Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2023 14:03

“Biz döyüşlərdə möhkəmləndik”

Aslan 44 günlük Vətən müharibəsi başlayanda 4-cü kursda oxuyurdu. Həmin günlərdə heç düşünməzdi ki, qəflətən müharibə başlayacaq, o da yoldaşları ilə birgə kiçik leytenant rütbəsi alaraq əvvəlcə təlim poliqonuna, oradan da döyüş bölgəsinə yola düşəcəklər...
28 il öncə də yenicə formalaşan Azərbaycan Ordusunun tarixində belə məqamlar olmuşdu. 27 sentyabr 2020-ci ildə həmin tarix təkrar yaşandı. Birinci Qarabağ müharibəsi zamanı o vaxtkı Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sonuncu kursunun kursantlarına kiçik leytenant hərbi rütbəsi verilib cəbhəyə göndərilmişdilər. Vətən çağıranda, Vətənin başının üzərini qara buludlar alanda, Ali Baş Komandanın "Döyüş" əmri kursantlara kifayət etmişdi. Kursantlar - elin, obanın igid, qorxmaz  oğulları "Hər şey Vətən üçün, hər şey Vətən naminə"  çağırışına səs verərək döyüşə atılmışdıllar.
Gənc zabit Aslan Əzizov da Vətənin çağırışına səs verənlərin sırasında olub.  Sələflərinin şərəfli döyüş yolunu yoldaşları ilə birlikdə o da uğurla davam etdirib. Qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində bacarıq və cəsarət göstərib.
Aslan Mehdi oğlu Əzizov 20 dekabr 1999-cu ildə Masallı rayonunun Qədirli kəndində müəllim ailəsində doğulub. 14 yaşından hərbi sahəyə böyük marağı yaranıb. Bu marağın təsirindən 2014-cü ildə o, sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir. Şərəfli kursant adını daşımaq Aslana da qismət olur. O, liseydə oxuduğu müddətdə hərbi vərdişlərə dərindən yiyələnir. Müəllimlərinin və kursant yoldaşlarının rəğbətini qazanır. Hərbi liseyi uğurla başa vuran Aslan 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (İndiki Heydər Əliyev adına Hərbi İnstitut)  qəbul olur. Burada oxuduğu müddətdə də hərb sənətinin sirlərini mənimsəməyə, döyüş hazırlığını, o cümlədən mənəvi-psixoloji və fiziki  hazırlıqlarını daima artırmağa çalışır. Hərbi peşənin incəliklərinə yiyələnmək,  işğalda qalmış torpaqlarımızın azadlığı uğrunda gedəcək döyüşlərdə iştirak etmək Aslanın ən böyük arzusu idi. Dördüncü kursa keçəndə onun arzusu reallaşır. Sonuncu kursun kursantlarına “kiçik leytenant” hərbi rütbəsi verilərək cəbhəyə göndərilir. Onların sırasında Aslan da var idi...
Leytenant  Aslan Əzizovla  xidmət etdiyi hərbi hissədə görüşüb söhbət apardım. Hərbi peşəni seçməsində dayısının da rolu olduğunu, onun hərbi geyiminə, xidməti silahına həmişə böyük maraqla baxdığını dedi Aslan. "Hərbi peşə nə qədər çətin olsa da, o qədər də şərəflidir, müqəddəsdir. Bu peşə Ana Vətənimizi, torpağımızı qorumaq peşəsidir.  Ali Baş Komandanın  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun hərbi qulluqçuları qaynar döyüşlərin önündə irəlilədilər. İllərlə erməni faşizminin dağıtdığı şəhər və kəndlərimiz onların qəhrəmanlığı, igidliyi sayəsində işğaldan azad olundu. Biz gənc zabitlər poliqonda səfərbərliklə çağırılan şəxsi heyətə qısa müddətdə təlim keçərək, taqımın komplektləşdirilməsi üçün gecə-gündüz çalışırdıq. Bilirdik ki, taqım döyüş gedən istiqamətlərə göndəriləcək. Bir neçə gündən sonra taqım cəbhəyə yola düşdü. Zəngilan, Qubadlı, Laçın  rayonları istiqamətində gedən döyüşlərə qatıldıq. Axırıncı döyüşümüz Laçın rayonunun Güləbird kəndi istiqamətində oldu. Ərazilərimiz kənd-kənd azad olundu. Təəssüf hissiylə onu da qeyd edim ki, yoldaşlarımızdan beş nəfər şəhid oldu. Xoşbəxt zabitlərdənəm ki, mən də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin  iştirakçısı oldum. Biz döyüşlərdə möhkəmləndik. Dekabrın 26-da Bakıya qayıtdıq. Təhsilimizi “kiçik leytenant” hərbi rütbəsində davam etdirib,  “leytenant” rütbəsi ilə  başa vurduq. 2021-ci ildən bu hərbi hissədə xidmət edirəm. Döyüşlərdə qazandığım təcrübəni böyük həvəslə, qürurla tabeliyimdə olan şəxsi heyətə aşılayıram. Sentyabrda həyata keçirilən əməliyyat tədbirlərində də iştirak etdim. Şəhidlərimizin, müharibə iştirakçılarının şərəfli döyüş yolu hər birimiz üçün örnəkdir".
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə gənc zabit Aslan Əzizov "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının  zad olunmasına görə" medallları ilə təltif olunub.
İnanırıq ki, döyüşlərdə möhkəmlənən leytenant Aslan Əzizov  gələcəkdə də  nümunəvi xidməti ilə fərqlənəcək, döyüş hazırlığını daha da artıracaq, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsinə öz töhfəsini verəcək  qətiyyətli, peşəkar zabitlərimizdən biri olacaq.                                                                                                                                                   

Lalə HÜSEYNOVA

foto

Coşqun CƏFƏROVUNDUR

"Azərbaycan Ordusu"