Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində rəşadətli Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yüksəldilməsi məqsədilə daim profilaktik işlər aparılır. Bu məqsədlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, şəxsi heyətin bütün sosial-məişət şəraiti yüksək səviyyədədir. İşğaldan azad olunmuş ərazilərdə dislokasiya edilən hərbi hissələrdə müasir standartlara cavab verən əsgər yataqxanaları, ideoloji, xidməti, tədris və istirahət otaqları, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana və digər obyektlər inşa edilir. Məğrur Vətən müdafiəçilərinin zəruri ehtiyaclarının ödənilməsi, istirahətləri və asudə vaxtlarının səmərəli keçməsi üçün hərtərəfli şərait yaradılır.
"N" hərbi hissəsində olduğunuz zaman qeyd etdiklərimizin şahidi olduq. Əsgər yataqxanasındakı səliqə-sahman göz oxşayırdı. Əsgərlər Fərid İmambaxışov və Səbuhi Qaragözov yataqxananın səliqə-sahmanı ilə məşğul olurdular. Burada ilk diqqətimizi çəkən şəhid əsgər İnqilab Qasımzadənin yatdığı çarpayının daim nəzarətdə saxlanılması oldu. Silahdaşları bildirdilər ki, İnqilab Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılan əməliyyat tədbirlərində şəhidlik zirvəsinə yüksəlib. Həmçinin qeyd etdilər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə mənfur düşmənə göz dağı verən, tarixi torpaqlarımızı işğalçılardan azad edən və adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq və əbədiləşdirmək hər birimizin borcumuz olmaqla yanaşı, ümdə vəzifəmizdir. Çünki onların qəhrəmanlığı və qorxmazlığı sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Regionda haqq-ədalət bərqərar olundu.
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan əsgər Fərid İmambaxışov xidməti dövründə yaşadığı xoş xatirələrindən, ilk dəfə formanı geyinib sıraya durmağından, burada qazandığı dostlarından, bütün sosial-məişət şəraitlərinin yüksək səviyyədə olmasından, təcrübəli komandirlərinin bilikləri sayəsində peşəkar əsgər kimi formalaşmalarından söhbət etdi. Dedi ki, yuxarı komandanlığın göstərişlərinə əsasən, hər cür şəraitlə təmin olunmuşuq. "İsti yataqxanamızın, qida və geyim təminatımızın qaydasında olması çətinlikləri bizdən uzaq tutur. Hər həftə yataq dəstlərimiz yığılaraq yuyulur, təmizlənir, daha sonra isə ütülənərək yeniləri ilə əvəz edilir. Bu qayğının qarşısında üzərimizə yalnız bir vəzifə düşür - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq. Hər birimiz bu vəzifənin öhdəsindən layiqincə gələcəyimizə əminik. Çünki bu torpaqlar uğrunda neçə qəhrəman oğullarımız xain erməni gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə yüksəlib. Onların canı bahasına azad edərək, bizlərə əmanət etdiyi tarixi torpaqlarımızı göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur".
Qəbələ rayonundan hərbi xidmətə çağırılan Əsgər Səbuhi Qaragözov da əsgər yoldaşının sözlərinə qoşuldu. Dedi ki, Müdafiə Nazirliyinin rəhbərliyinin diqqəti nəticəsində bizlər üçün hər cür şərait yaradılıb. “Burada yaradılan yüksək məişət şəraiti isə hər birimizdə ruh yüksəkliyi yaradır. Belə qayğının qarşılığında isə hər birimizin üzərinə düşən vəzifə birdir - ana Vətən torpaqlarının müdafiəsində mətin dayanmaq. Bu vəzifənin öhdəsindən isə asanlıqla gələcəyik. Çünki keçirilən dərslər və təlimlər sayəsində hərbin sirlərinə dərindən yiyələnib, peşəkar döyüşçü kimi formalaşmışıq”.
Beləliklə, hərbi hissədə yaradılan şəraitlə tanış olduqda bir daha əmin olduq ki, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ordumuzun maddi-texniki təminatı, həmçinin şəxsi heyətin sosial-məişət şəraiti olduqca yüksək səviyyədədir. Bunların nəticəsidir ki, Azərbaycan əsgəri qarşıya qoyulan istənilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi bütün döyüş əməliyyatları isə dediklərimizin əyani sübutudur.
Kapitan Orxan HÜSEYNLİ
"Azərbaycan Ordusu"