Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2023 13:22

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbirlər keçirilib

Ölkəmizin hər yerində olduğu kimi, Gəncə və Şəmkir şəhərlərində də müasir Azərbaycan dövlətinin formalaşmasında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi. Anım mərasimlərində iştirak edən məktəblilər, tələbələr, şəhər sakinləri, hərbi qulluqçular Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini böyük ehtiramla yad etdilər.
Anım mərasimlərində Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş danışıldı. Bildirildi ki, Ulu Öndərin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. O, sovet hakimiyyəti illərində Azərbaycan Respublikasını iqtisadi, sosial, mədəni, elmi cəhətdən inkişaf etdirərək qüdrətli respublikaya çevirmişdi. Həmişə xalqının və Vətəninin taleyini düşünən Ulu Öndər böyük uğurlara imza atmışdır. Respublikamız iqtisadi cəhətdən yüksələrək qabaqcıl sənaye mərkəzinə çevrilmişdir. Elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində də əsaslı dönüş yaratmışdır. Sovet rəhbərliyində çalışarkən doğma Vətənini, xalqını düşünmüş və bir çox layihələrin həyata keçirilməsinə nail olmuşdur.
Ölkəmizin müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsiylə üzləşdiyi mürəkkəb dönəmdə xalqımız Ulu Öndərin hakimiyyətə qayıdışını qətiyyətlə tələb etdi və ona Vətənimizin xilası üçün müraciət olundu. Bu müraciəti cavabsız qoymayan dahi şəxsiyyət xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Çox keçmədi ki, o, xalqın dəstəyi ilə Prezident seçildi. Hakimiyyətinin ilk günlərindən Ulu Öndər dövlətçiliyin və müstəqilliyin qarantı sayılan Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşmasını diqqətdə saxladı. Qısa müddət ərzində ordu quruculuğunda əsaslı dönüş yaradıldı. Ordunun peşakar kadrlarla təmin olunması üçün hərbi təhsil sistemində əsaslı islahatlar həyata keçirildi. Respublikamız bir çox beynalxalq təşkilatların üzvü oldu. Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan dünyada tanındı. Qafqaz regionunun ən güclü və qüdrətli ölkəsinə çevrildi.
Qürurla demək olar ki, Ulu Öndərin memarı və qurucusu olduğu müasir Azərbaycan dövləti onun layiqli varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dünyanın tələbləri səviyyəsində inkişaf etdirilərək dünya miqyasında önəmli yer tutmuşdur. Qazanılan bütün uğur, nailiyyətlərin və qələbələrin təməli tarixi şəxsiyyət, Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin siyasi kursu Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqımızla ordumuzun yenilməz birliyi və Müzəffər Ali Baş Komandanın möhtəşəm sərkərdəlik məharəti torpaqlarımızın işğalına son qoydu, ölkəmizin suverenliyi tam bərpa edildi.
Artıq 3 ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Doğma ocaqlarını tərk etmiş soydaşlarımız yurd yerlərinə qayıdırlar. Otuz ilə yaxın işğalda olan ərazilərimizdə müstəqilliyimizin rəmzi olan üç rəngli bayrağımız qürurla dalğalanır.


* * *



Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" hərbi hissəsində keçirilən anım mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Mərkəzin əməkdaşları Mail Allahverdiyev, Nailə Qurbanova xalqımızın xilaskarı, Əbədiyaşar Komandan haqqında ətraflı məlumat verdilər. Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bugünkü və gələcək nəsillərə örnək olan mənalı, zəngin həyatı, dövlətçilik fəaliyyəti, müasir Azərbaycan dövlətinin yenidən qurulması və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində misilisiz xidmətlərindən danışdılar:
- "Müstəqilliyin ilk illərində böhranlı vəziyyət, xaos, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı, düşmən qüvvələr fürsətdən istifadə edib iyirmi faiz torpaqlarımızı işğal etmişdilər. Belə mürəkkəb vəziyyətdə xalqımız Ulu Öndərə müraciət etdi. Bu müraciət cavabsız qalmadı.15 iyun 1993-cü ildə Ulu Öndər yenidən hakimiyyətə qayıtdı. Haqlı olaraq həmin günü xalqımız Qurtuluş Günü kimi tarixləşdirdi. Böyük qayıdışdan sonra ölkəmizin həyatında yeni dövr başlandı. Bütün sahələrdə inkişaf və yüksəliş təmin olundu. Yeni quruculuq strategiyası bütün sahələri əhatə etdi. Ordu quruculuğu dövlətçiliyin əsas prioritetinə çevrildi. Çox keçmədi ki, Azərbaycan Silahlı Qüvvələri regionun güclü, qüdrətli ordusuna çevrildi. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs müqaviləsi imzalandı. Bundan sonra ordu quruculuğuna daha çox diqqət yetirildi.
Dünyanın böyük dövlətlərinin iştirakı ilə "Əsrin müqaviləsi" adlanan neft kontraktı imzalandı. NATO ilə əməkdaşlığa başlandı. Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul edildi. Ulu Öndərin böyük fədəkarlığı ilə Azərbaycan həqiqətləri dünyaya bəyan edildi, Ermənistan işğalçı dövlət kimi tanındı.
Ulu Öndərin başladığı böyük quruculuq işləri onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçən iyirmi il ərzində ölkəmiz müasir dövrün tələbləri əsasında mütərəqqi inkişaf mərhələsinə daxil olmuş, regionun lider dövlətinə çevrilmişdir. Xalqımız, dövlətimiz üçün ən böyük, mürəkkəb problem sayılan torpaqlarımızın otuz ilə yaxın işğal altında qalmasına da Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, ordu ilə xalqın yenilməz birliyi ilə son qoyuldu. İkinci Qarabağ müharibəsi tariximizə Böyük Qələbə kimi yazıldı".
Zabit İqbal Kərimov şəxsi heyət adından çıxış edərək bildirdi ki, Vətən müdafiəçiləri Ulu Öndərin ideya və əməllərinə həmişə sadiq olacaq, göstərilən etimadı doğruldacaqlar.
Sonda tarixi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"


