və növbəti turnirlərə daha güclü hazırlaşıram. Ona görə də məğlubiyyətin özü də növbəti qələbəyə stimuldur".
Boksçularımızın sözləri onların yenilməz iradələrinin, qətiyyətlərinin, mübariz ruhlarının göstəricisidir. Müdafiə Nazirliyi rəhbərliyinin Mərkəzi İdman Klubuna göstərdiyi diqqət və qayğı, burada yaradılan ürəkaçan şərait, məşqçi heyətinin peşəkarlığı idmançılarımızın uğurlarının davamlı olacağının xəbərçisidir.

Elvin VƏTƏNDUST, foto Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"