Tarixən xalqlar özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayırlar. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkəsinin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, həyatını qurarkən, öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. 44 günlük Vətən müharibəsi yuxarıda sadalanan fikirlərin bariz nümunəsidir.
1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi, indiyədək də uğurla davam etməkdədir.
"İnnovativ Təşəbbüslər" İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Gənclər arasında hərbi peşəyə marağın artırılmasına dair tədbirlərin təşkili" layihəsi çərçivəsində vətənpərvərlik mövzusunda maarifləndirici videoçarxlar hazırlanmış və ümumtəhsil müəssisələrində nümayiş etdirilərək şagirdlər ilə motivasiyaverici görüş və tədbirlər keçirilib. Tədbirlər zamanı əsgər və hərbçilərimizin şəhidlik məqamına ucalaraq özlərindən sonra bizə "şahidlik" mirasını buraxdıqları üçün üzərimizə düşən öhdəlikləri layiqincə gələcək nəsillərə ötürmək ən ümdə vəzifə borcu olaraq şagirdlərə aşılanıb.
Layihənin yekun təqdimatı məqsədi ilə bir qrup Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin zabit və kursant heyəti, ictimai fəallar və QHT rəhbərlərinin iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib.
Muzeydə keçirilən təqdimat zamanı əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat veriblər. Sonra müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlət, onun müvafiq orqanları, təşkilatları və hər bir Azərbaycan vətəndaşı qarşısında dayanan başlıca vəzifələrdən biri olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan gəncliyinin bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda mühüm rol oynadıqları vurğulanıb.
Tədbirin sonunda layihə çərçivəsində aktiv və səmərəli fəaliyyətinə görə 132-134 nömrəli Təhsil Kompleksinin kollektivinə “Fəxri fərman”, digər ümumtəhsil müəssisələrinin müəllimlərinə "Təşəkkürnamə" təqdim edilib.
İsa İSMAYILOV Bakı şəhəri