Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2023 18:55

Cənab Ali Baş Komandan, Azərbaycan əsgəri hər bir əmrinizə hazırdır!!!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev:

...Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik...

Cənab Ali Baş Komandan,  Azərbaycan əsgəri hər bir əmrinizə hazırdır!!!

Azərbaycan ötən əsrin sonlarında çətinliklə müstəqilliyini bərpa etdikdən sonra, ölkədə xaosun hökm sürdüyü bir vaxtda, dövlət rəhbərliyinin səriştəsizliyi nəticəsində tarixi torpaqlarını itirdi və minlərlə soydaşımızın öz doğma yurdundan didərgin salınmasına məruz qaldı. Mənfur düşmənin heç bir insanlığa sığmayan əməlləri nəticəsində minlərlə övladımız amansızlıqla qətlə yetirildi, körpələrimiz şəhid oldular. Bir sözlə, müstəqilliyə qovuşmağımıza sevinə bilmədən keşməkeşli, ağrılı-acılı günlərdən keçdik. Həmin dövrdə Azərbaycan xalqının ən böyük arzusu həqiqi lider, əsl sərkərdə və uzaqgörən keyfiyyətlərə malik rəhbərin dövlət başçısı postuna gətirilməsi idi. Belə zamanda bu cür ağır məsuliyyəti ancaq Vətəninə, millətinə canı-könüldən bağlı olan bir şəxs üzərinə götürə bilərdi ki, ömrünün mühüm hissəsini Azərbaycan xalqının rifahına, firavanlığına, tərəqqi və inkişafına həsr edən tarixi şəxsiyyət Heydər Əliyevə xalq öz sonsuz ehtiramını və inamını yekdilliklə göstərmiş oldu.
Hakimiyyətdə olduğu illər tariximizin ən çətin dövrünə təsadüf edən Ulu Öndər Heydər Əliyevin qarşısında ağır və məsuliyyətli vəzifələr dururdu. Ölkəni böyük uçurumdan, parçalanmaq və dağılmaq təhlükəsindən qorumalı, əhalinin firavanlığını təmin etmək üçün təxirəsalınmaz işlər görülməli idi. Bu yolda xalqın dəstəyindən güc alan Böyük Xilaskar Heydər Əliyev nəinki təhlükənin qarşısını aldı, qısa vaxt ərzində ölkəmizin inkişaf mərhələsinin də təməlini qoymağı bacardı. Bu mərhələnin təməlinin qoyulması, perspektivdə ölkəmizin mühüm sahələrində tərəqqi və dirçəlişin əldə olunmasına mühüm təkan verdi. Məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər sahədə olduğu kimi, ölkəmizin hərbi qüdrətinin möhkəmlənməsi üçün ordunun güclənməsi məsələsinə də hər zaman xüsusi diqqət yetirib. Belə ki, hələ sovet dönəmində Azərbaycanda yerli və peşəkar zabit kadrlarının hazırlanmasında, ordunun maddi-texniki bazasının gücləndirilməsində müstəsna rol oynamış Ulu Öndərimiz dövlət başçısı olduğu müddətdə ordumuzun qüdrətlənməsində mühüm pay sahibi, əvəzsiz təşəbbüskar olmuşdur. Onun hakimiyyəti dövründə ölkəmizin özünümüdafiə və döyüşaparma qabiliyyətinin yüksəldilməsi üçün təxirəsalınmaz işlər görüldü. Bu işlərin tərkib hissəsi kimi, dünyanın aparıcı ordularına malik dövlətlər, o cümlədən təşkilatlarla qurulan əməkdaşlıqları da xüsusi qeyd etmək yerinə düşərdi. Beləliklə, ordu quruculuğu ilə bağlı qarşıya qoyulan hədəflərin mühüm hissəsinə nail olundu, qısa vaxt ərzində böyük uğurlar əldə edildi. Bir sözlə, Ulu Öndər Heydər Əliyev siyasi, iqtisadi və hərbi sahənin vəhdəti ilə ölkəmizin qüdrətini və dayanıqlılığını daha da artırdı. Çevik siyasəti, böyük idarəçilik təcrübəsi və siyasi peşəkarlığı ilə xalqının xatirində daim yaşayacaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük inamla başlatdığı siyasi, iqtisadi və hərbi sahədəki inkişaf strategiyasını layiqincə davam etdirən məhz həmin uğurlu yolun davamçısı Prezident İlham Əliyev oldu.
