Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2023 11:30

Vətənə xidmətdən qürurluyam

Vətən müharibəsinə qədər hər bir əsgərin arzusu işğal altında olan torpaqlarımızın azad olunmasında düşmənə qarşı döyüş əməliyyatlarında iştirak etmək olub. Ulu Öndər Heydər Əliyev uzaqgörənliklə demişdi: "Qoy hər bir azərbaycanlı gənc yaxşı bilsin ki, Vətəni qorumaq, dar gündə torpaqlarımızın keşiyində dayanmaq onun ən müqəddəs vəzifəsidir".
Bu müqəddəs vəzifəni fədakarlıqla yerinə yetirən hərbi qulluqçularımız onlara göstərilən böyük etimadı 30 ilə yaxın davam edən işğala son qoyaraq doğruldublar. Vətən müharibəsi bir daha göstərdi ki, hərbi qulluqçularımız Ulu Öndərin ideaya və kəlamlarına daim sadiqdirlər.
Belə vətənpərvər gənclərdən biri də Vətən müharibəsi iştirakçısı Firuz Rzayevdir. O da həmyaşıdları kimi orta məktəb illərində qədim tariximizə, incəsənətimizə böyük maraq göstərib, hərbi hazırlıq dərslərində fəal iştirak edib. Yeniyetmə və gənclik çağlarında işğal altında qalmış torpaqlarımızın taleyi bir gənc kimi onu da həmişə düşündürüb. Vətən uğrunda şəhid olan qəhrəman oğulların anım günlərində Firuz onların davamçısı kimi xidmət edəcəyinə söz verib. Ali təhsil almaq istəyinə qovuşmasa da, ruhdan düşməyib. Öncə vətəndaşlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.
Firuz Rzayev doğmalarına, yaxınlarına Vətənə sədaqətlə xidmət edəcəyinə söz verib: "Vətən torpaqları öz nicatını mərd, dözümlü və polad iradəli oğullarından gözləyir. Vətən torpaqlarını işğaldan azad etmək üçün hər bir kəs müqəddəs borcunu şərəflə yerinə yetirməlidir". Belə də oldu. Firuz ilk günlərdən ordu həyatında qarşılaşdığı yeniliklərə alışmağa, qayda-qanunlara riayət etməyə başladı. Artilleriya hərbi hissəsində xidmət edən Firuz təcrübəli, peşəkar zabitlərdən hərb sənətinin sirlərini mənimsədi. Təlim və məşğələlərdə fəal iştirak etdi. Fəxri fərmanlara layiq görüldü. 2015-ci ildə hərbi xidmətdən tərxis olunsa da, yenidən taleyini ordu həyatı ilə bağlamaq qərarına gəldi. Silahdaşları kimi, o da Vətən torpaqlarını işğalçılardan azad edəcək qəhrəmanların sıralarında olmaq istəyində idi. Buna görə də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək qərarına gəldi. Ailənin tək oğul övladı olsa da, ata-anası ona xeyir-dua verdi. Müvafiq yoxlamalardan keçərək "N" hərbi hissəsində xidmətə başladı. Təlimlərdə, məşğələlərdə bilik və bacarığını, təcrübəsini artırdı.
27 sentyabr 2020-ci ildə Firuzun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu.
Firuzun döyüş yolu Cəbrayıldan başladı. Silahdaşları ilə birgə döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurdular. Qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə icra edildi. Qubadlının, Laçının düşməndən azad olunmasında da fəal iştirak etdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Firuz Rzayev "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medallarına layiq görüldü.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"