Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2023 11:37

Vətən üçün yaşanan ömür

Ömür Vətən, xalq üçün yaşananda mənalı olur. Belə yaşamaq haqqı hər yetənə nəsib olmur. Həyatının mənasını, məramını Vətənə şərəfli xidmətdə görən cəsur oğullar bu taleyi yaşayırlar. Vətənpərvər, rəşadətli oğullar tərəfindən Vətən torpaqları həmişə qorunur.
XX yüzilliyin sonlarında da belə oldu. Vətənimizə qarşı düşmən hücumları başladı. "Böyük Ermənistan" xülyası ilə yaşayanlar qədim tarixi torpağımız olan Qarabağı özlərinə birləşdirmək iddiasına düşdülər. Böyük təxribatlar törədərək, təcavüzkarlıq siyasətini davam etdirdilər. 2016-cı ildə, 2020-ci ildə ərazilərimizdə yenidən təxribatlara əl atdılar. Azərbaycan Ordusu düşmən qüvvələrə layiqli cavablar verdilər. Buna baxmayaraq təxribatlardan əl çəkmədilər. Təkrarən 2020-ci il sentyabrın 27-də cəbhə boyu ərazilərimizə hücum etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev düşmənə qarşı əks-hücum əməliyyatının keçirilməsi əmrini verdi. Silahlı Qüvvələrimiz və xalqımız qısa müddət ərzində səfərbər oldular.
Vətənə xidmətləri ilə həmişə seçilən Xüsusi təyinatlılar 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, yenə də düşmənlə mübarizədə qətiyyətli mövqe tutdular. Qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirdilər.
Xüsusi təyinatlılarda xidmət edən mərd, cəsarətli, qorxmaz igidlərdən biri də Ruslan Mehman oğlu Qəhrəmanov 1988-ci ildə dünyaya göz açıb. Onun atası Mehman Qəhrəmanov sovet qoşunlarının məhdud kontingenti tərkibində Almaniyada gizir rütbəsində xidmət edib. Sonra isə xidmətini Gəncə şəhərində davam etdirib. Birinci Qarabağ döyüşlərində Murovdağ istiqamətində, Ağdərədə, Tərtərdə döyüşüb. Döyüşlər zamanı yaralandı, II qrup Qarabağ müharibəsi əlili oldu.
Ruslanda hərbçi peşəsinə marağı atasının keçdiyi həyat yolu yaradıb. Çox vaxt onu hərbi formada görüb. O da atası kimi hərbçi olmaq qərarına gəlib. Onun bu istəyinə qarşı heç kim çıxmayıb. 1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan Ruslan nümunəvi kursant kimi tanınıb, ata yolunun davamçısı olacağına söz verib. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Təhsil illərində zabit peşəsinin sirlərini öyrənib. Ali hərbi məktəbi bitirərək “leytenant” rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmətə başlayıb.
2016-cı ilin Aprel döyüşlərində baş leytenant Ruslan Qəhrəmanov Talış kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Tabeçiliyində olan şəxsi heyətlə düşmənə qarşı qətiyyətlə döyüşüb. Döyüşlərdə iştirak edənlər Ruslanın qəhrəmanlıqla, mərdliklə döyüşdüyünü deyirlər. "Döyüşlər təsdiqlədi ki, Azərbaycan əsgərinin döyüş hazırlığı, yüksək mənəvi-psixoloji hazırlığı formalaşır və bu ordu Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamağa qadirdir. Biz bu amalla xidmət edirik, əsgərlərimiz bu amalın əsgəridirlər", - Ruslan belə deyərmiş.
Ruslan Qəhrəmanov “kapitan” hərbi rütbəsində bölmə komandiri, təlim-tədris mərkəzində müəllim, hərbi hissənin rabitə rəisinin müavini vəzifələrində xidmət edib.
2020-ci il sentyabrın 27-də kapitan Ruslan Qəhrəmanovun daxil olduğu hərbi hissə Murovdağ istiqamətindən döyüşə qoşuldu. Düşmən müqavimət göstərsə də, döyüşçülərimizin qətiyyəti, cəsarəti düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlərdə kapitan Ruslan Qəhrəmanov verilən tapşırıqları müntəzəm yerinə yetirdi.
Kapitan Ruslan Qəhrəmanovun xidmət etdiyi bölmə Füzuli-Cəbrayıl istiqamətinə göndərildi. Gərgin döyüşlər davam edirdi. Ağır döyüşlər zamanı Ruslan Qəhrəmanov düşmən gülləsinə tuş gəldi, onu ölümün əlindən xilas etmək mümkün olmadı. Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı kapitan Ruslan Qəhrəmanov.
Vətən müharibəsi qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsində fərqlənənlər müxtəlif orden və medallarla təltif edildilər.
Kapitan Ruslan Qəhrəmanov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görüldü.
Onun 3 körpə balası - Aygün, Mələk və Yusif də həmişə ataları ilə fəxr edəcəklər. Onlar da ataları kimi Vətənə, xalqa layiq övladlar olacaqlar. Bütün bunlar barədə kapitan Ruslan Qəhrəmanovun şəhidlik zirvəsinə ucalmasının 3-cü ildönümünə həsr olunmuş anım mərasimində ətraflı danışıldı. Onun keçdiyi mənalı həyat, döyüş yolu silahdaşları, ictimaiyyət nümayəndələri tərəfindən bir daha xatırlandı. Bildirildi ki, Azərbaycan xalqının tarixinə yeni Zəfər salnaməsi yazan qəhrəmanların xatirəsi heç vaxt unudulmayacaq, qəlblərdə daim yaşayacaqlar.
Mərasim iştirakçıları kapitan Ruslan Qəhrəmanovun məzarı üstünə tər qərənfillər və gül çələngləri qoydular, şəhidlərin ruhuna dualar oxudular.
Mübariz MUSAYEV

"Azərbaycan Ordusu"