Məlumdur ki, ordu quruculuğumuzun banisi Əbədiyaşar Komandan Heydər Əliyev olsa da, müasir dövrdə hərb sahəsində qazanılan uğurlar məhz ata yolunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, düşünülmüş və konkret hədəflərə istiqamətlənmiş siyasət yürüdən dahi rəhbər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Birinci Qarabağ müharibəsi zamanı ilk zəfərimizi əldə etdik. Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Əbədiyaşar Komandan Heydər Əliyevin rəhbərliyi ilə baş tutan uğurlu Horadiz əməliyyatı gələcəkdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2016-cı il Aprel döyüşləri, 2018-ci il Günnüt zəfəri, 2020-ci il 44 günlük Vətən müharibəsi və müharibə sonrakı əməliyyatlarda 2023-cü ildə antiterror tədbirlərində qazanılan qələbələrin carçısı oldu. Son tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun şəxsi heyətinin qısa vaxt ərzində tarixə yazdığı silinməz zəfər ilə, 30 ilə yaxın müddətdə davam edən separatizmə və tarixi torpaqlarımızın işğalına son qoyuldu ki, bununla da ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Birinci Qarabağ müharibəsində qazandığımız Horadiz əməliyyatı, 2023-cü ildə Xankəndidə keçirilən Zəfərin üçüncü ildönümünə həsr olunan Hərbi Parad ilə taclandı.
Bədnam qonşu Ermənistan əsassız ərazi iddiaları ilə başlamış münaqişə zamanı dünyanın bizlərə qarşı ədalətsiz mövqe sərgiləməsi, aparıcı beynəlxalq qurumların qəbul etdiyi qətnamələrin icrasız qalması, ikili standartların yürüdülməsi fonunda həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlər və mötəbər görüşlərdə, habelə müxtəlif tribuna və kürsülərdə çıxışları zamanı sərgilədiyi ədalətli və prinsipial mövqe sayəsində dünya ictimaiyyətinin diqqətinə adıçəkilən münaqişə ilə bağlı əsl həqiqətlər çatdırıldı. Bu həqiqətlər 50 milyondan çox azərbaycanlının və ələlxüsus yurdundan didərgin düşmüş soydaşlarımızın dilindən dünyaya verilən mesajlar idi. Həm Ulu Öndər Heydər Əliyev, həm də hazırkı dövlət başçımız İlham Əliyev çıxışlarında bu münaqişənin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə vurğulayaraq, humanizm dəyərlərinə öz ehtiramını nümayiş etdirdi. Lakin düşmən bilməli idi ki, Azərbaycan xalqı tarixi yurd yerlərinin işğalı ilə barışmayacaq və bu həssas mövzuya çox səbr göstərilməyəcək -  Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad etməli, Azərbaycan əsgəri tarixi ərazilərimizdə qanunsuz məskunlaşan silahlı dəstələri, separatçı qüvvələri yerli-dibli məhv etməyə hər an hazır olmalı idi. Bir sözlə, doğma Vətən torpaqlarının işğaldan azad olunması mütləq şərt idi. Və hər bir azərbaycanlı dövlət başçısı İlham Əliyevə inanırdı, inanırdı ki, torpaqlarımız mütləq azad olunacaq. İqtisadi tərəqqi, uğurlu xarici və daxili siyasət sayəsində torpaqlarımızın işğaldan azad olunacağı təqvimə gündən-günə yaxınlaşırdıq. Hər ötən gün müharibəni daha da labüdləşdirirdi. Gün keçdikcə düşmənin artan təxribatlarının qarşısının birdəfəlik alınması vaxtı yetişirdi.
2020-ci il sentyabrın 27-də hər günü qürur tariximiz olan 44 günlük Vətən müharibəsinə başladıq. Böyük Qələbəyə gedən yolda Ali Baş Komandan-Ordu-Xalq birliyinin vəhdətindən yaranan “Dəmir yumruq” düşmənin başını əzdi. 30 ilə yaxın işğalda olan torpaqlarımızı qəhrəman oğullarımız 44 günə azad etdi. Həmin il dekabrın 10-da Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin nitqi hər bir azərbaycanlının qürurunu artırdı, sabaha inamını möhkəmləndirdi. "Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi... ...Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik... Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".
Azərbaycan bu gün tarixinin ən şanlı və qürurlu təqvim günlərini yaşayır. Son illərdə rəşadətli ordumuzun qəhrəman oğulları sayəsində qazanılan möhtəşəm qələbələr dosta qürur, düşmənə göz dağı verir. O qələbə ki, xalqın inamı, ordunun gücü və Ali Baş Komandanın qətiyyəti və sərkərdəliyi ilə qazanılıb. Bu gün şəhid analarımızın başıuca, hər bir azərbaycanlının qəddi dik, alnıaçıqdır. Çünki şəhidlərin qisası alınıb və torpaqlarımız işğaldan azad olunub. Bu tarixi anları bizlərə canları və qanlarını qurban verərək yaşadan qəhrəman oğullarımıza bir ömür borcluyuq. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycan əsgərinin qələbə əzmi, döyüş ruhu sayəsində iki əsri əhatə edən ədalətsizliyə son qoyulub. Xeyirin şər üzərində qələbəsi tam təmin olunub.
