Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2023 12:49

Vətən torpağı hər bir azərbaycanlı üçün müqəddəsdir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik". Ulu Öndərin dediyi kimi, vətənpərvərlik sözü dərin anlama malik bir kəlmədir. Tariximizin səhifələrinə nəzər salsaq, görərik ki, vətənpərvərliyin dərin kökləri vardır. Hər bir insanın qiyməti onun Vətənə, dövlətə xidməti ilə, ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Babəklərimiz, Cavanşirlərimiz, Mübarizlərimiz, Poladlarımız... bunu əyani olaraq bütün dünyaya sübut etdilər. Vətənimizin cəsur oğulları eli, obası və xalqı üçün yaşayıb, gələcək nəsillər onların həyat və döyüş yollarını örnək bildilər. Onların şücaəti, igidliyi, vətənpərvərliyi və qorxmazlığı sayəsində bu gün torpaqlarımız düşmən əsarətindən azad edildi. Qəhrəman oğulların sayəsində şəhidlərimizin qanı yerdə qalmadı.
Belə vətənpərvər və cəsur oğullardan biri də polkovnik-leytenant Rəşad Nazim oğlu Atakişiyevdir. O, 1985-ci il iyulun 2-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarından hərbçi olmaq istəyib. 9-cu sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Kursant vaxtlarında peşəkar müəllimlər tərəfindən keçirilən dərslərdə fəal iştirak edib. Hərb peşəsinin sirlərinə dərindən yiyələnib və gələcəkdə  peşəkar zabit olmaq arzusunda olub. Təhsilini başa vurduqdan sonra "leytenant" rütbəsində "N" hərbi hissəsinə taqım komandiri təyin edilib. Xidmətə başladığı ilk gündən etibarən təcrübəli müəllimləri tərəfindən öyrəndiyi hərbi bilikləri tabeliyində xidmət edən şəxsi heyətə aşılayıb. Xidmətə yeni başladığı illərdə silahdaşları Kənan Məmmədov, Zahid Əliyev, Rafael Nəcəfov və digərləri ona lazım olan köməyi göstəriblər. Qısa müddət ərzində yuxarı komandanlığın rəğbətini qazanıb. Bacarıqlı zabit olduğu üçün yuxarı vəzifələrə təyin edilib.
Zabitlə söhbətimiz zamanı niyə məhz hərbçi peşəsini seçdiyini soruşduq. Bildirdi ki, biz Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayırdıq. Orada doğma elindən, obasından didərgin düşən soydaşlarımız da yaşayırdılar. Onlar söhbətimiz zamanı erməni əsgərlərinin qoca, qadın, uşaq demədən hər kəsi işgəncələrlə qətlə yetirdiklərini deyirdilər. Bunları dinlədikcə düşmənə qəzəb, nifrət və qisas hissim artırdı. Həmçinin dayılarımın hərbçi olmağı verəcəyim qərara təsir etdi. Beləliklə, dayım oğulları Buta Zamanov, Sənan Zamanov və mən hərbçi olmaqla düşməndən qisas alacağımızı qarşımıza məqsəd qoyduq. Şükürlər olsun ki, məqsədimizə nail olduq. Qeyd etmək istəyirəm ki, Sənan Zamanov Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və fədakarlıqla savaşaraq şəhidlik zirvəsinə yüksəlib.
Sonra zabit Tovuz döyüşlərindən söz açdı: "Artıq uzun müddət idi ki, "N" hərbi hissəsində xidmətimi davam etdirirdim. Bir müddət sonra hərbi hissə komandiri məni yanına çağırdı. Dedi ki, təcrübəli, vətənpərvər və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəldiyin üçün səni yüksək vəzifəyə təyin etmək istəyirik. Bir neçə ay keçdikdən sonra yuxarı vəzifəyə təyin olundum. İlk gündən etibarən bütün şəxsi heyəti gələcək döyüşlərə, mənfur düşməndən qisasımızı almağa ruhlandırırdım. Mütəmadi məşqlər edir, döyüş, atəş, fiziki və mənəvi-psixoloji hazırlıqlarımızı yüksəldirdik. Çünki döyüşlər başlayacağı zaman işğalçılara qalib gəlməli idik. Biz keçirilən dərs və məşğələlər sayəsində gücümüzə güc qatırdıq. Bir neçə ay keçdikdən sonra Ermənistan silahlı birləşmələri Tovuz rayonu istiqamətində növbəti təxribatlara əl atdılar. Həmin gün bizə müəyyən istiqamətdə mövqelənmək üzrə tapşırıq verildi. Verilən tapşırığı qısa zamanda uğurla icra etdik. Sonra general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və bir neçə məğrur oğullarımızın şəhid olduğu xəbərini aldıq. Lakin bir neçə gün keçdikdən sonra bizə dislokasiya məntəqəmizə geri qayıtmaq barədə tapşırıq gəldi.
