İkinci Qarabağ müharibəsi müqəddəs amal uğrunda gedən müharibə idi. On illərlə davam edən işğaldan qurtuluş döyüşləri olduğuna görə, xalqın müharibəsi olduğuna görə. Bu müharibə azərbaycançılığın erməniliklə müharibəsi idi, vətənsevərliyin işğalçılıqla müharibəsi idi...
Nicat Məhərrəmov Qubanın Güləzi kəndində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitutu) bitirib.
Orta məktəbdə oxuyanda ermənilərin törətdiyi vəhşilikləri, qırğınları o da eşidirdi, televiziyadan o da izləyirdi. Düşüncələrində heysiyyətli bir sual vurnuxurdu - Niyə? Özünün özünə verdiyi sual illərlə cavabsız qaldı. Sonuncu sinifdə oxuyanda düşündü ki, belə sualların cavabı Ali Baş Komandanın döyüş əmri olacaq, o əmri hərbçilər yerinə yetirəcək. Bu qənaət onun peşə seçimini müəyyənləşdirdi: Hərbçi olmaq!
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) kursantı Nicat Məhərrəmov oxudu, çöl təlimləri ilə möhkəmləndi, oxuya-oxuya, öyrənə-öyrənə peşəkarlaşdı. Zabit kimi Hərbi Andı içəndən sonra kursant yoldaşlarına - gənc leytenantlara demişdi ki, kaş qoşunlarda xidmətə başlayan kimi Ali Baş Komandan döyüş əmri verəydi. "Bu niyyət üçün təhsil almışıq, torpaqlarımızın işğaldan azad edilməsinin iştirakçısı olmaq hamımızın arzusudu...", - demişdi.
...2020-ci il sentyabrın son günləri idi. Xidmət etdiyi hərbi birləşmənin müdafiə zolağındaydı, komandirin göstərişlərinin yerinə yetirilməsinə nəzarət edirdi. "Güclü müdafiə mahiyyəti etibarilə hücuma hazırlıqdı" kimi gözəl bir kəlam onun da düşüncələrinin işığına dönmüşdü, səngərlərdən döyüşə qoşulacaqları anı illərlə gözləyənlərin sırasında o da vardı...
İkinci Qarabağ müharibəsi başladı. Hərbi hissə Füzuli istiqamətində döyüşə cəlb olundu. Düşmənin sədlərini, komanda məntəqələrini, mövqelərini artilleriya mərmiləri ilə vurmaq əmri verilmişdi. İlk mərmisi atıldıqdan sonra komanda məntəqəsində atışın dəqiq olduğunu bildirdilər. Divizionun şəxsi heyəti polkovnik-leytenant Nicat Məhərrəmovun baxışlarındakı təşəkkürü sezə bildi, növbəti atışlar da dəqiq oldu. Həmin döyüşdə düşmənin neçə döyüş texnikasının, canlı qüvvəsinin məhv edildiyini bilməsələr də, sonrakı əmrləri də məsuliyyətlə, dəqiqliklə yerinə yetirdilər.
Hərbi hissə döyüş yolunu Cəbrayıl istiqamətində davam etdirdi. Neçə dəfə döyüş əmrini verəndə xəyalən Xudafərini xatırlayıb. Atacaqları mərminin bu tarixi tikiliyə, yüz illərin nişanəsinə qəlpələr dəyib-dəyməyəcəyinin narahatlığını yaşayıb.
Ordu hissələrimiz Cəbrayılın bir hissəsini düşməndən azad etmişdi. Döyüşlər davam edirdi. Qəflətən düşmən əks-hücuma keçdi. Döyüşçülərimiz əks-hücumun qarşısını mərdliklə almışdı. Düşmənin geri çəkilməsi, döyüşçülərimizin hücumu davam etdirməsi üçün artilleriya dəstəyi lazım idi - komandanlıq belə qərar qəbul etmişdi. Əmrin icrası bu hərbi hissəyə, nəzarəti polkovnik-leytenant Nicat Məhərrəmova tapşırılmışdı. Düşmən cinahlardan irəliləməyə, döyüşçülərimizin müdafiə xəttini iki tərəfdən yarmağa cəhd göstərirdi. Onda artilleriyaçılarımız düşmənin hücumda olan qüvvələrini iki istiqamətdən - cinahlardan vurmağa başladı. Düşmən xeyli itki versə də, geri çəkilmirdi. Axşama qədər çəkən döyüşdə artilleriyaçılarımızın atdığı mərmilər düşmənin inadını darmadağın etdi - onların döyüşü davam etdirməyə heyi qalmadı...
Artilleriyaçılar hər atışın Azərbaycan Ordusunu qələbəyə, düşməni məğlubiyyətə apardığının qürurunu yaşaya-yaşaya döyüşürdülər...
"Düşmənin əsas artilleriya batareyasını məhv edən artilleriya batareyamızın sevincini Xudafərin işğaldan azad ediləndə də yaşadıq. Bu Qələbəyə görə komandanlıq bizə də təşəkkür elan etmişdi. Xudafərinin işğaldan qurtuluşuna da sevinirdik, onun mərmi qəlpələri ilə “yaralanmamasına” da. Yüz illərlə ruhumuzda yaşayan, ruhumuzla yaşadılan Xudafərinin üstündən daha qara yellər əsməyəcəyinə də sevinirdik...", - polkovnik-leytenant Nicat Məhərrəmov belə dedi. Bu kəlmələr də Vətənə sevgidi...
Hərbi hissə döyüşən ordu hissələrinə atəş dəstəyi verirdi, ilk günlərdə düşmənin müdafiə sədlərini dağıdırdı, sonra onun müdafiə mövqelərini, komanda və dayaq məntəqələrini, qruplaşmalarını, mövqelərə silah-sursat daşıyan maşın karvanlarını vururdu. "Döyüşçülərimiz Araza tərəf gələn beş-altı yük maşını müşahidə etmişdi. Bu haqda komandanlığa məlumat verməyə vaxt çatmayacaqdı - düşmənin dayaq məntəqəsinə getdiyini güman etdik və onları müşahidə zolağından uzaqlaşmamış vurmağı qərara aldıq. İlk atışlardan sonra maşınların hamısı alışdı...", - polkovnik-leytenant Nicat Məhərrəmov hərbi hissənin şəxsi heyətinin döyüşlərindən qürurla söz açdı. Bu qüruru təkcə bu hərbi hissəyə deyil, Azərbaycan Ordusuna ad olan qürur bildim...
"Müharibənin sonuncu mərmisini hara atdınız?", - soruşdum.
- Müharibədə döyüşçü atdığı ilk gülləni də, son gülləni də unutmur. Mərmi də güllə kimidi. Hərbi hissəmizin artilleriyaçıları son mərmini Xocavənd istiqamətində hücum edən piyadalarımıza dəstək kimi atmışdı. Dəstəyin böyük köməyi olmuşdu. Onsuz da pərakəndə müqavimət göstərən düşmən geri çəkilirdi. Az sonra hamımız Zəfərin sevincini yaşadıq...
Polkovnik-leytenant Nicat Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub...
İkinci Qarabağ müharibəsi zaman anlamında tarixləşib. Bu tarix kitablarda da yaşadılır, xatirələrdə də. Xatirələr də tarixləşir...
Vətən müharibəsində qazanılan tarixi Zəfərimizdən üç il keçir. Neçə illər də keçəcək, bu günün qüruru heç zaman unudulmayacaq...
Rəşid HÜSEYNOV, foto Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"