Müzəffər Ali Baş Komandan tarixi ədaləti bərpa edərək çoxəsrlik Azərbaycan tarixinin 21-ci əsrdə yazılmış şanlı səhifələrinin müəllifi olaraq müasir dünyada əsl lider və müzəffər sərkərdə portreti oldu. Təhsil aldığı ali təhsil müəssisəsində qazandığı diplomatiya bilik və bacarıqlarını uzaqgörən siyasətçi Heydər Əliyev fenomeni sayəsində daha da təkmilləşdirərək əsl liderlik keyfiyyətlərini özündə cəmləyən dövlət başçımız qısa vaxt ərzində bütün dünyada öz yüksək intellekti, hərbi idarəetmə bacarığı və dövlətçilik təfəkkürü ilə sayılıb seçilən şəxsiyyət oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əsl lider, diplomatik fenomen və görkəmli natiq portreti haqqında danışmağa sözlər belə kifayət etmir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət başçısı olduğu müddətdə dövlətin, xalqın maraqlarını ən ümdə məqsəd bilərək, bu amala yönəlmiş bütün güc və imkanlarını səfərbər etdi. Bunun üçün də dövlət başçısı tərəfindən hər sahədə inkişafı, xalqın firavan həyatını və ən əsası 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünü təmin etmək məqsədilə təxirəsalınmaz işlər görüldü. Hər zaman milli-mənəvi dəyərlərimizi uca tutan, xalqın maraqlarından çıxış edən dövlət başçımızın əsl analitik keyfiyyətlərini, sarsılmaz siyasi əzmini, natiqlik bacarığının şahidi olmaq üçün 44 günlük Vətən müharibəsinin tarixi xronologiyasına nəzər salmaq kifayətdir. Dünyanın müxtəlif ölkələrindən olan xarici KİV-lərə verilən müsahibələr zamanı, Prezident İlham Əliyevin qarşıya qoyduğu təkzibolunmaz həqiqətlər, mübahisəsiz arqumentlər onun əsl liderlik keyfiyyətlərinin mühüm təcəssümlərindəndir.
2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonrakı uğurlu əməliyyatlar və 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərində qazanılan misilsiz qələbələrlə 30 illik işğala son qoyuldu, separatçı qüvvələrin başı əzildi, qaniçən erməni cəlladlarının yuvaları darmadağın olundu və Ermənistan silahlı qüvvələri məğlub edildi. Bu zəfər tarixdə misli görülməmiş zəfərlərdəndir. Və bu zəfər təkcə ölkəmiz üçün deyil, region üçün də yeni mərhələnin başlanğıcı deməkdir. Yeni mərhələ özündə sülhü, sabitliyi, firavanlığı ehtiva edir. Baxmayaraq ki, bir zamanlar bizlərə qarşı qərəzli və ədalətsiz mövqe sərgiləyən ölkələr, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun yazdığı zəfər salnaməsini bu gün dərindən öyrənir, analiz edirlər - dostlarımız bu tariximizlə qürur duyur, bizi istəməyən qüvvələr isə bir ömür məyus olmağa məhkumdurlar. Ali Baş Komandanımızın da söylədiyi kimi, "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir". Qürur duyulası haldır ki, indi bütün dünya “Qarabağ Azərbaycandır!” sözünün mahiyyətini dərindən anlayır və bu tarixi reallığı qəbul etməkdən başqa yolu qalmır. 2020-ci ildə qazanılan Böyük Qələbə dünya tarixində misli görülməmiş qələbələrdəndir. Kökü əsrlər əvvələ dayanan separatizm meyllərinin darmadağın olunduğu, xeyrin şər üzərində qazandığı qələbədir. Bu haqq mübarizəmizdə Prezident İlham Əliyev Ali Baş Komandan sözünün anlamını bir daha təsdiq etdi və dediyi sözləri öz əməli ilə bir daha təsdiqləmiş oldu. Şükürlər olsun ki, qisas qiyamətə qalmadı. Bu tarixi anların şahidi və iştirakçısı olduğumuz üçün hər birimiz şanslıyıq. Çünki qazanılan qələbə ilə, şəhidlərimizin qisasları alındı, Azərbaycan qalib dövlət, xalqımız qalib xalq, dövlət başçımız Müzəffər Ali Baş Komandan olaraq, tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"