İkinci Qarabağ müharibəsi kimi başlayıb Vətən müharibəsi kimi davam edən müharibə Azərbaycanın sərhədlərindən kənarda da azərbaycançılıq heysiyyəti ilə izlənilirdi; qazanılan mövqe qələbələri Azərbaycanı sevənlərə sevinc yaşadırdı. Hər azərbaycanlı, Azərbaycana rəğbəti olan hər xarici ölkə vətəndaşı özünü ruhən döyüşənlərin sırasında hiss edirdi. Türkiyənin o vaxtkı milli müdafiə naziri Hulusi Akarın dediyi "Türkiyə hər zaman Azərbaycanın yanındadır" kəlamı Türkiyənin Azərbaycan sevgisinin ifadəsi kimi tarixləşmişdi...
Azər Abdullayev Mingəçevirdə anadan olub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) bitirib, müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib.
Polkovnik-leytenant Azər Abdullayev 2019-cu ildə akademik hərbi təhsil üçün Türkiyəyə - Milli Müdafiə Universitetinə ezam edilmişdi. İkinci Qarabağ müharibəsinin başladığını orada eşitmişdi. Ürəyi polkovnik-leytenant Azər Abdullayevi də Vətən müharibəsinə çəkmişdi. Azərbaycana qayıtmaq, döyüşənlərin sırasında olmaq istəmişdi. Zərurət olmadığına görə təhsilini davam etdirməyi məsləhət görmüşdülər.
Vətən müharibəsinin ilk gününün həyəcanını Türkiyə Milli Müdafiə Universitetinin türkiyəli müdavimləri ilə nəfəs-nəfəsə yaşadı. Ordumuzun düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi sədləri darmadağın etməsi, ilkin mövqe qələbələri qazanması azərbaycanlı zabitin qüruruna dönmüşdü. Türkiyəli hərbçilər onu Azərbaycan adına bayraqlaşdırmışdı, "Bu qələbələr həm də bizim qələbələrimizdi!" demişdilər. Azər Abdullayev Mehmet Okan Paşaya bir xahişlə müraciət etmişdi: Azərbaycanın ədalətli müharibəsi haqqında müdavimlərə geniş məlumat vermək istəyirəm, rəhbərliyin razılığını alın. Razılıq verildi. Hər gün dərslərdən əvvəl mahiyyəti informasiya vaxtı olan yarım saatlıq müddətdə Azərbaycanın ədalətli müharibəsinin gedişindən, qazanılan qələbələrdən danışırdı. Bu, müəyyən mənada, Azərbaycanın Vətən müharibəsinin döyüşlərindən sistemli, dəqiq informasiya çatdırma missiyası idi. Bəzən həmin 30 dəqiqənin içində, bəzən tənəffüslərdə, fasilələrdə, bəzən də dərslərdən sonra müdavimlər ona suallarla müraciət edirdilər. Hər sual öyrənməyə, bilməyə yönəlsə də, mahiyyəti baxımından Azərbaycana, Azərbaycanın ədalətli müharibəsinə, bəşəri mübarizəsinə rəğbət idi. Oktyabrın 17-də Ermənistan Gəncəyə ballistik raketlər atmışdı. Binalar dağıdılmışdı, insanlar həlak olmuşdular. Bu ağrıları Milli Müdafiə Universitetinin azərbaycanlı, türkiyəli müdavimləri ilə bir sırada pakistanlı, Cənubi koreyalı, somalili, gürcüstanlı, ... müdavimlər də yaşayırdılar. Səhərisi gün Azər Abdullayev müdavimlərə ermənilikdən, erməni xislətindən danışdı. Gəncə faciəsi haqqında öyrəndiklərini ümumiləşdirib bitkin məlumat verdi. Pakistanlı zabit Mühəmməd Dovi müdavimlər adından dedi: Hamımız Azərbaycanın haqlı olduğunu, ədalətli müharibə apardığını bir daha dərk etdik. Onu da dərk etdik ki, Ermənistan işğalçı dövlətdir. Gəncəyə raketlər atmasını dünya ictimaiyyəti lənətləməlidir...
