Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan rəşadətli Azərbaycan Ordusu bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən regionun ən güclüsünə çevrilərək, dünya orduları sıralarında yer alır. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz hadisələri, Vətən müharibəsi və ən son həyata keçirilən əməliyyat tədbirləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, ordumuz istənilən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməyə qadirdir. Bu qələbələri isə bizlərə yaşadan qəhrəman şəhidlərimiz oldu. Onlar qorxu bilmədən, düşmən üzərinə irəliləyib, tarixi torpaqlarımızı gerçək sahibinə qaytardılar.
Vətən uğrunda canından keçən qəhrəmanlarımıza dövlətimiz və xalqımız tərəfindən hər zaman yüksək ehtiram göstərilir. Şəhid ailələrinə isə diqqət və qayğı dövlət rəhbərliyinin fəaliyyətində həmişə prioritet məsələ kimi qalır və uğurla davam etdirilir. Bu məsələ Müdafiə Nazirliyinin də daim diqqət mərkəzindədir. Hərbi hissələrdə şəhidlərin xatirəsinə abidələr ucaldılır, hərbçilərə şəhidlərimizin döyüş yolu haqqında məlumatlar verilir və onların döyüş yolunun xatırlanması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
"N" hərbi hissəsində baş leytenant Fərahim Baratoğlu şəhidlər abidəsinin önündə gənc əsgərlərə Vətən torpaqları uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qardaşlarımızın qəhrəmanlığı, qorxmazlığı, vətənpərvərliyi haqqında maarifləndirici söhbət edirdi. Zabit bildirdi ki, Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. "Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəfdir. Vətəni göz bəbəyi kimi sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaq isə ən müqəddəs duyğudur. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igidlərimiz döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla layiqli dərs verməklə, qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazdılar”.
Söhbətinə davam edən zabit bildirdi ki, Azərbaycan Ordusunun həyata keçirdiyi bütün döyüş əməliyyatları isə dediklərimizin əyani sübutudur. “Belə ki, Vətən müharibəsinin ilk günündən etibarən mətin addımlarla irəliləyən oğullarımız erməni hərbi birləşmələrinin müdafiə xəttini yararaq işğal altında olan bir neçə yaşayış məntəqəmizi işğaldan azad etdilər. Qarşısında əngəl tanımayan igidlərimiz hər gün daha da irəliləyirdilər. Dəqiq hesablamalar apararaq düşmənin atəş nöqtələri, mövqeləri, sığınacaqları, hərbi təyinatlı obyekt və texnikaları artilleriyaçılarımız tərəfindən məhv edilirdi. Hərbçilərimizin güc və qüvvətini görən düşmən isə qaçmaqdan başqa çıxış yolu tapa bilmədi. Bunun nəticəsidir ki, cəmi 44 gün ərzində 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Azərbaycan xalqına həsrətlə gözlədiyi Böyük Qələbə gününün sevincini rəşadətli ordumuz bəxş etdi. Əlbəttə, bu tarixi qələbəni bizlərə yaşadan şəhidlərimiz oldu. Onlar Vətən qarşısında olan övladlıq borcunu layiqincə yerinə yetirdilər. Şəhidlərimizin xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə hər bir azərbaycanlının ən müqəddəs vəzifəsi və vətəndaşlıq borcudur".
Zabit, həmçinin qeyd etdi ki, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa borcluyuq. Çünki torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər. Vətənpərvərlik tərbiyəsi də buradan başlayır. Gənclər də öz Vətəninə sevgi və məhəbbət hissinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün şəhidlərimizin keçdiyi döyüş yolunu onlara çatdırmalı, hansı vasitə ilə olursa-olsun, bu yolda var gücümüzlə çalışmalıyıq.
Kapitan
Orxan HÜSEYNLİ
"Azərbaycan Ordusu"