Ordu sıralarında xidmət edən hər bir zabit və əsgərin mənəvi-psixoloji hazırlığının yüksək olması və hərbi intizam qaydalarına ciddi yanaşması daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Gündəlik olaraq əsgərlərə bu istiqamətdə məşğələlər keçirilərək hərbi bilikləri daha da möhkəmləndirilir. Əsas məşğələlərdən biri də sıra hazırlığı hesab olunur. Sıra hazırlığı məşğələləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsi əsasında keçirilir.
"N" hərbi hissəsində olduğumuz zaman sıra hazırlığı məşğələsinin canlı şahidi olduq. Onlar bu məşğələlər nəticəsində sırada düzgün dayanmaq, düzgün hərəkət etmək və verilən komandalara diqqətlə yanaşmaq vərdişlərini daha da inkişaf etdirirlər.
Sıra hazırlığı bitdikdən sonra kiçik çavuş Elməddin Əliyevlə söhbətə başladıq. Əslən Xocavənd rayonundan olduğunu öyrəndik. O, sözə yurd həsrətindən danışmaqla başladı: "Uzun illərdir ki, ailəmizlə birgə yurd həsrəti çəkirdik. Torpaqlarımızın işğal altında olması ilə barışa bilmir, bu həsrətin sonlanacağı günü ümidlə gözləyirdik. Məktəbli olduğum vaxtlarda düşünürdüm ki, Qarabağ torpaqlarını azad edəcəyimiz gün gəldikdə mən də ordu sıralarında döyüşən hərbçilərdən biri olacağam. Belə də oldu... 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlayanda döyüşlərin sırasındaydım. Hər birimiz qələbə əzminə köklənmişdik. Mən də bu döyüşlərdə iştirak edərək qələbənin qazanılmasında pay sahibi olmağın qürurunu yaşayıram.
Vətən müharibəsi zamanı qazandığım təcrübələri indi hərbi xidmətə gəlmiş gənc əsgərlərimizlə bölüşürəm. Buradakı əsas tələblərdən biri də əsgərlərin sıra hazırlığının yüksək olması, verilən əmrlərə düzgün riayət etmələridir. Biz də sıra nizamnaməsinin tələblərinə uyğun olaraq onlarla ciddi şəkildə məşğul oluruq. Kiçik çavuş Elməddin Əliyevlə söhbətimiz zamanı öyrəndik ki, o, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Əsgərlərlə də həmsöhbət olduq. Əsgər Nihat Əliyevlə salamlaşıb qısa söhbət etdik. O, sıra hazırlığına çox ciddi yanaşdığını və verilən komandalar zamanı səhv etməməyə çalışdığını bildirdi: "Hər birimiz gündəlik olaraq bizlərə tədris olunan dərs və məşğələlərin nə qədər vacib olduğunu anlayırıq. Komandirlərimizin əmrlərini qüsursuz icra edir, verilən tapşırıqlara düzgün əməl etməyə çalışırıq. Əsgər yoldaşlarımızla birgə buradakı günlərimizi səmərəli keçirib, yeni hərbi bilikləri öyrənməyə səy göstəririk".
Növbəti əsgər İlham Əliyevə yaxınlaşdıq. İsmayıllı rayonundan hərbi xidmətə yollandığını deyən həmsöhbətimiz sıranın müqəddəsliyindən danışaraq keçirilən dərs-məşğələlərdə məsuliyyətli olmağın nə qədər vacib amil olduğunu vurğuladı. Əsgər verilən tapşırıqlara daha ciddi yanaşdığını və sıra hazırlığını qüsursuz icra etməyə səy göstərdiyini bildirdi.
Digər əsgərlər Hacıbala Abbasov, Rəşad Səlimov, Yediyar Hacıyev və Bayram Qafarov da hərbi xidmətdə olduqları müddət ərzində müsbət keyfiyyətlər qazanaraq əvəzolunmaz təcrübələrə yiyələndiklərini qeyd etdilər.
Hüsniyyə NƏSİROVA,
foto Namiq PƏNAHOVUNDUR
"Azərbaycan Ordusu"