Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 2023 19:23

Vətən müharibəsi, şəhidlik və əbədilik

Şəhidlik mənəviyyat zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Yalnız seçilmişlər ucalır bu məqama.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, müharibə iştirakçılarının hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirən  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: "Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq".
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Vətən müharibəsi şəhidi mayor Elnur Hacıyevin anım tədbirində Müdafiə Nazirliyinin idarə və müəssisələrinin hərbi qulluqçuları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti, şəhidin ailə üzvləri, orta məktəb müəllimləri, döyüş yoldaşları, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi, 2 nömrəli Xırdalan orta məktəbinin müəllim və şagirdləri, şəhid ailələri, veteran təşkilatlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin   nümayəndələri iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri Təlim və Tədris Mərkəzinin İdeoloji və Mənəvi-Psixoloji Təminat şöbəsinin rəisi polkovnik Müslüm Nəsirov açaraq bildirdi ki, Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhid olanlarımızın Vətən sevgisi xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır. Vətən müharibəsində qazandığımız tarixi Zəfər Azərbaycan xalqının mübarizliyinin, ölkəmizdə dövlət-xalq-ordu birliyinin sarsılmazlığının  təsdiqi oldu. Torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsi milli həmrəyliyimizin rəmzinə çevrilməklə yanaşı, şanlı tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm Zəfər tariximizi, dövlətçiliyimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi...".
Polkovnik Müslüm Nəsirov onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində Vətən müharibəsində qazanılan Zəfərin önəminə bir daha diqqət çəkərək deyib: "44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik".
Yaşadığımız qüruru da, sevinci də şəhidlərimizə borclu olduğumuzu deyən polkovnik Müslüm Nəsirov bildirdi ki,  şəhidlərimiz Vətən müharibəsində tarixi torpaqlarımızı azad etməklə adlarını müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Bu gün onların sayəsində Azərbaycan xalqı dünyada azsaylı qalib xalqlar sırasındadır. İşğaldan azad edilən torpaqlarımızın hər tərəfində Azərbaycan Bayrağı dalğalanır. Xalqımız mübariz oğul və qızlarının şücaətini ilk günlərdə olduğu kimi yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirələrini uca tutur. Şəhid ailələrini və övladlarını hər birimiz əziz və müqəddəs əmanət kimi qorumağa borcluyuq.
Tədbirin aparıcısı Nuranə Andronova şəhid haqqında geniş məlumat verərək qeyd etdi ki, Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. O vaxtkı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində oxuyub. O, 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 17-də Füzuli döyüşlərində şəhid olub. Ucar Şəhidlər xiyabanında dəfn edilib. Bir qız övladı yadigar qalıb.
Mayor Elnur Hacıyev ölümündən sonra  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Şəhidin anası Hicran və həyat yoldaşı Elnarə Hacıyevalar çıxış edərək Elnurlu xatirələrini bölüşdülər, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Tədbirdə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova, şəhidin orta məktəb müəllimləri Hakim Nəcəfov və Rahib Rəsulov, kursant yoldaşı polkovnik-leytenant Məmməd Əliyev, şəhid gizir Kərim Əliyevin atası Məmmədəli Əliyev və başqaları çıxış edərək Müzəffər Ali  Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, şəhidimizin şərəfli ömür və döyüş yolundan, bu Zəfərin tarixi əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, şəhidlərimizin adları tarixdən heç vaxt silinməyəcək, onların qəhrəmanlıqları unudulmayacaq və xatirələri hər zaman ehtiramla yad ediləcək.
Tədbirin bədii hissəsində şəhidə həsr olunan sənədli film nümayiş olundu, 2 nömrəli Xırdalan məktəbinin şagirdlərinin hazırladığı kompozisiya, Əməkdar artist Zakir Əliyevin,  Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin solistlərinin ifasında hərbi vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirildi, "Xarı bülbül" rəqs kompozisiyası təqdim olundu.

Günay TAĞIYEVA  fotolar Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"