Müdafiə Nazirliyinin rəhbərliyinin diqqət mərkəzində saxladığı sahələrdən biri də şəxsi heyətin sağlamlığıdır. Vətən müdafiəçilərinin sağlamlıqlarının qorunub saxlanılması üçün isə müasir tələblərə cavab verən, yeni avadanlıqlarla təchiz olunan hospitallar və tibb məntəqələri fəaliyyət göstərir. Burada xidmət edən hərbi həkimlərimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda iştirak edərək, səmərəli təcrübələr qazanırlar. Həkimlərimizin peşəkarlığı bizləri əmin edir ki, hərbçilərimizin sağlamlığı əmin əllərdədir. Çünki həkim öz peşəsinin mütəxəssisi olmalıdır. O, ən dəyərli sərvətin - insan sağlamlığının qoruyucusudur. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkim xəstəyə fərdi yanaşmalı, onun psixoloji xüsusiyyətlərini nəzərə alaraq, yaxşı psixoloq olmalıdır. Çünki müxtəlif düşüncəli, xarakterli xəstələr fərqli problemlərlə həkimə müraciət edirlər. Bu zaman həkim xəstənin öz xarakterinə və problemlərinə uyğun davranmağı bacarmalıdır. Bəzən emosional xəstələr olur ki, onlarla da dil tapmalı olursan. Yaxşı həkim Vətəninə, xalqına, insanlığa, xidmət etməyi bacarmalıdır. Həkimlik peşəsi olduqca böyük məsuliyyət tələb edir. Xəstələrə düzgün diaqnoz qoymaq ən vacib amillərdən biridir. Çünki gələcək bütün müayinə qoyulan diaqnozdan asılıdır və bunun üzərində müalicə olunur. Belə ki, həkimlərin üzərinə rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət edən hərbçilərimizin sağlamlığının keşiyində dayanmaq kimi şərəfli vəzifə düşür.
"N" hərbi hissəsində əsgərlərin stasionar müalicəsi üçün müasir avadanlıqlarla təchiz olunan tibb məntəqəsi diqqətimizi cəlb etdi. Buradakı səliqə-sahman göz oxşayırdı. Sanitar-təlimatçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rauf Mirzəliyev söhbətimiz zamanı bildirdi ki, qarşımızda dayanan bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq.
- Şəxsi heyətin sağlamlığının qorunması üçün müntəzəm olaraq profilaktik tədbirlər həyata keçiririk. Çünki bizim işimiz əsgərlərimizin sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılmasıdır. Bunların nəticəsidir ki, hərbi hissəmizdə xəstəliklərin sayı minimuma enib. Qurulan yüksək şəraitin, vaxtında göstərilən tibbi müdaxilənin hesabına şəxsi heyətin arasında xəstələnmə halları az olur. Əsgərlərimizə əlverişli tibbi xidmətin göstərilməsi üçün isə tibb məntəqəmizdə müasir şərait və imkanlarımız mövcuddur. Biz xəstələri vaxtaşırı müayinə edirik. Onların müayinəsi ilə təcrübəli və peşəkar həkimlər məşğul olurlar. Burada əsgərlər qısa vaxtda müalicə olunaraq bölmələrinə qayıdırlar. Bizim əsas borcumuz Vətən müdafiəçilərinin sağlamlıqlarını daim yüksək səviyyədə saxlamaqdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Vətənə sağlam gənclik, sağlam əsgər gərəkdir".
Daha sonra R.Mirzəliyev dedi ki, həkimlər insanların sağlamlığını qoruyur, onlara ömür bəxş edirlər, hərbçilərimiz isə Ana Vətənimizin müdafiəsində dayanırlar. Belə ki, illərdir şərəf və ləyaqətlə iki müqəddəs peşəni daşıdığım üçün fəxr edirəm. Məğrur əsgərlərimizin sağlamlıqlarının keşiyində dayanmaq qürurvericidir. Xidmətimin sonuna qədər çalışacağam ki, vəzifəmi layiqincə yerinə yetirim.
Söhbətimiz əsnasında öyrəndim ki, Rauf Aprel döyüşləri, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı olub. Haqq savaşımızda tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rauf Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəmkir rayonundan hərbi xidmətə çağırılan əsgər Bayram Qafarov tibb məntəqəsində aldığı müalicədən razı qaldığını bildirdi. Dedi ki, peşəkar hərbi həkimlərimizin bizlərə göstərdiyi diqqət və qayğısından məmnunuq. Burada xidmət edən həkimlərimiz hər an bizi səmimi qarşılayırlar. Günün istənilən saatında səhhətimizlə bağlı tibb məntəqəmizə müraciət etdiyimiz zaman şikayətlərimizə yüksək səviyyədə baxılır. Həkimlərimizin qayğıkeşliyinin və təcrübəsinin nəticəsidir ki, bir neçə gün ərzində sağalıb, bölmələrimizə geri qayıdırıq. Bu cür münasibətin qarşılığında isə üzərimizə düşən vəzifə - xidmətimizi düzgün təşkil edib, torpaqlarımızın müdafiəsində mətin dayanmaqdır.
Orxan HÜSEYNLİ
"Azərbaycan Ordusu"