Xüsusilə vurğulamaq istərdim ki, Tovuz döyüşləri hərb tariximizə zəfər döyüşü kimi daxil oldu. Bu döyüşlər Azərbaycan Ordusunun düşmənin həyata keçirəcəyi istənilən təxribatının qarşısını almağa qadir olduğunu göstərdi. Hərbi qulluqçularımız qəhrəmanlıq və şücaət nümayiş etdirərək, ermənilərin layiqli cavabı verdilər. Onların 100-dən çox canlı qüvvəsi, onlarla hərbi obyekti məhv edildi. Hətta ordumuzun qarşısında tab gətirə bilməyən işğalçılar səngərləri qoyub qaçmaq məcburiyyətində qaldılar. Biz general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər silahdaşlarımızın qisasını almışıq”.
Vətən torpağı hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki bu torpaqlar bizə əcdadlarımızın əmanətidir. Vətəni qorumaq hər birimizin həm vətəndaşlıq, həm də övladlıq borcudur. Hər bir azərbaycanlı Vətənini sevməli, onun suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa borcludur. Danılmaz faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Doğma diyarımız şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirib. Canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Cavanşirlərimizin, Babəklərimizin, Mübarizlərimizin, Raquflarımızın, Poladlarımızın və adını sadalamadığımız neçə-neçə igid və cəsur oğullarımızın şəxsi nümunəsi bizə deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Məhz onların qəhrəmanlığı, vətənpərvərliyi, şücaəti, qorxmazlığı sayəsində düşmən hücumlarının qarşısı mətinliklə alınıb. Tarix göstərir ki, bu xalq hər zaman öz Vətənini qorumağa hazır olan vətənpərvər oğullar yetişdirib. Onlar erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər ediblər. Doğma Qarabağımız gerçək sahibinə qovuşdu. Şəhidlərimizin qisası döyüş meydanında düşməndən alındı. Polkovnik-leytenant Rəşad Atakişiyev də belə qəhrəman Azərbaycan oğullarının sırasındadır. O da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində iştirak edərək, erməni vandallarından qisasımızı alanlardan oldu. Zabit 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bizimlə bölüşdü.
- 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri növbəti dəfə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv şəkildə atəşə tutdular. Cəbhə boyu mövqelərimizə hücum oldu, düşmən genişmiqyaslı təxribata əl atdı. Təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında şəhidlik zirvəsinə yüksələn və yaralananlar da oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Müzəffər Ali Baş Komandan ordumuza əks-hücum əməliyyatlarına başlamaq əmrini verdi. İlk gündən etibarən tabeliyimdə olan şəxsi heyətlə Tapqaraqoyunlu kəndi istiqamətində irəliləyib İncəçay dərəsində mövqe tutduq. Texnikaları burada cəmləşdirdikdən sonra hücum çıxış xəttinə doğru irəlilədik. Minalanmış sahəni keçib yol açan mühəndis texnikasının arxası ilə hərəkət edərək, düşmənin böyük dayaq məntəqəsinə doğru hərəkətə başladıq. Əks-hücum başlayan andan düşmən bizi intensiv atəşə tuturdu. Düşmənin həyata keçirdiyi bütün fəaliyyəti daha aydın şəkildə görə bilmək üçün tankın lyukundan döyüşü izləyirdim. Çox keçmədən düşmənin açdığı atəş tankın tırtılına sürtülərək keçdi. Digər texnikalarla rabitə əlaqəsinə çıxıb onlara növbəti döyüş tapşırığı verəndə düşmənin atdığı mərmi tankımıza dəydi. Nəticədə içəri tüstü və duman oldu. Burada isə düşmən çoxlu mövqe qurmuşdu. Heyət üzvləri ilə əlaqə saxladım. Onlar da cavabında hər şeyin qaydasında olduğunu dedilər.
Sonra tankdan çölə çıxdım. Tankın sol tərəfinin zədələndiyini gördüm. Nəticədə top artıq avtomatik atmaq rejimindən çıxmışdı. Lakin bu bizi məqsədimizə doğru getməkdən yayındıra bilməzdi. Sürücü-mexanikə tankı yenidən işə salmağı əmr etdim. İrəlilədiyimiz zaman texnika hərəkət istiqamətini dəyişərək hərəkət edirdi, yəni, tankda idarəçilik pozulmuşdu. Burada maneələr çox olduğu üçün tank minaya düşdü və tamamilə sıradan çıxdı. Həmin anda biz yenə soyuqqanlılığımızı itirmədik. İlk növbədə şəxsi heyətin vəziyyətini soruşdum. Onlar yenə də hər şeyin qaydasında olduğunu bildirdilər.
