Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktdır ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
"Qarabağ Azərbaycandır!" reallığı 44 gündə mümkünsüzü mümkün etdi
Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail olduq. Bu zəfəri 44 gün ərzində yazan Azərbaycan Ordusu, bütün dünya azərbaycanlıları, bir yumruq kimi birləşərək təkcə Ermənistanı yox, onun havadarlarını da məğlub etdi. 44 gündə Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan amili ilə qazanmaq olar. Şuşanın azad edilməsi əməliyyatı bu amilin əsas nümunəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir".
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, şanlı ordumuzun tətbiq etdiyi döyüş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəziyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı ki, ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq" qaldırıb, hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq" qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarixi gün
Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər Günüdür! Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə son qoyduğu gündür.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu bəyanat mahiyyəti etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.
44 gün ərzində xalqımız daim cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Ölkəmizin Lideri daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır" deyirdi. O, Ulu Öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu və ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində bəzi dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da, Böyük Qələbəyə gedən yolda maneə ola bilmədilər.
“Şuşasız Qarabağ, Qarabağsız
Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusu reallaşdı
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıya böyük sevinc və qürur yaşatdı. Bu böyük qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir", - deyən Prezidentimizə olan inamı, sevgini birə-beş artırdı. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi oluruq.
Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Bir sözlə, "Qarabağ Azərbaycandır və nida işarəsi" - söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Ədliyyə polkovnik-leytenantı Tahir QULİYEV
Azərbaycan Respublikası Hərbi Prokurorluğu