Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2023 12:50

Tarixi Zəfərin qüruru həmişə yaşanılacaq

Vətən müharibəsi başlayanda 4-cü sinifdə oxuyurdum. Mən əksər yoldaşlarımdan daha çox həyəcan keçirirdim. Ordumuzun qələbələrini mən də gözləyirdim, işğalın başa çatmasını mən də arzulayırdım. Həm azərbaycanlı kimi, həm də hərbçi ailəsi olduğuma görə. Atam da döyüşlərdəydi. İmkan tapanda zəng edirdi, əminliklə deyirdi ki, ordumuz mütləq qələbə qazanacaq.
Noyabrın 8-də də zəng etmişdi. Bu zəng əvvəlkilərdən fərqlənirdi. Elə sevinirdi ki, Şuşa işğaldan azad edilib! Bu sevinci evdə hamımız yaşadıq, bu sevinc qəlbimizə də, evimizə də sığmadı!
Ordumuz qalib gəldi, tarixi Zəfər qazandıq, torpaqlarımız işğaldan azad edildi. Zəfərdən sonra atamla görüşəndə yaşadığım qüruru heç zaman unutmaram - mən qalib zabit oğluyam! Atam "Azərbaycan bayrağı" ordeni ilə təltif edildi.
Müəllimimizin bir tövsiyəsini heç zaman unutmayacağıq - hansı peşəni seçirsiniz seçin, kamil mütəxəssis olun, kamil mütəxəssis kimi vəzifə borclarınızı əsl vətəndaş kimi, əsgəri məsuliyyətlə yerinə yetirin.
Biz bu tövsiyəni həyat yolumuzun başlanğıcında ağsaqqal nəsihəti bilirik.
Ordumuzun qazandığı tarixi zəfərin üç illiyidi. Biz də bu tarixi günü qürurla qeyd edirik. Bu Zəfər tariximizdə böyük hadisə oldu. Hər bir vətəndaş belə hadisələri qürurla yaşatmalıdır. Bu gün məktəbliyik - yaşadırıq, sabah əsgər olacağıq - yaşadacağıq...
Atamın xidmət yoldaşlarını, ordumuzun bütün hərbi qulluqçularını tarixi Zəfərin üç illiyi münasibətilə təbrik edirəm.

Emil HƏSƏNOV Ağstafa şəhəri, 7-ci sinif şagirdi

Atam hərbi qulluqçudur, mayordur. Uşaqlığımız onun söhbətləri ilə keçib. Onun dediklərini aşağı siniflərdə oxuyanda da maraqla dinləyirdik, indi də maraqla dinləyirik. Xatırlayıram ki, atam Vətən müharibəsinə kimi torpaqlarımızın işğal olunmasından, ermənilərin törətdiyi vəhşiliklərdən danışırdı. Sonralar Vətən müharibəsindən, müharibənin döyüşlərindən, qəhrəmanlıqlardan danışırdı. Atam deyir ki, bu müharibə ədalətli müharibə idi, biz torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdük, döyüşdük, qələbə qazandıq.
Tarixi Zəfəri hamı qürurla yaşadı. 5-ci sinifdə oxuyurdum, ancaq həmin günü yaxşı xatırlayıram. Onda xalqımızın sevincinə mən də qarışmışdım. Atası döyüşdən qayıdanların hamısı kimi, mən də kövrəkliklə onun ağuşuna atılmışdım. Müəllimimiz deyirdi ki, ata-ana ağuşu Vətəndi. Atamın ağuşuna atılanda elə bildim Vətənin ağuşundayam. Bu gözəl duyğuları mənə ordumuzun qazandığı tarixi Zəfər yaşatmışdı, bu sevinc Zəfərin sevincidi...
Zəfərin üç illiyi münasibətilə bütün hərbçiləri, Azərbaycanı, azərbaycanlıları təbrik edirəm. Mən də qalib Azərbaycan Ordusunun əsgəri olacağam!

Natiq MEHDİYEV Beyləqan rayonu, 8-ci sinif şagirdi