Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2023 17:21

Öz işinin peşəkarı

Təbliğat-təşviqat işinin düzgün təşkili mahiyyət etibarilə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığında xüsusi rol oynayır. Bu səbəbdən ordumuzda ideoloji otaqlar planlı tərtib olunur. Azərbaycan Respublikasının tarixi, Dövlət rəmzləri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğu istiqamətində həyata keçirilən fəaliyyət, müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordunun şəxsi heyətinə tapşırıqları və s. öz əksini tapır. Bundan başqa, ideoloji otaqlarda əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılır.
Döyüş şəraiti və təlimlər zamanı da şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə qorunub saxlanılması əsas amillərdən biridir. İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin zabitləri həm qrup şəklində şəxsi heyətlə, həm də fərdi olaraq hərbi qulluqçularla söhbətlər aparır, bölmələrin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması uğrunda çalışırlar. Bu işdə onlara səyyar-ideoloji məntəqələr və orada yaradılan şərait yardımçı olur. İdeoloji otaqlarla yanaşı,  səyyar-ideoloji məntəqələrin və guşələrin tələblərə uyğun tərtibatının da vacibliyi göz önündədir.
Bu istiqamətdə aparılan işlərin ildən-ilə yaxşılaşdırılması, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə ordumuzda müxtəlif müsabiqələr də keçirilir.
Azərbaycan Ordusunun 2023-cü tədris ilinin hazırlıq planına əsasən, "Ən yaxşı təşviqat işinin təşkili" adı altında keçirilən müsabiqədə iştirakçılar ideoloji otaqların, səyyar-ideoloji məntəqə və ideoloji guşələrin, divar mətbuatının təşkili uğrunda yarışlarda bacarıqlarını sınayıblar.
"N" hərbi hissəsində Hərbi Hava Qüvvələri üzrə keçirilmiş müsabiqədə birinci, ümumordu müsabiqəsinin nəticələrinə əsasən ikinci yerə layiq görülən kapitan Elcan İsayev ilə tanış oldum.
Öyrəndim ki, Elcan kiçik yaşlarından hərb sənətinə sevgisini qəlbində böyüdüb. Qarşısına zabit olmaq məqsədi qoyub//. Buraxılış imtahanlarında uğurlu nəticə göstərərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2010-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) məzunu oldu, ordu sıralarında "leytenant" hərbi rütbəsində xidmətini davam etdirməyə başladı.
Elcan artıq kapitan rütbəsinə qədər yüksəlib. Hərbi həyatında, ömür müddətində qazandıqları onun hafizəsində çoxlu sayda xoş xatirələr qoyub: kursant illəri, Aprel döyüşlərində qələbə, 44 günlük haqq savaşımızın sonlandığı tarixi Zəfər. Yaşananların hər biri gələcək nəsillərə dastan və örnəkdir. Elcan özü də bu yoldan keçdiyi üçün böyük fəxr hissi keçirir. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olduğunu qürurla bildirir. Əzəli torpaqlarımızın azadlığı uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, zabit İsayev Elcan Cavid oğlu "Ağdamın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Gənc zabit bildirdi ki, "Ən yaxşı təşviqat işinin təşkili" və bunun kimi digər müsabiqələrin keçirilməsi ordu sıralarında sağlam rəqabət mühiti yaratmaqla yanaşı, onların biliklərinin təkmilləşdirilməsinə də dəstək olur. "Belə tədbirlər qoşun növləri, birlik və birləşmələrdə şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə yönəlir. Təşviqat işinin təşkilindən danışsaq, bu istiqamətdə görülən işlərin təkmilləşdirilməsi olduqca önəmlidir. Əldə edilən nailiyyətlər və döyüş təcrübəsinə əsaslanaraq hərbi qulluqçularımıza sağlam ruh və qələbə əzmi təbliğ etməliyik. Müsabiqələrin məqsədi isə bölmələr və ayrıca götürülmüş fərdlər arasında yarış ruhunun və rəqabət mühitinin gücləndirilməsidir", - deyən kapitan Elcan İsayev sözünü bitirdi.

Baş leytenant İbrahim MƏMMƏDBƏYOV

"Azərbaycan Ordusu"