Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2023 13:22

Bütün zəfərlərimizdə Əlahiddə Ümumqoşun Ordunun da payı var

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və sərkərdəlik məharəti ilə Naxçıvandan başlanan müasir milli ordu quruculuğu prosesi Azərbaycanımızın suverenleyinin təmin edilməsi ilə nəticələndi. Güclü potensiala və yenilməz döyüş təcrübəsinə malik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yazdığı bu şanlı tarix Azərbaycanımızın inkişafı üçün möhkəm bünövrə olmaqla yanaşı, həm də regionumuz üçün sülhü və təhlükəsizliyi təmin edən önəmli amil rolunu oynadı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yaradılan ilk milli ordu qurumu Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçib. Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradıldı. 1992-ci il sentyabrın 15-də Naxçıvanda ilk milli ordu hissələrindən biri olan “N” saylı əlahiddə gücləndirilmiş birləşmə formalaşdı. Əlahiddə gücləndirilmiş motoatıcı birləşmə uğurlu döyüş yolu keçərək 21 may 1995-ci ildə motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə isə Ordu birliyi səviyyəsinə qədər yüksəldi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Ölkə Prezidentinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Ordu birliyinin əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb.
Artıq 10 ildir ki, mövcudluğu hər birimizi qürurlandıran Əlahiddə Ümumqoşun Ordu həm döyüş təcrübəsi, həm şəxsi heyətinin peşəkarlığı, həm də arsenalında olan son model müasir silah sistemləri ilə ən çətin tapşırıqların icrasına qadirdir. Günnütdən Şuşaya yenilməz döyüş təcrübəsi qazanan Naxçıvandakı ordu, birləşmə, hissə və bölmələr Vətənimizin müdafiəsində ayıq-sayıq dayanır, döyüş növbətçiliyini yüksək peşəkarlıqla aparırlar. Naxçıvanın müdafiəsində uzun illərin böyük təcrübəsinə malik olan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti peşəkarlığı və döyüş qabiliyyəti ilə öyünməyə haqlıdır. Çünki Əlahiddə Ümumqoşun Ordu ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Cari ilin sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birgə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etmələri Əlahiddə Ümumqoşun Ordunun müdafiə potensialının və ən müasir silah sistemləri ilə təchizatının yüksək səviyyədə olmağından xəbər verir. Müxtəlif növ hərbi texnika, avadanlıq və cihazların təmiri və modernləşdirilməsi üçün nəzərdə tutulan həmin hərbi kompleks döyüş vasitələrinin həmişə saz və döyüşə hazır vəziyyətdə saxlanılmasına öz töhfəsini verəcək.
Burada Prezident İlham Əliyevin ordu quruculuğunda Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılmasını prioritet elan etməsi nəticəsində Naxçıvanın etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun döyüş potensialının daha da artırılmasındakı əhəmiyyəti diqqət çəkir. Bu mənada Azərbaycan-Türkiyə dostluq əlaqələri və hərbi əməkdaşlığının inkişafında Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin mühüm rolu var.
Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Azərbaycan-Türkiyə birgə təlimlərində hər zaman peşəkarlıq və sarsılmaz qardaşlıq nümayiş etdirirlər. Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şəkildə keçirilən təlimlərdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edilməsi qeyd olunanlara əyani misaldır.
Göründüyü kimi, Azərbaycan Ordusu NATO standartlarını özündə ehtiva edən Türkiyə modelinə uğurla uyğunlaşdırılır. Əlbəttə ki, bu prosesdə zəfərlərlə dolu döyüş yolu keçən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının peşəkarlığı, silah arsenalında mövcud olan müasir texnika, avadanlıq və vasitələr də öz sözünü deyir.

Nəriman NƏCƏFOV Naxçıvan Muxtar Respublikası