* * *



Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Onun zabitləri" sənədli filminin təqdimatı keçirildi. Təqdimatda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) ilk məzunları (1997-2001-ci il), filmin yaradıcı heyəti, bir qrup Vətən müharibəsi iştirakçısı, şairlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Təqdimatı giriş sözü ilə açan Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxışında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi respublikamızın yaradıcı insanlarında böyük ruh yüksəkliyi yaratdı. "Ulu Öndərə dərin hörmət və ehtiram olaraq xalqımızın əbədiyaşar liderinə həsr olunan kitablar, şeir və poemalar yazıldı, filmlər hazırlandı. Onun Azərbaycanın dövlətçilik tarixində, müstəqilliyimizin əbədi, dönməz olmasında misilsiz xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyevin, dahi rəhbərin yaratdığı müasir hərbi təhsil ocaqlarının çağdaş Azərbaycan Ordusunun qüdrətlənməsində, daha güclü, daha peşəkar olmasında mühüm rolu olduğu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbə ilə bir daha təsdiqləndi. 2023-cü il həm Ulu Öndərin anadan olmasının yüzüncü ildönümü kimi yaddaşlarda qalacaq, eyni zamanda, Azərbaycanımızın suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunması ili kimi tarixləşəcəkdir".
Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Onun zabitləri" sənədli filmi tədbir iştirakçılarına nümayiş olundu.
Filmdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2001-ci ildə ali hərbi məktəbin ilk buraxılış mərasimində iştirakı əsas süjet xətti kimi keçir. Ulu Öndərin xeyir-duası ilə hərbi xidmətin çətin və şərəfli yolunu mərdliklə keçən gənc zabitlərin Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarlıq, qəhrəmanlıq nümunələri göstərməsi filmin mahiyyət etibarı ilə əsas ideyasını təşkil edir.
Həmin məzunlardan Qarabağ ordenli, ehtiyatda olan polkovnik Rəşad Aslanov, ehtiyatda olan polkovnik Xaqani Seyidov, ehtiyatda olan kapitan Azər Bayramov çıxış edərək Ulu Öndərin yaratdığı ali hərbi məktəbin məzunu olmalarından qürur duyduqlarını və hərbin çətin, şərəfli yollarına qədəmlərini qoyarkən birinci xeyir-duanı məhz Əbədiyaşar Komandandan aldıqlarını və onunla qarşılaşdıqları anları xoş xatirə kimi xatırlayacaqlarını dedilər. Fəxrlə bildirdilər ki, onun zabitidirlər.
Qeyd edək ki, Qarabağ ordenli Rəşad Aslanov Şuşaya daxil olan xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşərək, bu şəhərə ilk üçrəngli bayrağımızı sancanlardan olub. O, 2001-ci ildə ali hərbi məktəbi qırmızı diplomla bitirib. Məktəbin birinci buraxılış mərasimində iştirak edən Ulu Öndər qırmızı diplomu Rəşad Aslanova şəxsən özü  təqdim edib. Ulu Öndərin məktəbin ilk məzunlarına diplom təqdim etməsi, kursantlarla unudulmaz görüşləri, səmimi söhbətləri "Onun zabitləri" filmində öz əksini geniş tapmışdır.
Təqdimatda çıxış edən filmin ssenari müəllifi, ATV kanalının İctimai proqramlar redaksiyasının baş redaktoru Vəfa Şəhlayi kanalın rəhbərliyi adından çəkilişlər zamanı yaradılan şəraitə, göstərilən yüksək diqqətə görə  Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Tədbir iştirakçıları Aləmzər Sadıq qızı və Zərəntac Dəmirçi-Qayalının Vətən müharibəsində qazanılan Böyük Zəfərə, xalqımızın qəhrəman oğullarına həsr etdikləri şeirlərini maraqla dinlədilər.      
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Ulu Öndərin xatirəsini yaşadan mahnılar və qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər ifa etdilər.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"