Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2023 17:10

“Heydər Əliyev İli” münasibətilə dama yarışı keçirildi

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş dama yarışı keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini İxtiyar İsayev çıxış edərək bildirdi ki, bu ilin ölkəmizdə "Heydər Əliyev İli"nin qeyd olunması münasibətilə BHİK-də ilboyu silsilə tədbirlər plana uyğun keçirilir. Ölkəmizin bütün sahələrində olduğu kimi, həmkarlar komitəsində də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim uca tutulur, hər zaman hörmətlə yad edilir. Heydər Əliyevin zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində xidmətlərindən bəhs etdi. Ulu Öndər irsi və ordu quruculuğu haqqında danışdı: “1993-cü ilin yayında Azərbaycan xalqının Ümummilli Llideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində ordumuzun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Qısa müddət ərzində böyük inkişaf yolu keçərək hərtərəfli güclənən, hərbi qüdrətini, döyüş qabiliyyətini artıran Azərbaycan Ordusu bölgənin ən güclü qüvvəsinə çevrildi.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının dahi rəhbər tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, Əbədiyaşar Komandan Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu  İkinci Qarabağ müharibəsində Böyük Qələbə qazandı. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi zəfər, ilk növbədə, Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasəti, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, geniş bilik və dərin təfəkkürü dayanır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər birimizi qürurlandırdı”.
Bundan sonra İxtiyar İsayev iştirakçılara yarışın keçirilmə qaydaları haqqında qısa məlumat verdi, hər kəsə uğurlar arzuladı. Qeyd etdi ki, keçirilən dama yarışına 20-dən çox həmkar üzvü qatılaraq mübarizə aparacaq.
Böyük maraqla keçirilən yarışın sonunda qaliblər müəyyənləşdirildi. 1-ci yerin qalibi Vəliyev Abdulla Avdal oğlu, 2-ci yerin qalibi Nuriyev Natiq Məşədi oğlu, 3-cü yerin qalibi isə Seyidov Vidadi Qardaşxan oğlu oldu.
Qaliblərə fəxri fərman və pul mükafatı təqdim edildi.

İbrahim MƏMMƏDBƏYOV

"Azərbaycan Ordusu"