Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2023 19:23

Vətən keşiyində duranların sağlamlığının keşikçiləri

Ordunun mühüm tərkib hissəsini təşkil edən əsgərlərin sağlam və güclü olması ölkənin döyüş qabiliyyətini balansda saxlayan vacib amillərdən biridir. Şəxsi heyətin sağlamlığına təsir edən şərtlər onun ərzaq - əşya, gündəlik xidməti fəaliyyət və tibbi təminat şəraitidir. Bunun üçün də hərbi qulluqçularımızın sosial-məişət şəraiti, o cümlədən hərbi təbabətimizin müasir tələblər çərçivəsində qurulması və daima təkmilləşdirilməsi məlum həqiqətdir. Vətən keşiyində duran əsgərlərimizin sağlamlığına cavabdeh olan hərbi həkim, feldşer və sanitar təlimatçılarımızın yüksək biliyə malik olmasını vacib tapşırıq kimi qarşıya qoyan ordu rəhbərliyi bu sahəyə böyük diqqət ayırır.
Belə ki, ordu sıralarında xidmət edən tibb heyətimiz öz ixtisaslarının dərinliklərinə yiyələnmək üçün həm ölkə daxilində, həm də sərhədlərimizin xaricində keçirilən kurs, təlim, konfrans və məşğələlərdə iştirak edir. Gündən-günə müasirləşən tibb sahəsinin müasir tələblərinə cavab verən hospital, poliklinika və hərbi hissələrdəki tibb məntəqələri dövrün standartlarına tam uyğunlaşdırılıb. Müasir avadanlıqlarla təchiz olunmuş tibbi təyinatlı obyektlərimizdə hərbi qulluqçularımıza diqqət göstərilir, sağlamlıqlarının təmin olunması məqsədi ilə təxirəsalınmaz fəaliyyətlər icra olunur.
"N" hərbi hissəsində tibb məntəqəsində yaradılan şəraitlə və şəxsi heyətin sağlamlığına göstərilən qulluqla yaxından tanış olduq. Qəbul otağında gizir Cəfər Əliyev məntəqəyə yeni daxil olan əsgər Şəhriyar Məmmədovun təzyiqini ölçür, zəruri qeydlərini aparırdı. Proses yekunlaşandan sonra gizir Əliyevlə tibb məntəqəsinin daxilində palata, müayinə və müalicə otaqları ilə tanış olduq və Cəfərlə söhbətə başladıq. "İnsan həyatı əsas faktordur. Məsələ insan həyatıdırsa, burada ehtiyatsızlıq və diqqətsizliyə yol vermək qəti qadağandır. Hərbi tibb personalı olaraq, Vətən müdafiəçilərimizin sağlamlıqları bizlərə etibar olunub. Üzərimizə düşən əsas vəzifə də bizlərə göstərilən etimadı layiqincə doğrultmaqdır. Bunun üçün də bu sahəni dərindən öyrənməli, öz üzərində daim çalışmalı və praktiki bacarıqlarını daim təkmilləşdirməlisən. Hər bir fərd anatomik olaraq individual olduğu üçün onlara yanaşma da çoxşaxəlidir. Amma hərbi tibb personalı olaraq fərdi yanaşma, qayğı mütləq şərtlərdəndir. Ən təsirli müalicə üsullarından biri məhz tibb işçisinin qayğıkeşliyi, səmimiyyətidir. Bunun üçün də məntəqəyə müraciət edən əsgərlərlə elə ünsiyyət qururuq ki, onlar sərbəst şəkildə narahatlıqlarını bizimlə bölüşsünlər. Xəstə qəbulu zamanı onun sağlamlığı ilə bağlı şikayəti dinlənilir, yoxlanış və müayinədən sonra diaqnoz qoyulur, vəziyyətinin dərəcəsinə görə müalicəsi məntəqədə, zərurət yaranan təqdirdə isə hospitalda davam etdirilir. Bundan savayı, hərbi hissənin şəxsi heyətinin mövsümi xəstəliyə yoluxmaması məqsədi ilə qabaqcıl profilaktik tədbirlər də tərəfimizdən həyata keçirilir. Üzərimizə düşən əsas vəzifələrdən biri səhhəti ilə bağlı problemi olanları müalicə etməklə yanaşı, yoluxucu, pandemik xəstəliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdir. Bunun üçün də bu tip problemlərdən qorunma yolları və həlli istiqamətlərində şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, tövsiyələr diqqətə çatdırılır", - deyə gizir Cəfər Əliyev bildirdi.
Daha sonra sarğı otağında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elnarə Həsənova işini başa çatdırdıqdan sonra bizim müsahibimiz oldu. İki müqəddəs vəzifəni yerinə yetirmənin verdiyi qürurdan danışan qadın hərbi qulluqçu insan sağlamlığına cavabdeh olmanın məsuliyyətli iş olduğunu da xüsusi qeyd etdi. "Ordu sıralarında xidmət edən övladlarımızın sağlamlığının keşiyində durmaqla müqəddəs amala xidmət edirik. Əsgərlərimiz bizim üçün Vətən əmanətidir və hər birini özümüzə doğma bilirik. Həkim peşəsi müqəddəs, nəcib və vacib peşədir. Hərbçi və həkim peşələrinin vəhdəti isə sadaladığım cəhətlərin dəyərini və məsuliyyətini daha da artırır. Məsuliyyət öz peşənin incəliklərinə dərindən yiyələnməyi bizdən tələb edir. Tibb elmi də çoxşaxəli və çətin peşə olduğu üçün daim praktiki təcrübəni və nəzəri bilikləri özündə ehtiva edir".
Müalicə olunan əsgərlər Nazim Şəfiyev, Fərid İsayev və Orxan Quliyev tibb məntəqəsində göstərilən tibbi xidmət və yaradılan şəraitdən ağızdolusu danışdılar. Adları sadalanan əsgərlərin sağlamlıqları artıq qaydasındadır, yoldaşlarının yanına qayıdıb xidmətlərinə qaldığı yerdən davam edəcəklərinə görə sevinclidirlər. Bunun səbəbkarları da hərbçi həkimlərimiz, feldşerlərimizdir. “Şəxsi heyət burada hərtərəfli qayğı və təcrübəli həkimlərimizlə əhatə olunub. Sonda biz də öz növbəmizdə Vətən keşiyində duran əsgərlərimizin sağlamlıq keşikçiləri olan hərbi tibbi heyətə minnətdarlığımızı bildirdik. Onlara gələcək xidmətlərində uğurlar arzuladıq. Və bir daha əmin olduq ki, Azərbaycan əsgərinin tibbi təminatı və sağlamlığı etibarlı əllərdədir".

Fuad CƏFƏROV fotolar Namiq PƏNAHOVUNDUR “Azərbaycan Ordusu”