Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2023 12:49

Şəhidlərə ehtiram dövlətçiliyə ehtiramdır

Lerik rayonunun Cəngəmiran kəndində bu ilin sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan Savalan İsfəndiyar oğlu Qafarovun anadan olmasının 20 illiyinə həsr olunmuş tədbir keçirildi. Kəndin şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər xiyabanının ziyarəti ilə başlanan tədbirdə Qarabağ şəhidlərinin valideynləri, yaxınları, Lerik rayonu İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyəti iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət Himnimiz səsləndirildi. Şəhidin döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Lerik rayonu Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov şəhidimizin qısa, ancaq şərəfli və mənalı ömür yolu haqqında tədbir iştirakçılarına məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Qafarov Savalan İsfəndiyar oğlunun ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunduğunu da qeyd etdi.
Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov İkinci Qarabağ müharibəsinin və əməliyyat tədbirlərinin döyüşlərindən, ordumuzun gücündən, Ali Baş Komandanın sərkərdəlik məharətindən, xalqla ordunun birliyindən danışdı. Ərazi bütövlüyümüzün tam bərpa olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara öz ehtiramını ifadə etdi, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu bildirdi.   
Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Heydərovun atası R.Heydərov, Birinci Qarabağ müharibəsi veteranı M.Məmmədov, Cəngəmiran ərazi icra nümayəndəsi Ə.Həsrətov, şəhid atası M.Yaqublu, şəhid qardaşı M.Feyruzov çıxış edərək bildirdilər ki, şəhidlərimizin xatirəsi xalqımız üçün hər zaman əzizdir, onların keçdiyi yol gənc nəslə örnəkdir.    
Şəhidin atası İsfəndiyar Qafarov çıxışında tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını və şəhidlərimizə bu ehtiramlı münasibətin böyük təsəlli olduğunu bildirdi.
Şəhid Savalan Qafarovun doğum günü ilə bağlı Cəngəmiran məktəbində "Şəhidlər unudulmur" mövzusunda keçirilən inşa müsabiqəsində və stolüstü oyunlar üzrə yarışların qaliblərinə qiymətli hədiyyələr, diplomlar təqdim olundu.
Məktəblilərin təqdimatında hazırlanmış ədəbi-bədii kompozisiya və şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi.

Müşfiq MƏMMƏDOV Birinci Qarabağ müharibəsi veteranı