Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2023 17:10

Veteran döyüşçü

Zabit Elman Mehdiyevlə onun xidmət yerində görüşdüm. Hərbi xidmətdə keçirdiyi illər Vətənimizin ən ağır dövrünü əhatə edirdi. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olan Elman Nazim oğlu Mehdiyev Qarabağda və Ermənistanda gündən-günə alovlanan müharibənin tezliklə bitəcəyini düşünmüşdü. Amma tale elə gətirmişdi ki, Elman hərbi məktəbdə ikinci kursda təhsil alanda Qubadlı-Laçın istiqamətində gedən döyüşlərə cəlb olunub. Ali hərbi məktəbdə "tankçı" ixtisasına yiyələnən gənc Elman tank haqqında nəzəri biliklərə yetərincə malik idi. Praktikanı isə döyüş bölgəsində düşmənlə üz-üzə döyüşərək keçmək onun qisməti olmuşdu. Elman həmin illəri belə  xatırlayır: “Laçın rayonunun Güləbird kəndində yerləşən hərbi hissənin şəxsi heyəti könüllülərdən ibarət idi. Onların arasında yaxşı döyüşən, Vətən yolunda canından, qanından keçməyə hazır döyüşçülər var idi. Bölmələr vahid komandanlıq tərəfindən idarə olunmurdu. O zaman düşmən xarici havadarların hesabına torpaqlarımızın 20 faizini işğal edə bildi. Siyasi hakimiyyətə yenicə gələn Ulu Öndər Heydər Əliyev ölkə daxilində xalqı vətəndaş müharibəsinə sürükləyən qüvvələrə qarşı mübarizə aparmaq məcburiyyətində idi. Xalqımızın böyük oğlu, görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyev pərakəndə fəaliyyət göstərən silahlı dəstələrin buraxılmasına göstəriş verdi. Çünki orduda tabeçilik münasibətləri yüksək səviyyədə olmalı idi. Belə olan halda qələbə də, qalibiyyət də, intizamlı ordu da olacağı qaçılmaz idi. Nə qədər ağrılı olsa da, deməliyəm ki, o zaman məğlubiyyətimizin kökündə pərakəndəlik dayanırdı”.
1994-cü il mayın 12-dən sonra cəbhədə tərəflər arasında imzalanan atəşkəs ordumuzda islahatların aparılmasına, nizami ordunun yaradılmasına, dövlətimizin və dövlətçiliyimizin möhkəmlənməsinə mühüm zəmin yaratdı. Dövlətimizin başçısı bütün varlığı ilə ermənilərin işğalı altında qalmış torpaqlarımızı azad etmək üçün çalışırdı. Sülh danışıqları yolu ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək istəyirdi. İşğalçılar isə müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, işğal etdikləri torpaqlarımızdan çıxmaq istəmədiklərini aşkar hiss etdirirdilər. Azərbaycan xalqı və dövləti heç vaxt işğal altında olan torpaqların itirilməsi ilə razı olmamış, əksinə, bütün varlığı ilə ölkənin ərazisini bərpa etməyə çalışırdı.
Polkovnik-leytenant Elman Mehdiyev ilk dəfə zabit kimi cəbhə bölgəsində düşmənlə təmas xəttində yerləşən hərbi hissədə xidmətə başlamışdı. Tankçı kimi çətinliklərə bacarıqla sinə gərdiyini bildirdi. Zabit bu illər ərzində peşəkar tankçı kimi formalaşıb. Tabeliyində olanlara qarşı həmişə tələbkar və qayğıkeş olub. Şəxsi heyətə vətənpərvərlik ruhu aşılayıb. Erməni silahlı dəstələrinin nəzarəti altında qalmış torpaqları azad etmək üçün hər an döyüşə hazır olub.
Söhbətimizdə Elman Mehdiyev onu da qeyd etdi ki, onların həmişə bir amalı olub: işğal altında olan torpaqlarımızı azad etmək üçün döyüş hazırlığını artırmaq. Bunun üçün tanklar həmişə saz vəziyyətdə olub, heyətlər isə döyüş tapşırığını yerinə yetirmək üçün daim təcrübələrini artırıblar.
2016-cı ilin martın sonunda ermənilər təmas xəttinin bir neçə istiqamətində atəşkəsi pozaraq döyüş postlarımızı ələ keçirmək istəmişdilər. Əsgərlərimiz sayəsində erməni təxribatının qarşısı qətiyyətlə alındı və bir neçə mühüm əhəmiyyətli yüksəklik azad edildi. Hərb tariximizə Aprel döyüşləri kimi düşən dörd günlük müharibə qələbəmizin başlanğıcı oldu.
Zabit Elman Mehdiyev də komandiri olduğu tank bölməsi ilə Tərtər-Ağdam istiqamətində döyüşüb. Döyüşün ilk günündə düşmənin bir neçə atəş nöqtəsini susdurub. Döyüşçülərimizin irəliləməsinə mühüm zəmin yaradıb. Bir neçə gün davam edən döyüşlərdə zabit Elman Mehdiyevin rəhbərlik etdiyi tankçılar da məharətlə döyüşüblər.
Yenidən atəşkəs elan olunsa da, düşmən yenə təxribatdan əl çəkmir, özünü daha güclü göstərmək, həm də azad etdiyimiz əhəmiyyətli yüksəklikləri qaytarmağa çalışırdı. Düşmənlə təmas xəttində xidmət edən əsgərlərin ayıq-sayıqlığı nəticəsində hər dəfə ermənilər ağır itkilərlə geri çəkilirdilər.
2020-ci ilin sentyabrın 27-də ermənilər genişmiqyaslı hərbi əməliyyatlar keçirmək istədilər. Düşmən artilleriya silahlarından da istifadə etməklə mövqelərimizə doğru irəlilədilər. Bu dəfə də ordumuzun igid əsgərləri tərəfindən düşmən həmləsinin qarşısı alınıb və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmrindən sonra Elmanın xidmət etdiyi birləşmə də əvvəlcə Murovdağ, daha sonra isə Ağdam istiqamətində döyüşüb.
Tank taboru komandiri vəzifəsinə təyin olunan zabit qarşıya qoyulan döyüş tapşırığının öhdəsindən layiqincə gəlib. Daha sonra Füzuli-Cəbrayıl istiqamətində döyüşü davam etdirmək barədə əmr alıb. Oktyabrın 7-də düşmən əlavə qüvvə toplayıb hücumun qarşısını almağa çalışıb. Gərgin gedən döyüşlərdə düşmənin atdığı top mərmisi onun yaxınlığına düşüb. Partlayışdan yaranan zərbə dalğası onu olduğu yerdən bir neçə metr tullayıb. Sonra hospitala təxliyə olunub. Bir həftə müalicə alandan sonra yenidən xidmət yerinə qayıdıb.
Zabit Elman Mehdiyev hazırda hərbi xidmətini ləyaqətlə davam etdirir. Hərbi hissədə şəxsi heyətinin intizamının, döyüş hazırlığının artırılması istiqamətində davamlı tədbirlər təşkil edib icrasına nəzarət edir.  
Polkovnik-leytenant Elman Mehdiyev Birinci və İkinci Qarabağ müharibələri veteranı olmaqla bərabər, həm də Silahlı Qüvvələrin veteranıdır.  

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"