Həmin gün müdavimlərin hadisəyə münasibət bildirməsi üçün vaxt şəraiti yaradılmışdı. Cənubi koreyalı zabit-müdavim Kim Cu Yanqo Azər Abdullayevə həm müdavimlər adından, həm də təmsil etdiyi ordunun şəxsi heyəti adından başsağlığı vermişdi. Kövrək anlar yaşanılmışdı. Həmin gün informasiyalar Gəncə faciəsini əhatələmişdi. Məlumatlar həm də texniki vasitələrdən istifadə edilməklə, görüntülərlə təqdim olundu. Kim Cu Yanqo döyüşlərdən 100 kilometrlərlə uzaqlarda törədilən bu cinayəti bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırdı. Qəhərlə Azər Abdullayevdən dağıntılar arasında körpə uşağın oyuncaqlarının görüntüsü olan şəkli xahiş etdi. "Mənim ölkəmdə də bu vəhşiliklər haqqında gerçək məlumatlar olsun", - dedi...
Polkovnik-leytenant Azər Abdullayev Azərbaycana, Azərbaycanın ədalətli müharibəsinə rəğbəti olan müdavimin xahişini yerinə yetirdi. Müdavim-zabit şəklə baxanda kövrəkliklə, "Bu şəkli görənlər heç zaman bu müharibəyə görə "Kim haqlıdır?” sualını verməz", - dedi. Kaş müdavim-zabitin qəhərini Ermənistana siyasi və hərbi yardım edən dövlətlər də görəydilər, bəşəriliyin nə olduğunu dərk edəydilər. Bəlkə onda müharibə cinayətinə görə canilərə bəşəri hökm tələb edənlərin sırasında onlar da olardılar...
Milli Müdafiə Universitetində qırxdan çox ölkədən yüzlərlə müdavim akademik hərbi təhsil alırdı. Bir-biriləri ilə tanışlıq təmsil etdikləri dövlətlərin tanışlığı idi. Azərbaycanı tanımayanlar da, bəlkə də onun varlığından xəbəri olmayanlar da vardı. Azərbaycan Ordusunun zabiti Azər Abdullayev gündəlik müharibə informasiyaları verməklə bu missiyanı da yerinə yetirirdi.
"Vətən müharibəsində Vətəndən uzaqda Vətən üçün nəsə etmək istəmişdim, Mehmet Okan Paşanın köməyi ilə buna nail olmuşdum. Vətən müharibəsinin xronikasını geniş formatda Universitetdə akademik hərbi təhsil alan müdavimlərə çatdırırdım. 40-dan çox dövləti təmsil edən müdavim-zabitlər Azərbaycan həqiqətlərini ətraflı dərk edirdilər. Somalili zabit-müdavimin xahişi məni də, türkiyəli müdavim-zabitləri də duyğulandırdı: Azərbaycana, döyüşənlərə çatdır ki, biz - müdavimləri göstərmişdi - onların qalib gələcəyinə inanırıq.
Azər Abdullayev Azərbaycanı daha əhatəli tanıtmaq məqsədi ilə Azərbaycanın dövlətçilik tarixini əhatələyən geniş məlumat-bilgi hazırladı. Ermənilərin Azərbaycanda nə vaxtdan və necə məskunlaşması haqqında da danışmağı, Ermənistanın Azərbaycandan ərazi iddiası haqqında da informasiya verməyi qətiləşdirdi. Seminar formatında keçiriləcək bu tədbir üçün bütün texniki şərait yaradıldı. Belə bir seminarın keçirilməsini Universitetin rəhbərliyi Azərbaycan Ordusunun apardığı ədalətli müharibəyə mənəvi dəstək bildi. Azər Abdullayev seminarda saytlardan istifadə etməklə Azərbaycanda Ermənistanın başladığı Birinci Qarabağ müharibəsinin səbəblərini şərh etdi, ermənilərin törətdiyi Bağanis-Ayrım, Başlıbel, Ağdaban, Malıbəyli, Meşəli, Xocalı faciələrini xatırlatdı. Bu, elmi seminar idi. Azərbaycanlı zabitin Azərbaycanın sərhədlərindən kənarda nüfuzlu hərbi təhsil müəssisəsində təşkil etdiyi seminar! Faktlarla, sənədlərlə, foto-video materiallarla müşayiət olunan bu seminarın məsləhətçisi - Mehmet Okan Paşanın məsləhəti ilə sonra yeni bir seminar da təşkil olundu. Hər iki seminarda hərbi-publisistik mahiyyəti ilə Azərbaycan həqiqətləri əhatəli və gerçəkliklə şərh olundu.
Polkovnik-leytenant Azər Abdullayev deyir ki, Vətən müharibəsində Vətəndən uzaqda Vətən üçün yaşanılanlar da Vətənə görə idi...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"