Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2023 13:22

Təlimdən qələbəyə gedən yol...

Zabit Zahid Həsənov nümunəvi zabitlərdən söz düşəndə o, mayor İlkin Ağazadənin adını çəkdi. - Hazırda təlim sahəsində bölmələrin praktiki çalışmalarının yerinə yetirilməsinə nəzarət edir, - deyə bildirdi. Çox keçmədi səhra geyimində şux qamətli, ortaboy zabit qərargaha daxil oldu. Bu Z.Həsənovun bayaqdan barəsində xoş sözlər dediyi İlkin Ağazadədir. Zabitlə ilk tanışlığımız elə buradan başladı.
İdmançı görkəmli, səmimi, gülərüz zabit ilə qərargahdan çıxıb onun şəxsi heyətə təlim keçdiyi əraziyə getdik. Müsahibim olduqca maraqlı, zəngin hərbi təcrübəyə malik peşəkar döyüşçüdü.
Astara şəhərində doğulan İlkin Bakıda böyüyüb. Kiçik yaşlarından hərbçi olmaq onun ən böyük arzusu olub. Bu arzu, bu istək onu əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) gətirib. O, hərbi təhsil aldığı illərdə motoatıcı ixtisası üzrə həm nəzəri, həm də praktiki bilikləri dərindən mənimsəyib. O, da başqaları kimi bilirdi ki, Vətənin bir hissəsi düşmənin işğalı altındadı. Bu torpaqları azad etmək hərbçilərin vəzifəsidi. Ali hərbi məktəbi bitirəndən sonra “leytenant” hərbi rütbəsiylə cəbhə bölgəsində xidmətə başlayıb.
Düşmənlə təmas xəttində uzun sürən atəşkəsdən sonra Azərbaycanın hərb tarixinə daxil olan Aprel döyüşlərində İlkin Ağazadə də iştirak edib. O, həmin döyüşləri belə xatırlayır:
- Tapşırığımız Talış yaşayış məntəqəsi istiqamətində əhəmiyyətli yüksəkliklərin azad edilməsi idi. Qarşımızda düşmən sədləri vardı. Neçə illər idi ki, ermənilər o yerlərdə möhkəmlənmişdilər. Əraziyə də yaxşı bələd idilər. Həm gündüz, həm də məhdud görmə şəraitində bizim hansı istiqamətdən onların mövqelərinə daxil olacağımızı dəfələrlə götür-qoy etmişdilər. Bunun üçün onların kifayət qədər vaxtları da olmuşdu. Belə bir hazırlıqlı düşmənin üzərinə hücum etmək və məqsədimizə nail olmaq çətin tapşırıq idi. Lakin biz bunun öhdəsindən gəldik.
O zaman gənc leytenant elə zənn etmişdi ki, döyüşlər davam edəcək. Sonuncu silahlı düşmən tarixi torpaqlarımızdan çıxana qədər bölmələrimiz hücuma ara verməyəcək. İlkin də döyüşə-döyüşə on illərdi işğalda qalmış torpaqlarımızı azad edəcək. Düşmən 90-cı illərin əvvəlində olduğu kimi, döyüşlərdə məğlubiyyətə düçar olan kimi atəşkəsə can atırdı. Sülh, diplomatik yolla ərazilərimizin qaytarılmasına razı olduqlarını vəd edərək vaxt qazanmaq istəyirdi. İstəyirdi ki, cəbhənin həmin istiqamətinə əlavə qüvvə toplasın. Bu, qəsbkarların həmişə seçdiyi çıxış yolu idi. Aprel döyüşlərindən sonra məlum oldu ki düşmənin sülh bağlamaq barədə fikri yoxdu. Əksinə, cəbhə boyu istehkamlar qurur, mövqelərini daha da möhkəmləndirirdi. Hətta "Ohanyan səddi"ni də bir az genişləndirdi. Döyüşü idarə etmək üçün yerin altında dəmir-beton konstruksiyadan ibarət müxtəlif yerlərdə bunkerlər düzəltdi. Ermənilərin bu hazırlığı tutduqları mövqelərdə ciddi müqavimət göstərəcəklərindən xəbər verirdi.
27 sentyabr 2020-ci il tarixində ermənilərin təxribatı nəticəsində Vətən müharibəsi başladı.  Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komanadanı qismən səfərbərlik elan edərək əks-hücum əmrini verdi. İlkin Ağazadə də ilk döyüşə gedənlərdən biri oldu. Artıq bu dəfə İlkin tam fərqli istiqamətdə və daha qətiyyətli döyüş tapşırığı icra edəcəkdi. Döyüşün ilk günlərində Füzulidə qəlpə yarası aldı. Bir neçə gün hospitalda müalicə olundu. Sağlamlığı bərpa olunduqdan sonra yenə döyüşə qayıtdı. Xocavənd, Cəbrayıl, Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdi. Noyabrın 7-də Qubadlı uğrunda döyüşdə İlkin Ağazadə düşmənin gülləsindən yayına bilmədi. Döyüşü dayandırmaq məcburiyyətində qaldı. Tezliklə sağalıb silahdaşları ilə döyüşü davam etdirmək arzusunda olsa da, üç gündən sonra düşmən kapitulyasiya aktını imzaladı.
İlkin Ağazadə hərbi xidmətdə qazandığı uğurlara görə komandanlıq onu vaxtından əvvəl "kapitan" hərbi rütbəsini təqdim etmişdi. Biz onunla təlim şəhərciyini gəzəndə də "kapitan" hərbi rütbəsində idi. Lakin iki gündən sonra yazını çapa hazırlayanda ona növbəti "mayor" hərbi rütbəsinin təqdim olunduğu barədə məlumat aldıq.
İlkin Ağazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə fərqləndiyinə görə "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif olunub. Xidmət etdiyi illər ərzində müxtəlif beynəlxalq kurslarda iştirak edib.
...Mehriban, səmimi, qayğıkeş döyüş yolu keçmiş zabiti dinləmək olduqca xoş idi. Hazırda o, əsgər və kursantlarının cəlb olunduqları ixtisas kurslarını  uğurla başa vurması üçün səylə çalışır. İndi onu ancaq poliqonda, təlim şəhərciyində görmək mümkündür. İlkin deyir ki, təlimlərdən başlayan yol döyüşdə qələbə ilə bitməlidi.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"