Vətənin o başı, bu başı olmur. Hamı Vətəni sevir, ancaq ata yurdunu, ata yurdunun ad olduğu kəndi daha duyğusallıqla sevir. İbad üçün Azərbaycan dünyası var, Ağdamın Papravənd kəndi var. Ağdamın, Papravəndin işğalı onun yaşından böyük idi və bu həsrətin sonunu necə arzulayırdı, necə! Bu həsrəti - işğalı döyüşlər sonlandıracaqdı. İbad da bu istəklə yaşayırdı. Vətən müharibəsi başlayanda Ağdama, Papravəndə aparacaq yolun yolçusu olacağına əmin oldu...
İbad Əliyev orta məktəbi bu düşüncələrlə, bu əminliklə bitirdi. Vətən müharibəsi haqqında oxuduqlarını, eşitdiklərini yaddaşına müharibənin tarixi kimi köçürmüşdü. Hərbi xidmətdə döyüşlərin iştirakçılarının təəssüratlarını da eşidəcəkdi, onlar da düşüncələrində qəhrəmanlıq tarixinin zərrələri olacaqdı...
Hərbi xidmətə çağırıldı...
Gənc əsgər hazırlığı kursundan sonra Hərbi And içdi, qoşunlarda xidmətə göndərildi. Hərbi bilikləri o da öyrənmişdi, öyrənirdi. Hələ yeniyetməliyində, çağırışçı olanda qardaşı Kamranın hərbi xidmət haqqında söhbətlərini maraqla dinləyirdi. Bu söhbətlər yeniyetmə İbadın hərbi xidmətə hazırlığında əhəmiyyətli olub. "Hələ çağırışçı olanda hərbi xidmətdə nə edəcəyimi qardaşımın söhbətlərindən bilirdim, necə edəcəyimi hərbi xidmətdə zabitlərimizdən, təcrübəli əsgərlərdən öyrəndim. İlk sıra hərəkətlərini öyrəndiyim gündən hərbi bilikləri daha yüksək səviyyədə mənimsəməyə çalışmışam. Onu da bilmişəm ki, yaxşı əsgər həm yüksək döyüş hazırlığına, həm də yüksək intizama malik olmalıdır. Xidmət etdiyim müddətdə belə əsgər olmağa çalışmışam...", - əsgər İbad Əliyev belə deyir.
Baş leytenant Elçin Mehdiyev İbad Əliyevin nümunəvi əsgər olduğunu bildirdi, onu da əlavə etdi ki, nümunəvi əsgərlər hərbi xidmətə başlayan gənc əsgərlərə döyüş hazırlığını yüksəldən təmrinlərin yerinə yetirilməsində kömək də edir. İbad Əliyev belə əsgərlərdəndir...
Əsgər Vüsal Şükürov əsgər yoldaşının xeyirxahlığından danışdı.
- Bildiklərini öyrədən əsgər xeyirxah əsgərdir. Hərbi xidmətimdə belə əsgər yoldaşlarım çox olub. Onlardan biri də İbaddır. İbad tərxis ediləcək, mən xidmətimi davam etdirirəm. Nə onu, nə də digər əsgər yoldaşlarımı heç zaman unutmayacam...
Əsgər İbad Əliyev istər yüksək döyüş hazırlığı ilə, istərsə də intizamı ilə komandirlərinin də, əsgər yoldaşlarının da ehtiramını qazanıb...
"Tərxis olunma ərəfəsindəyəm. Əsgər bu duyğuları kövrəkliklə yaşayır. Hərbi xidmət yoldaşlarım mənim əsgər dostlarım olub. Hərbi xidmət əsgər - Vətənə xidmət həm də əsgər dostluğu deməkdir...", - əsgər İbad Əliyev onu da deyir ki, bu dostluq unudulmur...
Rəşid HÜSEYNOV,
foto Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"