Vətən uğrunda can verən oğullar heç zaman unudulmurlar. Bu oğullardan biri də Birinci Qarabağ müharibəsi şəhidi, kapitan Teymur İbrahimovdur. Onun ailə üzvləri, yaxınları, döyüş yoldaşları, keçmiş komandirləri və kursantlar şəhidin xatirəsini yad etmək məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə toplandılar.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
"Vətən uğruna köz olan ömür!" adlı mərasimdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, istefada olan polkovnik Əzizağa Qənizadə çıxış edərək onun ömür və döyüş yolu haqqında daha ətraflı danışmağa başladı. "Qarabağda hərbi əməliyyatlar zamanı neçə-neçə igid oğul canlarından keçərək şəhidlik zirvəsinə yüksəldi. Belə Vətən övladlarından biri də kapitan Teymur İbrahimovdur. O, 1974-cü il yanvarın 2-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Azərbaycanın ağır günlərində müxtəlif bölgələrdə toplanışlar keçirilərək kompleksləşdirilmiş əsgəri bölmələr cəbhəyə göndərilirdi. 18 yaşlı Teymur İbrahimov da çağırışla şəxsi heyətin sırasına daxil edilmişdi. Tabor hazırlıq keçdikdən sonra ağır döyüşlərin getdiyi Qubadlı-Laçın bölgəsinə göndərilir. Onlar xeyli itki versələr də, bu, Teymuru qətiyyən qorxutmur, əksinə, daha da mətinləşdirir. Fədakarlığı və bacarığı nəzərə alınaraq döyüş bölgəsində taqım komandiri vəzifəsi ona tapşırılır. O, zabitlik kursunu da müvəffəqiyyətlə bitirir. Atəşkəsdən sonra kəşfiyyata marağı olan və bacarıqlı zabit kimi hörmət qazanan Teymur İbrahimov kəşfiyyatçıların bölük komandiri vəzifəsinə təyin olunur. Neçə illər ərzində hər bir vəzifənin öhdəsindən layiqincə gələn kapitan sonuncu tapşırığı yerinə yetirərkən 1998-ci il avqustun 26-da qəhrəmancasına şəhid olur", - deyərək çıxışını sonlandırdı.
Daha sonra Azərbaycan Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, 1-ci dərəcəli kapitan Nurulla Əliyevin müəllifi olduğu "44 günlük Vətən müharibəsi" adlı kitab muzey rəisinə təqdim olundu.
Ehtiyatda olan zabitlər Zeydulla Zeydullayev, Dağbəyi Məhyəddinov, general-leytenant Yaşar Aydəmirov şəhidlə bağlı xatirələrindən danışdılar. Söhbət zamanı onun Vətən sevgisi yüksək qiymətləndirildi.
Şəhidin adını daşıyan qardaşı oğlu Teymur İbrahimov ailəsindən eşitdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşdü.
Sonda şəhidə həsr olunmuş sənədli film nümayiş etdirildi.
Hüsniyyə NƏSİROVA "Azərbaycan Ordusu"