Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2023 12:49

Fələyin yazdığını poza bilsəydim əgər...

Salam, şəhid anası, anam, anamız. Məni də özünə övlad bil. Sənə baş çəkməyə gəlmişəm. Getməzdən əvvəl  oğlun "anama  göz-qulaq olun", - demişdi...  
Axan göz yaşını da görən olmayıb - göz yaşların ürəyinə axıb o getdiyi gündən. Əminsən. Qəhrəman böyütmüşdün, onun qayğısına qala-qala ocağın istisi əllərini yandırıb, qışın şaxtası - üşüdüb. Quzeyin soyuq küləyini ciyərlərinə  çəkmisən. Öyüd-nəsihət  verəndə, "Əsl sevgin Vətən olsun, xalq olsun!", -  demisən.
Əllərindən öpürəm,  əziz anamız. Xalqını zəfərə oğullar yetirdi - sizin öyüdləriniz yetirdi, siz yetirdiniz. Düşmənə meydan oxuyan, torpağı yağıdan təmizləyənlərin sırasında sənin oğlun da olub. Oğlun elə bir  zirvədədir ki, o  yüksəklik, o zirvə  müqəddəslikdir.
Həyatın dəyərini bilən, onu qiymətləndirməyi bacaran insanlar ölümü də dəyərləndirməyi bacarırlar.  Peyğəmbərimiz Məhəmməd Mustafa (s.v.) buyurub: "Hər canlı bir gün ölümü dadacaqdır. Lakin  torpaq, Vətən, haqq uğrunda  canlarından  keçib   bir qarış torpaq belə düşmənə verməyənlər,  haqq uğrunda bədənlərini kor mərmiyə sipər edənlər "ölmür", onlara "ölü" demirik. Onlar şəhiddirlər. Allah qatında şəhidlər cənnətlə mükafatlandırılıb".
Sən başını dik tut, şəhid anası. Necə ki, bacarırsan uca olmağı, ülvi olmağı bacaran ana. Sən Azərbaycan qadınısan!
Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında dediyi fikirləri heç kim unutmur:  "Dünyanın yarıdan çoxunu gəzdim. Çox insan tanıdım. Çox qadın gördüm. Lakin Azərbaycan qadını qədər  gözəl,  ağıllı,  mərd,  cəsur qadın  görmədim".
Dahi rəhbərin kəlamının təcəssümünü səndə görürəm. Səndə görürəm Azərbaycan qadınının mərdliyini, qürurunu, cəsarətini.
Sən oğluna öyrətdin övlad sevməyi, ana sevməyi, Vətən sevməyi. Buna görə sevdiklərindən də üstün tutdu torpaq, Vətən sevgisini.
Vaxtsız ağaran saçlarının haqqını halal et bizə. Təravətli üzünə erkən düşmüş qırışın haqqını halal et bizə. Tez-tez gözünü  naməlumluğa dikəndə, çəkdiyin ahın haqqını halal et bizə. Əynindən çıxarmadığın qara libasın sıxıntısını halal et bizə.  
Fələyin yazdığını poza bilsəydim əgər, başındakı qara örpəyi,  qırmızı örpəklə əvəzləyərdim.
Fələyin yazdığını poza bilsəydim əgər, saçlarındakı bəyazların rəngini dəyişərdim, oğulunu oxşayıb-əzizlədiyin vaxtların rənginə qaytarardım.
Şəhid anası dərdini içində çəkər. Fələyin yazdığını poza bilsəydim əgər, dərdini səndən alar, ahını dağlara-daşlara səpələyərdim.
Fələyin yazdığını poza bilsəydim əgər, Günəşini sənə qaytarardım. Sənin Günəşin oğlundu...
Sizin böyütdüyünüz oğullar on milyonluq xalqın taleyində qəhrəmanlıq obrazına çevrildilər, siz - qürur və ucalıq rəmzinə.
Xatırlayırsanmı, ana, ona tarix dərsini necə sevgilərlə öyrədirdin. Bilmirdin o zaman tarixi dərsliklərdən oxuyan oğulun, bir gün xalqın şanlı tarixini  özü yazacaq.
Şuşa kimi alınmaz qalanı düşmən tankla, texnikayla ələ keçirmişdi. Sənin oğlun Şuşasını qeyrət silahıyla, şücaət silahıyla, azərbaycançılığıyla azad elədi. Ona igidliyin, qorxmazlığın silahda, sursatda deyil,  ürəkdə,  biləkdə  olduğunu sən aşılamışdın...
Əllərindən öpürəm, şəhid anası, anamız. Baş əyirəm qarşında. Yanındayam. Ələmini-kədərini  qoy çiyinlərimə, qəhərin mənim qəhərimdi. Təbəssümünü,  baharını gətir 30 illik həsrət çəkən torpaqlara. 30 illik çiləyə, 30 illik səbrə son qoyuldu.

Nuray NƏZƏROVA Bakı şəhəri