Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2023 18:56

“Heydər Əliyev İli” münasibətilə hərbi hissədə tədbir keçirildi

"N" hərbi hissəsində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə hərbi hissənin şəxsi heyəti iştirak etdi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbir iştirakçılarına dahi şəxsiyyətin şərəfli ömür yoluna həsr olunan videoçarx nümayiş etdirildi.
Çıxış edən baş leytenant Volodya Məmmədov bildirdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyəti ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə dahilərdəndir. Ulu Öndər müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, uzaqgörən lider və müdrik dövlət xadimi kimi düşmüşdür. Öz həyatını doğma xalqına həsr etmiş, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edərək, cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Ulu Öndər bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
- Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan dahi şəxsiyyətin  təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan  dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi olacaq bu fikri nə qədər dərin və mənalıdır: "Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq".
Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: "Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır".
Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün Ulu Öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi. Məsələn, Azərbaycan xalqının Ümummilli Lideri bildirirdi: "Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir". Başqa bir çıxışında Ulu Öndər "Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır", - deyirdi. Onun belə bir fikri də vardır: "Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır".
Əsgər Mülayim Nağıyev dedi ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzünü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyət qayıdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmişdir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edilir.
Digər çıxış edənlər də dahi şəxsiyyət, Əbədiyaşar Komandan Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışdılar. Dedilər ki, dövrün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Orxan HÜSEYNLİ, foto Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"