Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2023 14:03

Təlim meydanlarında mətinləşən sürücü-mexanik

Tarixi Zəfərin qazanılmasında bütün qoşun növləri ardıcıl olaraq üzərinə düşən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirib. Qazandığımız Zəfər məhz bunun təntənəsi idi. Döyüşdə əldə olunan hər bir uğurun arxasında gərgin təlimlərin nəticələri dayanırdı. O təlimlər ki, bu gün də əsgərlərimiz döyüş təcrübələrini artırmaqdadırlar.
Təlim meydanındayıq, fəth ediləcək yüksəkliklər və hədəflər məlumdur. Tanklar, piyada döyüş maşınları, artilleriya qurğuları və piyada bölmələri öz yerlərində hazır dayanıblar. Yaxınlıqda əraziyə uyğun maskalanmış PDM dayanıb. Piyadanın döyüş maşını tam tərkibdə aidiyyəti üzrə yuxarı komandanlığın tapşırığını qəbul edir və heyət ona uyğun fəaliyyət qururdu. Gizir Elçin Əliyevin komandiri olduğu piyadanın döyüş maşını Qarabağın azad edilməsi istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Buna baxmayaraq onlar yenə də döyüş təcrübələrini artırmaq məqsədilə təlim meydanındadırlar. PDM-in yanında ayaq saxladıq. Elə bu an maşının sürücü-mexaniki bizə yaxınlaşdı. Bu piyadanın döyüş maşınının sürücü-mexaniki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Asif Məmmədovdur. Əsgərin çöhrəsindəki səmimiyyət, təbəssüm dolu baxışlar onun təlimə hansı ovqatla qatıldığından xəbər verirdi. Görüşüb tanış oluram. Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. Əsgər Asif Məmmədov 2008-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edir.
"Hərbi xidmətdən yenicə qayıtmışdım. Cəbhə bölgəsində düşmənlə təmas xəttində xidmət etmişdim. Qərara gəldim ki, zirehli maşının sürücü-mexaniki olum. Bu məqsədlə sənədlərimi hərbi hissəyə təqdim etdim. Çox keçmədi fiziki hazırlıqdan və testlərdən imtahan verdim. Uğurlu nəticə əldə edib, ordu sıralarına qəbul olundum. Daha sonra ixtisas hazırlığı kursu təşkil olundu. Kursu da yüksək nəticələrlə başa vurub xidmət yerinə qayıtdım. Xidmət dövründə dəfələrlə fərqlənmişəm. Sevinirəm ki, döyüş əməliyyatlarında da iştirak etmişəm", - deyə Asif Məmmədov bildirdi.
Əsgər Asif Məmmədov Aprel döyüşlərinin, İkinci Qarabağ müharibəsinin və bu ilin sentyabrın 19-da keçirilən əməliyyatın iştirakçısı olub. Qarabağın və digər ərazilərimizin erməni işğalından azad edilməsində iştirak etmək arzusunda olan Asif Suqovuşan uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmçinin Kəlbəcər və Ağdamın azad olunması istiqamətində gedən döyüşlərdə vuruşub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Asif Məhərrəm oğlu Məmmədov döyüşlərdə göstərdiyi igidliyə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Təlimlərə gəlincə, Asif dedi ki, hərbi xidmətə başladığı ilk günlərdən təlim meydanlarına cəlb olunub.  Döyüşatışlı təlimlərdə mükəmməl iştirak edib. O, bu kimi təlimlərdə əsgərlərin daha da peşəkarlaşdığını əminliklə qeyd etdi.
Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"