Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2023 17:21

Otuz il əvvəl, otuz il sonra

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli kapitulyasiya aktına uyğun olaraq Ermənistan silahlı dəstələrini Qarabağdan çıxarmalı idi. Lakin vaxt ötdükcə düşmən daha da möhkəmlənməyə başladı, imzaladığı təslim aktına əməl etməkdən imtina edərək öz köhnə ampluasında qaldı. Nəticədə Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qeyri-qanuni Ermənistan silahlı dəstələrinə qarşı sentyabrın 19-da Azərbaycan Ordusu əməliyyatlara başladı və bir sutka tamam olmamış düşmən ağ bayraq qaldıraraq irəli sürülən tələblərlə razı olduqlarını dedi.
Ermənilərin beynəlxalq aləmi çaşdıran bəyanat və çıxışları azərbaycanlılara çox tanışdı. Bu dəfə daşnakların bu cür avantür hiylələri işə keçmədi. Çünki artıq Azərbaycan o Azərbaycan deyildi. Dövlətimizin başçısı xarici əlaqələri elə qurmuşdu ki, ermənilər cəbhədə olduğu kimi, diplomatiyada da məğlub oldular. 44 günlük Vətən müharibəsindən sonra zənn etmişdik ki, daha düşmən əlinə silah alıb döyüşməz. Lakin belə olmadı...
Düşmən Xankəndinə, Ağdərəyə, Əsgərana, Xocavəndə, Xocalıya bizim daxil olmağımıza nəinki imkan vermirdi, hətta bu əraziləri "müstəqil Artsax respublikası” kimi tanıtmaq üçün dəridən, qabıqdan çıxırdı. Ancaq əbəs yerə. Çünki Azərbaycan onlara torpaq məsələsində bir qarış da olsa güzəşt etməyəcəkdi. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar cəmi bir gün çəkdi. Sakit dayanmayan, atılıb-düşən, köhnə ampluada olan düşmənin son cəhdləri də boşa çıxdı. Ağ bayraq qaldırıb təslim olmaqdan başqa çıxış yolu qalmadı.
Mən də Azərbaycan Ordusunun ilk əsgərlərindən biri olmuşdum. Bir neçə aylıq təlimdən sonra xidmət etdiyim tabor Tərtər rayonuna gəldi. Onda Ağdərənin azad edilməsi uğrunda gərgin döyüşlər gedirdi. İndiki Şıxarx kəndindən döyüşə başladıq və bir neçə gündən sonra - iyulun 4-də Tərtər-Ağdərə yolu ilə şəhərə daxil olduq. Mərkəzi küçə ilə şəhərin əsas binasına çatdıq və burada Ağdərə şəhərini ermənilərdən tam azad edərək bayrağımızı həmin binanın üstündə dalğalandırdıq. Lakin siyasi hakimiyyətdəki boşluqlar, səriştəsiz idarəçilik nəticəsində bu sevinci sona qədər yaşaya bilmədik. Təəssüf ki, 1993-cü ilin iyunun sonunda Ağdərə yenidən düşmən əlinə keçdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gərgin əməyi nəticəsində ordumuz daha da möhkəmləndi. Xalq-dövlət-ordu birliyi son anda erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bütün dünya ölkələrinin tanıdığı Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Otuz il əvvəl azad edilən Ağdərə bir il azadlıqda qaldı. Otuz ildən sonra erməni vəhşiliyindən Ağdərə əbədi olaraq azadlığa qovuşdu. Otuz il əvvəlki sevinci otuz ildən sonra yenidən yaşadıq.


Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"