"N" hərbi hissəsi yarandığı gündən Vətən torpaqlarının müdafiəsində qətiyyətlə mübarizə aparıb, dövlətçiliyin, müstəqilliyin qorunmasında yaxından iştirak edibdir. Hərbi hissədə xidmət etmiş zabitlər Məzahir Rüstəmova və İsgəndər Aznaurova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Onların keçdikləri həyat və döyüş yolları həmişə Vətən müdafiəçilərinə nümunə, örnək göstərilir.
Hərbi hissənin yaradılmasının 30-cu ildönümünə həsr olunmuş mərasim böyük coşquyla keçirildi. Tədbirdə Vətən müdafiəçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Öncə Azərbaycan Ordusunun yaradıcısı, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edildi. Müstəqilliyin, dövlətçiliyin rəmzi olan Dövlət Himni səsləndirildi.
Polkovnik-leytenant Mirəhməd Seyidov şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik etdi. Sonra zabitlər Eldəniz Nəsirov və Mustafa Əsgərli çıxış edərək bildirdilər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və inkişaf etdirilən quruculuq strategiyası ölkəmizdə bütün sahələri əhatə etmişdir. Xalqımızın gələcəyini həmişə düşünən tarixi şəxsiyyət, müdrik dövlət xadimi, dövlətçiliyin qarantı olan ordu quruculuğuna həmişə yüksək diqqət yetirmişdir. 1993-cü ilin noyabr ayının 2-də Ulu Öndərin xalqa müraciətindən sonra minlərlə gənc ordu sıralarına gələrək Vətən tortpaqlarının azadlığı uğrunda döyüşlərə qatıldılar və qısa müddət ərzində cəbhədə düşmənə qarşı uğurlu əməliyyat keçirildi. Füzuli bölgəsində kənd və qəsəbələrimiz azad edildi. Bununla da ölkəmizin həyatında yeni dövr başlandı.
Çox keçmədi ki, Ümummilli Liderin həyata keçirdiyi islahatlar iqtisadi, siyasi, hərbi sahədə bəhrəsini verdi. Azərbaycanın dünya dövlətləri ilə əlaqələri quruldu, bir çox nüfuzlu beynəlxalq təşkilatlara ölkəmiz üzv qəbul edildi. Ermənistanı dünya dövlətləri işğalçı ölkə kimi tanıdı. Ölkəmiz regionun ən qüdrətli dövlətinə çevrildi. Silahlı Qüvvələrimizin gücü, qüdrəti daha da artdı. Ulu Öndərin başladığı genişmiqyaslı böyük quruculuq işləri xalqın böyük dəstəyi ilə ölkə rəhbəri seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirilərək yeni mərhələyə daxil oldu. İlk günlərdən Vətən torpaqlarının azad edilməsi onun fəaliyyətinin əsas istiqaməti oldu. Ordu quruculuğuna yüksək diqqət yetirən Ali Baş Komandanın yorulmaz fəaliyyəti ilə Silahlı Qüvvələrimiz daha da modernləşdirildi və monolit qüvvəyə çevrildi. Dəfələrlə ölkəmizin ərazisində və sərhəd bölgələrində düşmən təxribatlarının qarşısı qətiyyətlə alındı. Ağır itkilərə məruz qalsalar da, düşmən qüvvələr məkirli niyyətlərindən əl çəkmədilər. Havadarlarından dəstək alaraq yenidən torpaqlarımızda faciələr törətdilər, ağır cinayətlərə, insanlığa sığmayan hərəkətlərə yol verdilər.
2020-ci ilin sentyabrın 27-də düşmənin törətdiyi genişmiqyaslı təxribatlara növbəti cavab olaraq Ali Baş Komandan əks-hücum əmri verdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu xalqımızın böyük dəstəyi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə düşməni darmadağın edərək ağır məğlubiyyətə uğratdı. Beləliklə də düşmən üçtərəfli müqaviləyə imza atdı. 8 noyabr - Zəfər Günü tariximizə qızıl hərflərlə yazıldı.
Tarixi qələbənin qazanılmasında şəxsi heyətimiz yaxından iştirak etmiş, əsgər və zabitlərimiz döyüşlərdə göstərdikləri şücaət və rəşadətə görə yüksək orden və medallara layiq görülüblər. Bu gün şəxsi heyətimiz Vətənin keşiyində sayıq dayanmaqla peşəkarlığını, qüdrətini daha da artırır, qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək səviyyədə həyata keçirirlər.
Polkovnik-leytenant Mirəhməd Seyidov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı general-leytenant Ənvər Əfəndiyevin şəxsi heyətə təbrikini oxudu.
Sonra döyüş hazırlığında fərqlənən hərbçilərə təşəkkür elan olundu, fəxri fərmanlar təqdim edildi.
Rəsmi hissədən sonra Gədəbəy rayonunun incəsənət xadimləri zəngin konsert proqramı ilə çıxış etdilər.
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"