Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2023 13:37

Örnək qəhrəmanlarımızı tanıyaq

Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Bu şanlı səhifə daim araşdırılacaq,  oxunacaq, qəhrəman xalqımıza qürur, fəxarət hissi yaşadacaq. Düşmən əlində əsir qalmış qədim yurd yerlərimizin, ata-baba torpaqlarımızın azadlığına qovuşması igid, cəsur Vətən övladlarımızın adıyla bağlıdır. Qanları, canları bahasına torpaqlarımızı erməni vandallarının işğalından azad edən mərd oğulların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar, fədakarlıqlar yaddaşlardan heç zaman silinməyəcək. Adları tarix kitablarına salınacaq, qəhrəman obrazları teatr və kinomuzun səhnələrində canlandırılacaq. Gələcək nəsillər Vətən fədailərini  daha yaxından tanıyacaqlar.  Qalibiyyət bayrağını uca zirvələrdə dalğalandıran o Vətən övladları ölməzdirlər.
Xalqımızın Böyük Zəfər qazanmasından üç il ötür. Üç ildir ki, 30 ilə yaxın işğala son qoyulmuşdur. Artıq orta və ali məktəblərdə işğal tariximiz deyil, düşməndən azad olunmuş ərazilərimizin tarixi, 44 günlük Vətən müharibəsinin şanlı səhifələri öyrənilir.
Respublikamızda orta məktəblərdə şəhidlərimizin tanınması, xatirəsinin dərin ehtiramla daima yad olunması məqsədilə sinif otaqlarına onların adları verilib. Belə məktəblərdən biri də Bakı şəhəri Nizami rayonu Ərəstun Mahmudov adına 220 saylı  məktəb-liseydir. Bu  təhsil ocağında xeyli sayda ibtidai və yuxarı sinif otaqlarına şəhidlərimizin adları verilib.
Məktəb-liseyin 1d sinfinin şagirdlərinin də Vətən Müharibəsi Qəhrəmanı, şəhid zabit Orxan Əkbərovun şərəfli döyüş yolu barədə çoxlu bilgiləri var. Çünki bu fidan balaların oxuduğu sinif otağı qəhrəmanın adını daşıyır. Təhsildə ilk addımlarını atan birincilər artıq bilirlər ki, doğma Azərbaycanımız  qalib, zəfər qazanmış ölkədir. Bu zəfəri  xalqımıza qazandıran Orxan kimi qəhrəman oğullardır. Onlar hər gün daxil olduqları sinif otaqlarında şəhid polkovnik-leytenant Orxan Əkbərovun şəxsi əşyaları ilə bəzədilmiş guşəsini görür, həmin guşənin önündə dayanıb Vətənimizə, Qələbəmizə və  qəhrəman oğullarımıza həsr olunmuş şeirləri, Dövlət Himnimizi səsləndirirlər.
 1d-nin sinif rəhbəri Gülnarə Quliyevanın təşəbbüsü ilə qəhrəmanın xatirəsinə yaradılan sinif otağındakı guşədə qəhrəmanımız haqqında yazılan kitablar, məqalələr, onun hərbi geyim formaları, fotoşəkilləri və bəzi şəxsi əşyaları yerləşdirilib. Gülnarə müəllim qeyd etdi ki, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Orxan Əkbərovun adı üç ildir ki, sinif otağına verilib. "Artıq həmin sinfin şagirdləri 4-cü sinifdə oxuyurlar. Onlar estafeti birincilərə veriblər. Kiçik yaşda olmalarına baxmayaraq, şagirdlər Orxan Əkbərov haqqında daha çoxlu bilgilər öyrənməyə çalışırlar. Elə bu məqsədlə də bir qrup məktəbli  və onların valideynləri ilə birlikdə qəhrəmanımızın vaxtilə yaşadığı ünvana ziyarətə getdik. Burada da qəhrəmanın şəxsi əşyalarından ibarət yaradılan guşə şagirdlərimizdə böyük maraq doğurdu. Bu görüş və ziyarət onların hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaq. Məktəbimizdə şagirdlərə mütəmadi olaraq şəhidlərimiz haqqında məlumat verir, onların keçdikləri döyüş yolundan danışıram. Sinif otağına qəhrəmanın adı verildiyi tarixdə - şəhid olduğu gün anım tədbiri keçirdik. Tədbirə şəhidin ailə üzvləri, döyüşçü yoldaşları da gəlmişdilər. Biləsuvar rayonunda yerləşən ata ocağında qəhrəmanın abidəsinin açılış mərasimində məktəbimizin bir qrup şagird və müəllim heyəti də iştirak etmişdi. Bütün bunlar məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır".
Vətən Müharibəsi Qəhrəmanı  polkovnik-leytenant Orxan Əkbərovun vaxtilə  yaşadığı evi ziyarət edən  1d sinfinin şagirdləri Ayxan Məmmədli, Xatun Bədəlova, Əlirza Qasımov, Cavid Piriyev, Elmir Novruzov, valideynləri Gülayə Məmmədova, Lamiyə Bədəlova, Aytən Piriyeva, Durna Qasımova şəhidin qızı Sevil və həyat yoldaşı Nuranə xanımla  yaxından tanış oldular. Onlar qəhrəmanımızla bağlı  xatirələri, səmimi söhbətləri maraqla dinlədilər.
Nuranə xanım danışdı ki, Orxan bütün uşaqları çox sevirdi.  "Arzulayırdı ki, tezliklə müharibə qurtarsın, onlar sülh şəraitində  xoşbəxt, firavan yaşasınlar, oxuyub ali təhsil alsınlar. Uşaqların azad torpaqda yaşamaları üçün sülh  naminə canından keçdi Orxan kimi oğullar. Siz də dərslərinizi əla qiymətlərlə oxuyub azad Vətənimizin əsl vətəndaşları olun. Şəhidlərimizi unutmayın,  hər birinin şərəfli döyüş və ömür yollarını öyrənin.  Yeri gəlmişkən deyim ki, Orxanın ömür və döyüş yolundan bəhs olunan "Əfsanəvi kəşfiyyatçı" adlı kitab nəşr olunub. Vətənimizin qəhrəman oğullarına həsr edilmiş filmlərə baxın, kitabları oxuyun. Öyrənin ki, onlar necə  torpaqlarımızı işğal etmiş erməniləri məğlub ediblər. Hər bir şəhid bizim qürur yerimizdir. Siz şagirdlər dərslərinizdən yüksək qiymətlər alın ki, onların da ruhu şad olsun".
Məktəblilər və valideynlər  şəhid zabit Orxan Əkbərovun mənzilindəki guşəsində yer alan şəxsi əşyaları ilə də yaxından tanış oldular.
İstedadlı birincilər Xatunla Cavid  "Zəfər" şeirindən misralar səsləndirdilər, Əlirza, Elmir, Ayxan şəhid qəhrəmanın ömür və döyüş yolu haqqında öyrəndiklərini söylədilər. Əlirza, eyni zamanda, "Azərbaycan, Zəfər günün mübarək!"  şeirini  dedi.
Gülnarə müəllim görüşün sonunda kollektiv adından qəhrəmanın həyat yoldaşı Nuranə xanıma hədiyyə təqdim edərək xüsusi vurğuladı ki, örnək qəhrəmanlarımızı tanıtmaq, onların adlarını, xatirəsini yaşatmaq hər birimizin Vətən qarşısında vicdan borcumuzdur. Şəhidlərimizin adları daima əbədiləşdirilir. Onların qəhrəmanlıqları dastanlara çevrilərək  xalqımızın yaddaşına əbədi həkk olunub.
Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"