Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2023 11:30

Əsgərlərin dağ hazırlığı

Hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədilə sinif otaqlarında praktik tapşırıqlar icra edilir. Təlim meydanında olduğum zaman mayor İlkin Ağazadə ilə görüşdüm. O, növbəti məşğələnin taktiki sinifdə keçiriləcəyini və hazırda dərsə hazırlaşdığını bildirdi.
Zabit İlkin Ağazadə taktiki sinifdə əsgərlərə dağ hazırlığı zamanı istifadə edilən döyüş ləvazimatlarından istifadə qaydalarını öyrədirdi. Dağçılıq təlimində istifadə olunan bəzi ləvazimatlarla otaq şəraitində də yaxından tanış olmaq mümkündür. Zabit əvvəlcə mövzuya uyğun istifadə olunan əşyaları stolun üzərinə düzdü. Onların adını və nə zaman, nə məqsəd üçün yararlı olduğunu şəxsi heyətin diqqətinə çatdırdı. Kanat, qarmaq, buz baltası, dişli başmaq və döyüş tapşırıqlarının icrası zamanı istifadə olunan başqa əşyalarla tanışlıq əsgərlərdə maraq oyadırdı.
Dərs rəhbəri ləvazimatlardan necə, nə vaxt, nə cür istifadə etmək lazım olduğunu bir-bir izah edirdi. Əsgərlərdən Vüqar İbişov dağlıq ərazidə istifadə edilən geyimlərdən istifadə qaydalarını təkrar edir.
Əsgərlərdən Vüsal Hüseynov, Kənan Hüseynov və başqaları təlimi yetərincə mənimsədiyini bildirdilər. Onlar sonuncu döyüşlərin də məhz dağlıq ərazilərdə keçirildiyindən dağlıq ərazidə döyüş ləvazimatlarından istifadə qaydalarının öyrənilməsinin vacibliyini yaxşı anlayırlar.
Dərs rəhbəri sərt yamaclardan, sıldırım qayalıqlardan buz bağlamış yollardan keçmək üçün nəzərdə tutulan bu ləvazimatların ilin bütün fəsillərində istifadəyə ehtiyac duyulduğunu da önə çəkdi.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"