Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2023 13:44

Əbədiyyətə qovuşan ömür

Qədim və zəngin tarixə malik Gəncə şəhərində də Vətənimizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə böyük ehtiram göstərilir. Vətən müharibəsində şəhid olanların xatirəsi əbədiləşdirilir.
Nicat Qasımov vətənpərvərliyi ilə tanınıb. Torpaqlarımızın işğalda olması, xalqımıza qarşı insanlığa sığmayan soyqırımı siyasəti onu da ağrıdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözlərini o da unutmurdu: "Necə olursa-olsun, biz torpaqlarımızı düşmənlərdən azad edəcəyik, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək". Bu fikirlər haqqında şəhid Nicat Qasımovun xatirəsinə yaradılan Bulaq kompleksinin açılış mərasimində ətraflı danışıldı.
Tədbirdə məktəblilər, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, hərbi qulluqçular, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şəhid anası Brilyant Əsgərova Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan, tarixi Zəfərin qazanılması naminə şəhid olanlardan danışdı. Dedi ki, oğullar düşmən çəpəridir. Tarixin bütün dövrlərində igid oğullar Vətən torpaqlarını qoruyublar. Belə oğullardan olan Nicat Qasımov da əbədiyyətə qovuşanlardandır.
Nicat Qasımov 1991-ci il oktyabrın 17-də Gəncə şəhərində anadan olub. 33 saylı məktəbdə, sonra 1 saylı peşə liseyində təhsil alıb. Nümunəvi, çalışqan şagirdlərdən olub. Uşaqlıq, yeniyetməlik illərində xalqımıza qarşı törədilən faciələr, təxribatlar onu da narahat edib. 2010-cu ildə hərbi xidmətə çağırılıb. O vaxtlar cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət edib. Atıcı silahların xüsusiyyətlərini mükəmməl öyrənib, Vətən keşiyində sayıq dayanıb. Yeni ərazilər işğal etmək niyyətində olan erməni silahlı qüvvələri 2020-ci ilin 27 sentyabrında irimiqyaslı təxribat niyyəti ilə hücuma keçdilər. Kənd və qəsəbələrimiz, şəhərlərimiz müxtəlif növ ağır silahlardan, texnikalardan atəşə tutuldu. Hücumun qarşısı alındı. Ali Baş Komandan cənab İlham Əliyev əks-hücum əmri verdi. Qismən səfərbərlik elan edildi. Səfərbərliyə çağırılanlar sırasında Nicat Qasımov da vardı. O, Murovdağ istiqamətində döyüşlərdə iştirak etdi. Düşmənə bütün cəbhə boyu sarsıdıcı zərbələr vurulur, canlı qüvvəsi və texnikası məhv edilirdi, ərazilərimiz düşməndən təmizlənirdi. Növbəti döyüşdə Nicat Qasımov şəhid oldu, əbədiyyətə qovuşdu. Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olundu.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında əbədi məşəl abidəsini ziyarət etdilər. Nicat Qasımovun məzarı üstünə tər qərənfillər düzdülər. Şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər.  

Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"