Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı İkinci Qarabağ müharibəsinə yol açdı. Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun vətənpərvər, peşəkar zabit və əsgərləri misilsiz igidlik, fədakarlıq nümunələri göstərdilər. Minlərlə Vətən oğlu ölkəmizin ərazi bütövlüyü naminə silaha sarılıb düşmən üzərinə əks hücuma keçdi. 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalan torpaqlarımız, nəhayət, qəhrəman Azərbaycan oğullarının sayəsində azad edildi.
Belə mərd, qorxmaz oğullardan biri də "N" hərbi hissəsində xidmət edən baş leytenant İbrahim Nəbiyevdir. İbrahim əslən Tovuz rayonunun Şıxheybət kəndindəndir. O, bu kənddə doğulub boya-başa çatıb. Valideynləri kənd həyatında təsərrüfatla, əkin-biçinlə məşğul olub, zəhmətkeş bir ailədə iki oğul övladı böyüdüblər. Tovuz rayonu Ermənistanla sərhəddə yerləşdiyindən ermənilər illərlə bu istiqamətdə də təxribatlar törədiblər. İbrahim də, qardaşı Cilingir də kiçik yaşlarından düşmənin törətdiyi təxribatların şahidi olublar, kənd camaatının, valideynlərinin bu mövzuda danışıqlarını maraqla dinləyiblər. Yaşadıqları rayon döyüş bölgəsi olduğundan burada həmişə hərbçiləri, zirehli texnikaları canlı görüblər. Belə bir mühitdə böyüyən İbrahim gələcəkdə hərb peşəsini seçəcəyini əvvəlcədən valideynlərinə bildirib. Onlar bu arzunun gerçəkləşməsi üçün valideynlik borcunu yerinə yetirməyə söz verirlər. Orta məktəbi əla qiymətlərlə başa vuran İbrahim sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təqdim edir. O, 2014-cü ildə yüksək göstəricilərlə bu ali hərbi təhsil ocağına qəbul olur. 2018-ci ildə artilleriya ixtisası üzrə oranı bitirir. Gənc zabit o vaxt cəbhə xəttində yerləşən artilleriya hərbi hissəsində xidmətə başlayır. İbrahim keçirilən təlimlərdə döyüş bacarıqlarını və peşəkarlığını daima artırır. Komandanlığın rəğbətini qazanır. Nəzəri biliklərini təcrübədə tətbiq etməyi də mükəmməl öyrənir.
Baş leytenant İbrahim Nəbiyevlə söhbətimizdən: "Döyüş bölgəsinə yaxın ərazidə yaşayırdıq. Müharibə, döyüş, silah səsləri, yaralı, şəhid, hərbi formalı insanlar. Bütün bu gördüklərim məni narahat edirdi. Qərara aldım ki, böyüyəndə hərbçi olum. Valideynlərim də mənim arzumun həyata keçməsinə mane olmadılar. Əksinə, onların mənə böyük dəstəyi oldu. Məndən sonra böyük qardaşım Cilingir Nəbiyev də hərb sənətini seçdi. O, 2017-ci ildə "Gizir hazırlığı kursu”nu başa vurub, Azərbaycan Ordusu sıralarında xidmətə başladı. "N" hərbi hissəsində tank komandiri idi. Vətən müharibəsi başlayanda hərbi hissənin tank heyətləri döyüşlərin ən qaynar nöqtələrinə göndərilir. Hər ikimiz demək olar ki, eyni istiqamətdə döyüşürdük. O, tank heyətində, mən isə artilleriya bölmələrində. Bölmələrimiz Zəngilan, Cəbrayıl, Qubadlı istiqamətlərində uğurlu döyüş əməliyyatları həyata keçirirdi. Oktyabrın 28-də Cilingirin Xocavənd uğrunda gedən döyüşlərin ən gərgin anında ağır yaralanması və sonra şəhid olması xəbərini aldım. Çox ağrılı günlər idi... Qardaşım Cilingir evli idi. Bir yaşında oğlu bizə yadigar qaldı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə müxtəlif medallara layiq görülüb".
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladığı ilk gündən İbrahim Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində döyüşdü. Düşmənin artilleriya qurğularının dəqiq atəşlə sıradan çıxarılmasında fədakarlıq göstərdi.
Qardaşların döyüşdüyü ərazilər düşməndən bir-bir azad olunurdu. Cilingirin yarıda qırılan ömrü İbrahimi sarsıtsa da, düşmənlə mübarizəsini sonadək davam etdirdi.
Gənc zabit "Qisas" əməliyyatında da batareya komandiri kimi düşmənin atəş nöqtələrinin qətiyyətlə susdurulmasında xüsusilə fərqlənib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə baş leytenant Nəbiyev İbrahim Azad oğlu "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. Baş leytenant İbrahim Nəbiyev hərbi hissədə yüksək peşəkarlığı ilə seçilən zabitlərdəndir.
Qardaşı Cilingirin uğrunda şəhid olduğu torpaqlar bu gün həyatın yeni məcrasına qədəm qoyub. İşğaldan azad olunmuş rayonlarımızda bərpa-quruculuq işləri başlayıb. Yenidən dirçələn o torpaqlarda xoşbəxt gələcəyə doğru inamlı addımlar atılır.
Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR