Mövzu: Döyüş hazırlığında, döyüş növbətçiliyində təhlükəsizlik qaydalarına riayət edilməsi, hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi
Suallar:
1. Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri.
2. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi.
Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı əsas təhlükəsizlik tələbləri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamə və təlimatlarının, müdafiə nazirinin əmrlərinin, eləcə də bilavasitə rəislərin əmr və sərəncamlarının tələblərinə müvafiq olaraq, birləşmə və hissələrdə təhlükəsizlik tədbirlərinin təşkili, onların kecirilməsinə rəhbərlik və nəzarət edilməsi komandirlərə və digər vəzifəli şəxslərə həvalə olunur. Onlar döyüş hazırlığı məşğələlərini təşkil edərkən və bu məşğələlərin gedişində təhlükəsizliyin təmin olunmasına dair tədbirlərin işlənib hazırlanmasını həyata kecirirlər.
Döyüş növbətçiliyi "Döyüş növbətçiliyinin təşkili və aparılmasına dair Təlimat"a uyğun təşkil olunur, düşmənin qəfildən hücumunun vaxtında aşkar edilməsi və dəf olunması, həmçinin müdafiənin dayanıqlığını və keçilməzliyini təmin etmək məqsədi ilə təşkil olunur. Silahlarla, döyüş texnikası və digər texnika və cihazlarla işlədikdə, marş, təlim, döyüş atışları, uçuş, gəmi səfərləri, xüsusi məşğələlər aparıldıqda, qarovul və daxili xidmət növbətçiliyi zamanı komandir (rəis) adları çəkilən hallar üçün zəruri təhlükəsizlik tədbirlərini müəyyənləşdirib, tabeliyində olanlara çatdırmalı və bu tədbirlərin ciddi surətdə yerinə yetirilməsini tələb etməlidir.
Döyüş növbətçiliyinin təşkili və aparılması zamanı postlarda (döyüş mövqelərində) aşağıdakı təhlükəsizlik qaydalarına əməl edilməlidir:
- ehtiyac olmadan patronu patron yuvasına yeritməmək;
- silahla əsgər sığınacağına daxil olmamaq;
- silahı doldurma-boşaltma yerində ancaq post (mövqe) başçısının nəzarəti altında silahı doldurmaq (boşaltmaq);
- daraq taxılandan sonra silahı qoruyucuda saxlamaq;
- doldurulmuş silahla (qoruyucuda olsa belə) davranış qaydalarını pozmamaq;
- içərisində mərmi (patron) olub-olmamasından asılı olmayaraq, silahı şəxsi heyətə, əsgər sığınacağına, yaşayış məntəqəsinə tərəf yönəltməmək;
- silaha boş darağı taxarkən patronun olub-olmamasına nəzarət etmək;
- gecə vaxtı tonqalların qalanmasına, maşınların qarşı tərəfin (düşmənin) müşahidəsi altında olan sahələrdə qoşulmuş faralarla hərəkətinə yol verməmək.
Döyüş növbətçiliyində olarkən silahı sökməməli, qarşı tərəflə (düşmənlə) heç bir halda əlaqəyə girməməli, döyüş növbətçiliyinin yerini (postu) post (mövqe) başçısının icazəsi olmadan tərk etməməli və deyilən tələbləri yerinə yetirməyən əsgər yoldaşı barədə dərhal post (mövqe) başçısına məruzə edilməlidir.
Hərbi qulluqçuların sağlamlığının qorunması sanitar-gigiyena qaydalarına əməl edilməsi, profilaktika və epidemiya əleyhinə tədbirlərin keçirilməsi ilə, həmçinin ərazidə tanınmayan bitki və meyvələri yeməməklə, həşəratlara yaxın durmamaqla və açıq ərazidə yatmamaqla şəxsi heyətin sağlamlığı üzərində daimi tibbi nəzarətlə əldə edilir.
Hər bir hərbi qulluqçu şəxsi və ictimai gigiyena qaydalarına ciddi riayət etməli və öz orqanizmini gündəlik möhkəmləndirməli, tərli-tərli su içməməli, kəsici, deşici əşyalarla zarafat etməməli və həkimin məsləhəti olmadan dərman qəbul etməməlidir. Yoxlanılmamış su hövzələrindən su içməməli, ancaq qaynadılmış suyu içmək məsləhət görülür. Soyuq vaxtlarda hərbi qulluqçuların orqanizminin həddindən artıq soyuması və donması, isti vaxtlarda isə həddindən artıq qızması, gün yanıqları və istilikvurma hallarının qarşısını alan tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Hava şəraitindən asılı olaraq ildırım vurma, donvurma və qar uçqunlarından qorunma tədbirlərinə ciddi riayət etmək.
Əhvalı pozulmuş, hər hansı bir psixoloji və ailə problemi olan əsgər yoldaşı barədə dərhal post (mövqe) başçısına məruzə edilməlidir. Çünki belə hallar intihara gətirib çıxara bilər. Vaxtında edilmiş məruzə və komandanlıq tərəfindən həyata keçiriləcək müvafiq tədbirlərlə intihar hallarının qarşısı alına bilər.
Atış çalışmalarının, döyüş atışlarının və döyüş atışlı taktiki təlimlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirləri:
- Atışda təhlükəsizlik, atışların düzgün təşkili, "Atış kursu"nda qoyulma qayda və təhlükəsizlik tədbirlərinə dəqiq riayət etməklə, bütün hərbi qulluqçuların yüksək intizamı ilə təmin olunur. Atış keçirilən hər bir obyektdə, onun xüsusiyyətlərini və ərazi şəraitini nəzərə alaraq təhlükəsizlik tədbirləri üzrə təlimat hazırlanır və onu atışa çıxarılmış bölmələrin şəxsi heyəti bilməlidir. Təhlükəsizlik tədbirlərini mənimsəməmiş şəxsi heyət atışa buraxılmır.
- Hər bir hərbi qulluqçu atışda təhlükəsizlik tədbirlərini dəqiq yerinə yetirməlidir. Hərbi hissə və bölmə komandirləri onlara tabe olan şəxsi heyətin təhlükəsizlik tədbirlərinə dəqiq riayət etmələrinə tam məsuliyyət daşıyırlar.
- Atışdan əvvəl hədəf meydanı yoxlanılmalıdır və atış ərazisindən insanlar, heyvanlar və maşınlar çıxarılmalıdır. Atış obyektində hərəkətə yalnız təlim mərkəzi rəisinin göstərdiyi yollarda və rayonlarda icazə verilir.
- Partlamamış mərmilər, minalar, bombalar, partladıcılar və partlama təhlükəli maddələr olan sahələrə girmək (maşınla) qadağandır. Belə sahələrdə müvafiq nişanlı və xəbərdarlıq yazılı göstəricilər qoyulmalıdır.
- Partlamamış mərmilərə, minalara və başqa partlama təhlükəsi olan cisimlərə və yamsılama vasitələrinə toxunmaq qadağandır. Hər partlamamış mərmi (qumbara, partlamamış maddə), yamsılama atımı haqqında baş atış rəhbərinə və təlim mərkəzi rəisinə müəyyən olunmuş qaydada məlumat verilməlidir.
- Atəş açan döyüş maşınları ekipajlarının atış rəhbəri ilə rabitəsi olmayanda (itəndə) atəş açmaq və aparmaq qadağandır. Hədəf meydanında, uçuş məkanında yanğın əmələ gəldikdə, atəş açan döyüş maşınlarının ekipajları səmti itirdikdə və qoşunlardan 100 metrdən çox geriyə qaldıqda da atəş dərhal dayandırılır. Atışı dayandırma siqnalları və "Dur", "Atəşi dayandır" komandaları ilə döyüş maşınları (atıcılar) dayanırlar, atəşi dayandırırlar, silahları boşaldırlar və qoruyucuya qoyurlar (elektrik tətiyi açılır).
- Döyüş maşınları ilkin vəziyyətə qayıdana kimi ("Maşınlara" komandası verilənə qədər) lyükləri açmaq və döyüş maşınlarından çıxmaq qadağandır.
- Əl döyüş qumbaraları atılanda zapal yalnız qumbaranı atmaqdan əvvəl rəhbərin komandası ilə qoyulur. Döyüş əl qumbaralarını qumbara çantasından kənarda daşımaq qadağandır. Daldanacaqdan müdafiə və tank əleyhinə qumbaralar partlayandan 10 saniyədən az olmayaraq keçəndən sonra çıxmaq olar. Əgər doldurulmuş döyüş qumbarası atılmayıbsa (qoruyucu mil çıxarılmayıb), onun boşaldılması yalnız bilavasitə rəhbərin müşahidəsi altında və komanda ilə yerinə yetirilir.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi
Hərbi xidmətin təhlükəsizliyi - hərbi qulluqçuların təhlükəli və zərərli amillərin təsirindən həyati vacib maraqlarının müdafiəsi dərəcəsini əks etdirən hərbi xidmətin vəziyyətidir. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi hərbi qulluqçuların həyat və sağlamlığının qorunub saxlanılmasına, qoşunların həyat fəaliyyətinin bütün növlərinin təhlükəsizlik şəraitinin təşkilinə, eləcə də xidməti vəzifələri yerinə yetirərkən şəxsi heyətin ölümünə və xəsarət almasına səbəb olan amillərin təhlili, proqnozlaşdırılması və təsirinin məhdudlaşdırılmasına yönəlmiş Azərbaycan Respublikasının qanunvericiliyinin, Silahlı Qüvvələrin ümumqoşun nizamnamələrinin, Müdafiə Nazirliyinin müvafiq normativ aktlarının tələblərinin yerinə yetirilməsinə dair vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının məqsədyönlü fəaliyyətidir.
Xidməti vəzifələrini (müvafiq işi) yerinə yetirən zamanı hərbi qulluqçuların təhlükəsizliyini təmin edən qanunvericilik aktları ilə, normativ-texniki sənədlərlə, qaydalar və təlimatlarla müəyyən edilmiş təhlükəsizlik tələbləri vardır. Azərbaycan Respublikasının müdafiə nazirinin qərar və əmrləri, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanlarının əmr və sərəncamları ilə də əlavə təhlükəsizlik tələbləri müəyyən edilir.
Hərbi qulluqçuların həyat və sağlamlığı üçün real təhlükə yaradan təhlükəli hallar vardır ki, onlara çovğun, tufan, yolların buz bağlaması, dənizdə qasırğa, çayda burulğan, epidemiya və s. hallar aiddir. Hərbi xidmət zamanı hərbi qulluqçuların zədələnməsinin və digər bədbəxt hadisələrin, xəstəliklərin qarşısının alınması və sağlamlığının qorunması məqsədi ilə onlarla sanitar-gigiyena, epidemiya əleyhinə və müalicə-profilaktika xarakterli işlər aparılır.
Hərbi xidmətin təhlükəsizliyinin obyektlərinə hərbi qulluqçular, yerli əhali və ətraf təbii mühit, subyektlərinə isə hərbi hissələrin və hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri aiddir.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin əsas məqsədi aşağıdakılardır:
- şəxsi heyət arasında qeyri-döyüş itkilərinin qarşısının alınması;
- hərbi qulluqçular tərəfindən yerli əhaliyə qarşı hüquq pozuntularının qarşısının alınması;
- ətraf təbii mühitə zərər vurmağın maksimum azaldılması.
