8 Noyabr - Zəfər Günü "N" hərbi hissəsində də yüksək səviyyədə qeyd olundu. Tədbirdə Vətən müdafiəçiləri ilə yanaşı, Vətən uğrunda şəhid olanların ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad olundu. Dövlət Himni oxundu.
General-mayor Bilal Çompuzov bildirdi ki, qazanılan Zəfər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə əldə olunan tarixi qələbədir. 30 ilə yaxın vaxt keçsə də, münaqişə həll olunmurdu. Ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Vətən torpaqlarının düşmənlərdən azad olunacağına əminliyini dəfələrlə ifadə edirdi. Bildirirdi ki, Azərbaycan xalqı, dövləti torpaqlarını işğalçılardan azad edəcək, heç vaxt işğalla barışmayacaq.
Müzəffər Ali Baş Komandan münaqişənin sülh yolu ilə həll olunmasına dair dəfələrlə təkliflər versə də, qarşı tərəf qəbul etmirdi. Beynəlxalq güclər isə münaqişənin müharibə yolu ilə həll olunmasının mümkünsüzlüyünü bildirirdilər. Lakin havadarlarından dəstək alan ermənilər yeni təxribatlar törətdilər. Onların layiqli cavabı verilsə də, riyakar əməllərindən əl çəkmək istəmirdilər. Ermənistan silahlı birləşmələri genişmiqyasılı təxribatlar törətməklə 2020-ci il sentyabrın 27-də yenidən torpaqlarımıza hücuma cəhd etdilər. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başladı. Xalqımızın, dövlətimizin, ordumuzun qüdrəti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə ilə başa çatdı. Lakin yenə də düşmən azğınlaşmış xislətindən əl çəkmədi. Qarabağ ərazisindən qeyri-qanuni silahlı dəstələr, separatçı qüvvələr çıxarılmadı, yenə də təxribatlar törətdilər. Buna cavab olaraq 2023-cü il sentyabrın 19-da ordumuz tərəfindən əməliyyat tədbirləri keçirildi. Bir gün ərzində düşmənə sarsıdıcı zərbələr vuruldu. Onlar məcbur olub ağ bayraq qaldıraraq təslim oldular. Beləliklə də, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü birdəfəlik təmin etdi.
Sonra Prezidentin fərdi təqaüdçüsü, Əməkdar İncəsənət xadimi Abdulla Qurbani Zəfər Günü münasibətilə Vətən müdafiəçilərini, şəhid ailələrinin yaxınlarını, doğmalarını təbrik etdi.
Döyüş hazırlığında fərqlənən Vətən müdafiəçilərinə birlik və birləşmə komandanlığı tərəfindən təşəkkür elan olundu, fəxri fərmanlar təqdim edildi.
Şəhid ailələrinə bayram hədiyyələri verildi. Təntənəli mərasimdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi vətənpərvərlik mövzusunda konsert rəğbətlə qarşılandı. Tədbir ağacəkmə aksiyası ilə başa çatdı.
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"
Noyabrın 8-i tariximizə böyük hərflərlə yazılıb. 2020-ci ilin həmin günü 30 ilə yaxın erməni işğalında qalmış mədəniyyət beşiyimiz olan Şuşa şəhəri düşməndən azad edilmişdi. Üç ildir ki, Noyabrın 8-i Zəfər bayramı kimi ölkəmizin hər yerində böyük təntənə ilə qeyd olunur. Bu əlamətdar gün münasibətilə Badamdar qəsəbəsindəki mədəniyyət evində də "8 Noyabr - Zəfər sənindir, Azərbaycan!" adlı tədbir keçirildi.
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli kitabxana filialının müdiri Vəfa Şirəliyeva çıxış etdi. Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Vəfa xanım dedi:
- Bu gün xalqımız Zəfər bayramını qeyd edir, sevinc içindədir. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başladı. Müharibə başlayan kimi Vətən oğulları torpaqlarımızın müdafiəsinə qalxdılar. Ordumuz düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Ermənilər Azərbaycan əsgərinin igidliyi, şücaəti qarşısında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Vətənin müdafiəsinə qalxmış hərbi qulluqçularımız xəyalları gerçəkləşdirdilər. Onlar cəsarətləri, hünərləri ilə 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoydular. Ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 Noyabr - Zəfər Günü elan edildi. Qazanılan bu qələbələrə, zəfərlərə görə biz şəhidlərimizə minnətdarıq. Onların ruhları qarşısında baş əyir, xatirələrini həmişə əziz tuturuq. Bildiyiniz kimi, üç ilə yaxın idi ki, erməni separatçıları Qarabağı tərk etmək istəmir, bölgədə tez-tez təxribatlar törədirdilər. Ordumuz tərəfindən sentyabrın 19-da həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində Qarabağ torpaqları qeyri-qanuni erməni silahlı dəstələrindən təmizləndi. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş Qarabağa səfər edərək Ağdərədə, Əsgəranda, Xocalıda, Xocavənddə və Xankəndidə üçrəngli bayrağımızı dalğalandırdı. Hər bir Azərbaycan vətəndaşı bu görüntüləri qürur hissi ilə izlədi, Ali Baş Komandanın tarixi çıxışlarını diqqət və sevgi ilə dinlədi. Bu günlər hamımız sevinc içindəyik. Qarabağın bütün guşələrində Azərbaycan Bayrağı dalğalanır. Bu qürurverici mənzərələri gördükcə bütün səsimizlə hayqırıb demək istəyirik ki, gözün aydın Azərbaycan, Zəfər sənindir!
Şəhid anaları Naidə Teymurova, Mərifət Həsənova, Gülnaz İbrahimova çıxış edərək Zəfər bayramı münasibəti ilə xalqımızı təbrik etdilər.
236 nömrəli məktəbin şagirdləri Dəniz Şirəliyeva, Xədicə Qurbani və başqaları vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər.
Badamdar mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova, müğənnilər Əsrar Hüseynli, Svetlana Quluyeva və başqaları qəhrəmanlığa, Zəfərə həsr olunmuş mahnılar ifa etdilər.
Zəfər Gününə həsr olunmuş "Zəfər sənindir, Azərbaycan!" tədbiri xoş ovqat və alqış sədaları ilə başa çatdı.
Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"
8 Noyabr - Zəfər Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə də bayram tədbiri keçirildi. Tədbirdə Heydər Əliyev adına Hərbi İnstitutun zabitləri, hərbi orkestr, Bakı şəhər Təhsil İdarəsinin, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak etdilər.
Məktəbin direktoru Əsmər Əliyeva qonaqları və tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, artıq üçüncü ildir doğma yurdumuzda 8 Noyabr - Zəfər Günü kimi qeyd olunur. Otuz ilə yaxın Qarabağımız ermənilərin işğalı altında olub. Bu illər ərzində xalqımız və dövlətimizin başçısı hər an doğma torpaqlarımızı azad və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün çalışıb. Bu illər ərzində bir an da olsun Qarabağımızdan uzaq düşmədik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızı azad etmək üçün ordumuzun döyüş qüdrətini daim artırdı. Ordumuzu ən yeni silahlarla təchiz etdi. Ordu-xalq birliyi nəticəsində 2020-ci ilin 27 sentyabrda başlayan əks-hücum əməliyyatları nəticəsində ordumuz düşməni məğlub edərək doğma torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin düşməndən azad edildiyi gün - 8 Noyabr tarixi hər il ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.
Tədbirin aparıcısı Mələk Səmədli xalqımızın şanlı qələbəsinə həsr olunmuş "Xarı bülbül qoxulu Zəfər Günü" tədbirində hər birini görməyə şad olduğunu söylədi. - 8 Noyabr tariximizə yazılan ən şərəfli, ən əlamətdar gündür, - deyə o bildirdi. - Biz bu günü 30 ilə yaxın həsrətdən sonra Qarabağ torpağına qayıdışımızın, əzəmətli Şuşa dağlarının seyrinə çıxmağımızın öz doğma yurduna qovuşmağın fərəh və qürurunu yaşayırıq. Bu tarixi ədalətin bərpa edilməsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və qələbə əzmi sayəsində mümkün olmuşdur. Düşmən tapdağından azad edilən bütün şəhər və rayonlarımızda, eləcə də Qarabağın tacı olan Şuşada üçrəngli bayrağımızın dalğalandığını qeyd etdi.
Tədbirdə çıxış edən Bakı şəhəri Təhsil İdarəsi Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafazadə bildirdi ki, son iki yüz ildə Azərbaycan dövləti öz ərazilərini 8 Noyabr tarixində azad etdiyi kimi, hadisə əvvəllər heç bir zaman mümkün olmayıb. Biz şanlı qələbəni qazanmaq üçün məktəblərdə şagirdləri daim vətənpərvər ruhda tərbiyə etmişik. Gənclərimizə Vətənə sevgi, məhəbbət ruhu aşılamaqda müəllimlərin də əvəzsiz xidmətləri olmuşdur.
Heydər Əliyev adına Hərbi İnstitutun müəllimi Emil Salmanov, Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri Emin Babayev, Rövşən İbrahimli çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.
Zəfər Gününə həsr edilmiş tədbirdə Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidləri Mehman Qənbərovun və Elnur Rüstəmovun adlarını əbədiləşdirmək məqsədilə siniflərə onların adı verildi. Adları verilən siniflərdə şəhidlərin təltifləri, fotoları və əşyaları nümayiş olundu.
Şagirdlər Zəfər Gününə həsr edilmiş tədbirə xüsusi proqramla hazırlaşmışdılar. Onlar həmin gün zəfərimizi tərənnüm edən hərbi geyimdə səhnəyə çıxaraq vətənpərvərlik mövzusunda mahnılar oxudular, şeirlər dedilər.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"