Minaya düşmələrinə baxmayaraq, polkovnik-leytenant Rəşad Atakişiyev döyüşü idarə etməkdə davam edirdi. O, yalnız irəliləməyi, şəhidlərimizin qisasını almağı və torpaqlarımızı düşməndən azad etməyi düşünürdü. İllərin qəzəbi və qisası onu döyüş meydanından çıxara bilməzdi. Ard-arda azad edilən torpaqlarımızdan güc alan zabit düşmənə göz açmağa imkan vermirdi.
- Tankın vəziyyətini görəndə anladım ki, bununla daha hərəkət etmək mümkün deyil. Döyüşçülərə texnikada qalmalarını və buradan atəş aparmalarını əmr etdim. Biz hərəkətimizi davam etdirməli idik. Lakin minalanmış ərazidə olduğumuz üçün bu çox çətin idi. Buna görə rabitə vasitəsini götürüb, bütün sürücüləri istiqamətləndirərək, piyada texnikaların önündə onlara yol açmaq üçün hərəkət edirdim. Onlara da atəşi davam etdirməyi tapşırdım. Təhlükəli səddi keçdikdən sonra düşmənin dayaq məntəqəsinə yaxınlaşdıq. Bu zaman bizim yanımıza minaatan mərmisi düşdü. Yaranan partlayış dalğası məni bir qədər kənara atdı. Torpaq yumuşaq olduğu üçün ciddi zədə almadım. Lakin dediyim kimi, məni heç nə amalımdan geri döndərə bilməzdi. Sonra ayağa qalxaraq döyüşə davam etmək üçün arxada olan tanka doğru irəlilədim. Bu zaman düşmən tankımızı tank əleyhinə qurğu ilə vurdu. O zaman gördüm ki, tank arxa hissədən yanır. Özümdə güc toplayaraq tanka doğru gedib, heyətin sağlamlığı haqqında soruşdum. Bu zaman maşın komandiri Cavid Hüseynov hər şeyin qaydasında olduğunu dedi. Sonra bildirdi ki, mənim üzümün sol tərəfi dağılıb və gözümdən qan gəlir. Yaranın isti olduğundan bunu hiss etməmişdim. Anladım ki, bu şəkildə texnikaları idarə etmək olmur. Bu səbəbdən də yenidən piyada texnikaların önünə keçərək, idarəçiliyə başladım. Təqribən 500 metrə qədər ərazidə minalanmış sahələri keçmişdik. Hətta havanın yağışlı olduğundan düşmənin basdırdığı bəzi minalar üzə çıxmışdı. Məndən öncə hərəkət edən mühəndis-istehkam texnikası isə bəzilərin artıq zərərsizləşdirmişdi. Artıq müəyyən bir məsafəni dəf edərək, düşmənə tərəf hərəkət etdik. Lakin texnikanın biri geridə qaldığı üçün onu gətirmək qərarına gəldim. Digərləri kimi, PDM-i də istiqamətləndirməyə başladım. Təəssüflər olsun ki, qısa müddətdən sonra texnikamız tank əleyhinə minanın üzərinə çıxdı. Yaranmış partlayış zamanı ağır yaralandım. Hətta nəfəsim belə gəlmirdi. Daha sonra şəxsi heyət yanıma gəldi. Məni atəş basqısı olmayan yerə apardılar. Vəziyyətim çox pis idi, görməm də artıq itmişdi. Buna baxmayaraq mən yenidən ayağa qalxıb döyüşü davam etdirmək istəyirdim. Deyirdim ki, mən döyüşəcəm. Amma döyüş yoldaşlarım buna icazə vermədilər. Mənfur düşmən dayanmadan artilleriya zərbələri endirirdi. Silahdaşlarım Rusif və Çingiz özlərini mənə sipər edərək qoruyurdular. Müəyyən vaxt keçdikdən sonra təxliyə dəstəsi gələrək, məni oradan çıxardılar. Sonrası isə etiraf edim ki, yadımda deyil. Gözlərimi açanda artıq Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında idim.
Beləliklə, ana Vətənini qanı-canı bahasına  qoruyan və yaşadan qeyrətli, igid oğullarımız Azərbaycanın ərazi bütövlüyü  uğrunda  od-alovdan  keçərək  şanlı tarix yazdılar. Məhz polkovnik-leytenant Rəşad Atakişiyev kimi igid, cəsur, vətənpərvər oğullarımız sayəsində doğma Qarabağımızın hər bir guşəsində üçrəngli bayrağımız dalğalanır. Əzəli torpaqlarımız yenidən gerçək sahibinə qovuşub.
Xüsusilə vurğulamaq istərdim ki, R.Atakişiyev döyüşlər zamanı göstərdiyi igidliyə görə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi ilə təltif edilib. Ərazilərimizin işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı göstərdiyi igidliyə görə polkovnik-leytenant Atakişiyev Rəşad Nazim oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"