Hərbi hissədə hərbi xidmət təhlükəsizliyinin təmin olunması sisteminin əsas vəzifəsi - hərbi xidmətin təhlükəsizlik səviyyəsini azaldan mənfi amillərin təsirinin neytrallaşdırılması və gündəlik fəaliyyət prosesində bütün kateqoriyalı hərbi qulluqçuların optimal idarə olunmasının təşkilidir.
Hərbi xidmət təhlükəsizliyinin təmin olunmasının digər vəzifələri aşağıdakılardır:
- hər bir hərbi qulluqçuda təhlükəsizlik tədbirlərinə və qaydalarına ciddi əməl olunmasına dair şəxsi məsuliyyətin formalaşması;
- şəxsi heyətdə həm öz həyatının, sağlamlığının, həm də ətrafdakıların həyat və sağlamlığının qorunub saxlanılmasına şüurlu münasibətin formalaşdırılması;
- bütün kateqoriyalı vəzifəli şəxslərə hüquqi mədəniyyətin və mövcud hüquq normalarının yerinə yetirilməsi hissinin aşılanması;
- hərbi qulluqçuların maksimum təhlükəsiz fəaliyyətini təmin edən möhkəm hərbi-peşəkar və mənəvi-psixoloji keyfiyyətlərin formalaşdırılması;
- bütün kateqoriyalı hərbi qulluqçulara, hərbi nizamnamələrə hörmətlə yanaşılmasının, onların tələblərinə ciddi əməl edilməsinə dair bacarıq və vərdişlərin aşılanması, şəxsi intizamın və icraçılığın tərbiyəsi;
- şəxsi heyətdə mülki əhaliyə hörmətlə yanaşmanın və onlara qarşı normativ hüquqi tələblərin ciddi yerinə yetirilməsinin formalaşdırılması;
- hərbi qulluqçularda ətraf mühitə humanist münasibətlərin formalaşması.
Hərbi xidmətin təhlükəsizliyi aşağıdakı əsas növlərə bölünür:
- döyüş növbətçiliyinin (növbəsi) təhlükəsizliyi;
- qarovul, daxili və qarnizon xidmətinin təhlükəsiz aparılması;
- silah və hərbi texnikanın istismarının təhlükəsizliyi;
- döyüş hazırlığının (o cümlədən, atış çalışmaları, döyüş atışları, taktiki təlimlərin keçirilməsi, döyüş texnikasının sürülməsi) təhlükəsizliyi;
- praktiki və xüsusi məşğələlərin təhlükəsizliyi;
- təsərrüfat işlərinə cəlb edilən hərbi qulluqçuların təhlükəsizliyi.
Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsinə dair komandirlərin fəaliyyətinin vacib mərhələsi tabeçilikdə olan bölmələrdə hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi vəziyyətinin təhlili və onun təmin edilməsinə dair yekunların keçirilməsidir.
Hərbi xidmətin təhlükəsizliyinin vəziyyətinin təhlilinə hərbi xidmətin təhlükəsizliyin vəziyyətinə dair məlumatların toplanması və sistemləşdirilməsi, aparılan işdə mövcud nöqsanlar və onların xarakterik səbəbləri, hərbi qulluqçuların, mülki işçilərin həyat və sağlamlığına, ətraf mühitə zərər vurma halların qarşısının alınması tədbirlərinin müəyyən edilməsi daxildir. Hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsinə dair yekun döyüş hazırlığının, hərbi intizamın, qoşun xidmətinin təhlili və yekunu ilə bir vaxtda keçirilir.
Hərbi qulluqçuların fiziki və psixoloji sağlamlığının qorunması və möhkəmləndirilməsinə qayğı göstərilməsi komandirlərin əsas vəzifəsidir. Məhz onların üzərinə qoşun xidməti, döyüş hazırlığı, döyüş növbətçiliyi (növbəsi), təsərrüfat və hərbi hissənin (bölmələrin) digər fəaliyyət növləri ilə əlaqədar keçirilən müxtəlif tədbirlər zamanı təhlükəsizlik tələblərinin təmin olunmasına görə böyük məsuliyyət düşür.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi