Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2023 17:10

“Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”

Bu gün hər bir azərbaycanlı uzun illər həsrətində olduğu günləri yaşayır. Artıq işğala son qoyulub. Azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, Azərbaycan əsgəri ərazi bütövlüyümüzü ləyaqətlə qoruyur. Bu qürurlu günləri xalqımıza bəxş edən igid oğullarımız onlara olan etimadı layiqincə doğrultmaq üçün yüzlərlə döyüşçü canından keçməyə belə tərəddüd etmədi. Qanı və canı ilə tarix yazan Azərbaycan əsgəri Ana və Vətən anlayışının vəhdətindən yaranan Ana Vətən məfhumunun nə demək olduğunu öz əməli ilə sübut etdirdi. Son illərdə Azərbaycan əsgərinin sərgilədiyi peşəkarlıq, göstərdiyi fədakarlıq ordumuzun gücünün, ölkəmizin qüdrətinin möhürü oldu.
Təbii ki, bu gün ordumuzun davamlı olaraq güclənməsi dövlət rəhbərliyi səviyyəsində seçilmiş prioritet istiqamətlərdəndir. Məlumdur ki, qüdrətimiz artdıqca sabaha olan inamımız daha da artır. Gənclərimiz bu gün ordu sıralarında xidmət etməyin verdiyi qürurla qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Qısa vaxt ərzində təcrübəli komandirlər tərəfindən hazırlanan gənc əsgərlər xoş ovqatla, yüksək döyüş əzmi ilə xidmət edirlər.
Vətənə övladlıq borclarını yerinə yetirən "N" hərbi hissəsində komando bölmələrinin çöl məşğələsində iştirak etdik. Zabit Elvin Bayramov ilə söhbət əsnasında öyrəndik ki, şəxsi heyət mütəmadi olaraq təlim-məşqlərə, döyüş atışlı çalışmalara, idman yarışlarına cəlb olunur, öz hərbi bilik və bacarığını daha da artırır. "Həyata keçirilən tədbirlər şəxsi heyətin döyüşçü keyfiyyətlərini təkmilləşdirir, onların döyüş əzmini daha da artırır. Təlim və məşğələlər hərbi qulluqçuların peşəkarlığında birbaşa mühüm rol oynayır. Qarşıya qoyulan tapşırıqlar zamanı yüksək nəticələr əldə edən şəxsi heyət hər birimizi fərəhləndirir və komandir olaraq bizi qürurlandırır. Təsdiq olunmuş hazırlıq planına əsasən, şəxsi heyət bu gün çöl tapşırıqlarını icra edir. Müxtəlif hava şəraitində, günün işıqlı və qaranlıq vaxtlarında döyüş atışlı çalışmalar (şərti düşmənin hədəflərinin yerində və hərəkətdə məhv edilməsi), maneələr zolağının keçilməsi və digər döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəlmiş tapşırıqlar komandolar tərəfindən uğurla icra olunur. Bölməmizdə xidmət edən komandolar hər biri öz ixtisasının həm nəzəri, həm də praktiki tərəfi ilə yaxından tanışdırlar. Onlar yaxşı dərk edir ki, komandosansa, peşəkar olmağa borclusan".
Gənc  komandir Elvin Bayramovla birlikdə komandoların çöl məşğələsində iştirak etdik. Şəxsi heyətin tapşırığı cəld və yüksək peşəkarlıqla yerinə yetirməsi bizim xoş ovqatımızı daha da artırdı. Komando üzvlərinin hər biri həm fərdi, həm də qrup şəklində yüksək səriştə nümayiş etdirdi. Bir sözlə, şəxsi heyətin hərbi peşəkarlığını və bacarığını ilk dəqiqələrdən son anlaradək hiss etdik. Birmənalıdır ki, onların qarşıya qoyulan tapşırığı dəqiq və məsuliyyətlə icra etməsi bölmədəki yüksək döyüş hazırlığının göstəricisidir.
Fasilənin olmasından istifadə edərək, əvvəlcə məşğələyə rəhbərlik edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Araz İsmayılov və Bəxtiyar İsmayılovla həmsöhbət olduq. Onların hər biri əsl komando olmağın incəliklərini bizə izah etdi. Döyüşçünün məğlubedilməz olmasında əsas şərtlərdən biri yüksək praktiki-nəzəri təcrübəyə malik olmasıdır. Şəxsi heyətdə taktiki vərdişlərinin təkmilləşdirilməsi bölmənin döyüş qabiliyyətinin artırılmasına xidmət edir. "Təlim və məşqlərdə püxtələşən hərbi qulluqçu döyüş meydanında məğlubedilməzdir. Komando olmaq istəyi insanda yüksək fiziki bacarıq tələb edir. Möhkəm dözümü və səbri də özündə ehtiva edir. Komandirlərimizlə birlikdə çalışırıq ki, güclü və qalib ordumuzun sıralarında layiqli yer tutaq", - deyə Araz İsmayılov fikrini tamamladı.
Bəxtiyar da gənc olmasına baxmayaraq, artıq peşəkar komando olaraq ordu sıralarında qürurla xidmət edir. "Şəxsi heyətimiz yüksək hərbi intizama malikdir. Bununla yanaşı, gənc komandoların möhkəm iradə və yüksək fiziki dayanıqlılığı da diqqət yetirilməsi vacib məqamlardandır. Bunun üçün də həm çöl şəraitində, həm də təlim şəhərciyində günün müxtəlif vaxtları və müxtəlif hava şəraitinə uyğun məşqlər keçirilir. Hərbi qulluqçular təşkil olunan dərslərdə və təlimlərdə böyük ruh yüksəkliyi ilə iştirak edirlər. Bu ruh yüksəkliyinin göstəricisidir ki, bölməmiz qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəlir".
Növbəti həmsöhbət olduğumuz gənc komando əsgər Natiq Heydərli xidmət etdiyi bölmənin onun əsl döyüşçü kimi formalaşmasında böyük rolu olduğunu xüsusi vurğuladı. "Komandirlərimiz tərəfindən peşəkar döyüşçü kimi formalaşmağımız üçün təşkil olunan atəş, taktiki, fiziki və psixoloji hazırlıq məşğələləri hər birimizi məğlubedilməz, güclü döyüşçüyə çevirib. Burada həm sinif, həm də çöl dərslərində, idman fəaliyyətlərində qarşımıza qoyulan məqbulları qazanmaq üçün əlimizdən gələni əsirgəmir, komando adını layiqincə daşımaq üçün səylə çalışırıq".
Əsgər Mahir Ramazanov bölmədə xidmət və gündəlik fəaliyyətin təşkili üçün  yaradılan şəraitdən ağızdolusu danışdı. "Komando olmaq qürurvericidir. Fiziki hazırlığımızı artırmaq üçün salınan idman şəhərciyi, atəş və taktiki hazırlığımızı təmin etmək üçün təlim meydançası və gündəlik fəaliyyətimizi təşkil etmək üçün ideoloji otaqlarla yanaşı, müasir standartlara uyğun yeməkxana, camaşırxana və yataqxanamız da mövcuddur. Bizim üzərimizə düşən əsas vəzifə isə komandirlərimizin və xalqımızın etimadını doğrultmaqla peşəkar döyüşçü kimi Vətənə övladlıq borcumuzu layiqincə ödəməkdir".
Bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə ordumuzun müasir standartlara inteqrasiya edilməsi istiqamətində misilsiz işlər görülür. Görülən işlər qalib Azərbaycan Ordusunun daha da güclənməsinə mühüm təkan verir və bu uğur hər birimizi sevindirir. Digər gənc komandolar - Sənan Həsənli, İntiqam Sadıqov, Kamran Yunusov, Sadiq İskəndərli ilə də həmsöhbət olduq. Onların söhbət əsnasında dedikləri fikir, məşğələ zamanı göstərdikləri peşəkarlıq bizi bir daha əmin etdi ki, komandolarımız bu gün ordumuzun gücünə güc qatan döyüşçülərdirlər. Onların hər biri xidmət müddətində öz peşəkarlığını artıraraq, hərb sənətini müasir dövrün tələblərinə uyğun qurmağa qadir və qabil qüvvədir. Məhz təcrübəli komandolarımız sayəsində 44 günlük haqq savaşımızdan keçən qısa müddətdə qeyri-qanuni silahlı dəstələrin və onların yuvalarının darmadağın edilməsi mümkün oldu. Qısa vaxtda yazılan böyük tarixdə peşəkar komandolarımızın da danılmaz rolu vardır. Ali Baş Komandanın komando hərbi hissələrindən birinin açılışında dediyi "Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir" sözləri də bunun bir daha təsdiqidir.

 

Fuad CƏFƏROV,

fotolar Namiq PƏNAHOVUNDUR

"Azərbaycan Ordusu"