Mühüm rol oynayan Ulu Öndər Heydər Əliyev dünya miqyasında tanınan və qəbul olunan böyük tarixi şəxsiyyət, uzaqgörən siyasətçi idi və dünyəvi siyasətə Azərbaycan naminə təsir göstərə bilirdi. Sovetlər dönəmində də, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizi Ulu Öndər Heydər Əliyevə görə tanıyırdılar. Dahi rəhbərin parlaq dühası, iti zəkası sərhəd tanımadığından dünyanın böyük siyasətçiləri onun mülahizələrinə, dönməz məntiqinə hörmətlə yanaşırdılar. Bu qüdrət Azərbaycanın hüdudlarını aşırdı. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, möhkəm iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi siyasətçi kimi, natiq kimi, dövlət başçısı kimi, insan kimi, xalqını sevən dövlət xadimi kimi, ... xarakterizə edənlərin fikirləri zamanında da tarix olub, indi də tarixdir, bundan sonra da tarix kimi qalacaq. Tanınmışların dediklərinə nəzər salarkən Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən qürurlanırıq, qəlbimizdə qürur və iftixar hissləri baş qaldırır. Ulu Öndərə verilən bu yüksək qiymətin kökündə sadəcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülhə və tərəqqiyə verdiyi töhfələr də dayanır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq".
Ulu Öndərin dəstəklədiyi Azərbaycan-Türkiyə əlaqələrinin bu gün ən yüksək səviyyədə davam etməsi bütün dünyaya bəllidir. Vətən müharibəsi bunu bir daha təsdiqlədi. Zəfərlə tamamlanan qürur dolu bu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun, qardaşlığın növbəti təzahürü oldu.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin: "Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir".
Beynəlxalq münasibətlər sistemində xüsusi çəkisi olan Rusiya Federasiyası ilə müstəqil Azərbaycanın qarşılıqlı faydalı münasibətlərin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. SSRİ-nin süqutundan sonra müstəqil dövlət olaraq Rusiya və Azərbaycanın münasibətləri yeni siyasi müstəvidə yarandı, inkişaf etdirildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Rusiya-Azərbaycan münasibətləri daha dolğun, əhatəli, etibarlı inkişaf mərhələsinə daxil oldu.
Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlərin qurulmasının vacibliyini belə şərh etmişdi: "Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin balanslaşdırılmış xarici siyasət doktrinasını, Rusiya ilə ikitərəfli əlaqələri də uğurla davam etdirir.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon: "Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır".
Ulu Öndər həm də böyük bir yolun başlanğıcını qoyub. Onun Azərbaycana rəhbər seçilməsi, Azərbaycanı idarə etməsi Sovet Azərbaycanının tarixində yeni bir mərhələnin başlanğıcı idi. O vaxt Azərbaycan müttəfiq respublikalar içərisində geridə qalmış respublikalardan biri idi. Ulu Öndərin fəaliyyəti elə o dövrdən Azərbaycanın dövlət müstəqilliyinə hesablanmışdı.
1993-cü ildən formal olaraq artıq müstəqil dövlətdə yaşasaq da, Azərbaycanda vəziyyət gərgin idi. Azərbaycan dövlətinin təhlükə ilə üz-üzə olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldi. Azərbaycan xalqının Ümummilli Lideri tükənməz gücü ilə arzuladığı müstəqil Azərbaycanı qurub-yaratmağa başladı. Bu Azərbaycanın qurtuluşu oldu.
Fransanın keçmiş prezidenti Jak Şirak: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim".
Azərbaycan xalqının Ümummilli Liderinin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər fəaliyyəti dövründə daim bu amal uğrunda çalışır, bütün gücünü səfərbər edirdi. "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır", - deyən Ulu Öndər torpaqlarımızın düşmən əsarətindən azad olunacağına əmin idi.
Amerika politoloqu Henri Alfred Kissincer: "Dünyanın siyasi tarixində Heydər Əliyev kimi siyasətçilər olduqca nadir bir haldır. Biz Heydər Əliyevlə eyni ildə, 1923-də anadan olmuşuq. Buna görə də, demək olar ki, eyni siyasi staja, illər boyunca hər cür sınaqdan keçmiş bir təcrübəyə malikik. Səmimi etiraf etməliyəm ki, Sovetlər Birliyi rəhbərliyində demokratik baxışlarına görə ən düzgün mövqedə duran məhz Heydər Əliyev idi. Sovet hakimiyyətinin ən strateji və geosiyasi məsələlərinin həllində Heydər Əliyev əvəzedilməz bir siyasətçi idi. Sonralar Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi də tarixi qanunauyğunluqdan irəli gəlir. Bütün maneələrə baxmayaraq, Qafqaz regionu uğrunda gedən böyük "siyasi oyunlar" mühitində o, Azərbaycanı regionun ən güclü və aparıcı bir dövlətinə çevirməyi bacardı. ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsasını da məhz Heydər Əliyev qoymuşdur. Ümumiyyətlə, Heydər Əliyev şəxsiyyət kimi, bir fenomendir!".
Tarixi şəxsiyyətlərin tarixi xidmətləri tarixin axarını xalqının sabahlarına istiqamətləndirmə missiyası ilə ölçülür. Zamanında hadisələrə müdrik qiymət verməyi bacaran tarixi şəxsiyyətlər məqamında xalqının xilaskarı olmağı bacarır.
Ulu Öndər Heydər Əliyev bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etdi, xalqımızın nurlu sabahlarını düşünərək ali amalı uğrunda mübarizə apardı. Rəhbərliyinin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində respublikamızın iqtisadi və sosial tərəqqisinin təmin olunması, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüldü.
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu".
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, dövləti bu məfkurəyə əsaslanan milli dövlət kimi formalaşdırdı, xalqın dövlətçilik hissini gücləndirdi. Azərbaycançılıq ideologiyası sadəcə öz dövlətimizin ərazisində yaşayan şəxsləri yox, bütün dünyada məskunlaşan azərbaycanlıları da əhatə etdi, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevirdi.
ABŞ-ın keçmiş prezidenti Corc Buş: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".
Azərbaycanın müasir iqtisadi inkişaf modelinin müəllifi Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun nəticəsi olaraq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, Azərbaycanın haqq səsi dünyada eşidilməyə başlandı. Uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar dünya dövlətlərinin diqqətini cəlb etdi və 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" kimi nəhəng bir saziş imzalandı. ABŞ-ın, Rusiyanın, Böyük Britaniyanın, Yaponiyanın, Norveçin, Türkiyənin və Səudiyyə Ərəbistanının neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. "Əsrin müqaviləsi" Xəzər dənizində ilk irimiqyaslı layihənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Böyük İpək Yolunun bərpası istiqamətində konkret işlər görüldü. Dünyanın ən nüfuzlu və yüksək texnologiyalara malik neft şirkətləri ilə neft sazişinin bağlanması ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafını təmin etdi, nəticədə davamlı və dinamik inkişafı üçün müstəsna əhəmiyyətə malik oldu. Bunlar Ulu Öndərin siyasi fəaliyyətinin bəhrələridir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri sırasına çıxarmaq arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı.
Böyük tarixi şəxsiyyətlər haqqında deyilən fikirlər tarixdir. Bu tarix deyir ki, Heydər Əliyev dahi idi, dünya siyasətinin nəhənglərindən biri idi, onun siyasi dühası həm də bəşəriliyə söykənirdi. Bu bəşərilik həm də azərbaycançılığı əhatələyirdi...
Kapitan Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"