Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2023 12:50

“Fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun sıralarından başıuca qayıdıram”

"N" hərbi hissəsində Vətən qarşısında övladlıq borcunu layiqincə yerinə yetirib, tərxis olmağa hazırlaşan əsgərlərlə həmsöhbət olduq. Onlar ordu həyatı ilə bağlı fikirlərini bizimlə bölüşdülər. İlk həmsöhbətim əsgər Əli Məmmədov oldu. "Uşaq yaşlarımdan xalqımızın başına gətirilən müsibətləri, el-obalarını məcburiyyət qarşısında tərk etmələrini, torpaqlarımızın azadlığı uğrunda öz canını qurban verərək şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın qəhrəmanlıqlarını, düşmənin həmyerlilərimizə qarşı törətdiyi soyqırımı və faciələri öyrəndikcə ermənilərə qarşı olan nifrətim gündən-günə daha da artır və onlardan qisasımızı alacaq günü səbirsizliklə gözləyirdim. Məhz bu səbəbdən də hər zaman arzulamışam ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək düşməndən xalqımızın qisasını alanlardan olum. Əfsuslar olsun ki, Vətən müharibəsi başladığı zaman Azərbaycan Dillər Universitetində təhsil alırdım. Buna görə də haqq savaşımıza da qatıla bilmədim. Təhsilimi başa vurduqdan sonra isə Ana Vətənimə olan övladlıq borcumu ödəmək üçün hərbi xidmətə yollandım. Xidmətimin ilk günündən etibarən intizamlı olmağa, hərbin sirlərinə dərindən yiyələnməyə və verilən bütün əmr və tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışmışam. İnanıram ki, bunlara nail ola bilmişəm. İkinci Qarabağ müharibəsinə qatıla bilməsəm də, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması məqsədilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan əməliyyat tədbirlərinə qatıldım. Ordumuz qısa müddət ərzində düşmənə göz açmağa imkan vermədi. Mətin addımlarla irəliləyən qəhrəmanlarımızın ayaq səslərindən qorxan düşmən ağ bayraq qaldırmaqdan başqa çıxış yolu tapa bilmədi. Bununla da rəşadətli Azərbaycan Ordusu bir daha bütün dünyaya güc və qüvvətini nümayiş etdirdi", - deyə əsgər bildirdi.
Əsgər İsrafil İbrahimov hərbi xidmətə Qazax rayonundan çağırılıb. Məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək istəyən İsrafil, Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Bakalavr təhsilinin ardınca isə magistr təhsili alıb. Xidməti vaxt çatdıqda isə bir an belə düşünmədən rəşadətli Azərbaycan Ordusunun sıralarına qatılıb. Xidmətinin ilk günündən etibarən hərbi intizamı ilə komandirlərinin və silahdaşlarının hörmət və rəğbətini qazanıb. Verilən bütün tapşırıqları vaxtlı-vaxtında və nöqsansız yerinə yetirən İsrafil hərbin bütün incəliklərinə sahib olub.
- Əsgəri xidmət bizləri peşəkar döyüşçü kimi formalaşmağımızla yanaşı, cəmiyyətə yararlı vətəndaş kimi də yetişdirib. Komandirlərimiz tərəfindən keçirilən dərs və məşğələlərin sayəsində döyüş, fiziki və mənəvi-psixoloji hazırlıqlarımızı yüksəltmişik. Məhz peşəkar komandirlərimizin sayəsində verilən istənilən tapşırıqları yerinə yetirməyə qadirik. Sentyabrın 19-da başlanan əməliyyat tədbirləri isə dediklərimin əyani sübutudur. Bu döyüşlərlə rəşadətli ordumuz öz gücünü bir daha bütün dünyaya göstərdi. Mətin addımlarla irəliləyən və qarşısına çıxan istənilən maneələri dəf edən ordumuz düşməni məhv etdi. Döyüşçülərimizin şücaəti və qorxmazlığı sayəsində döyüşlər cəmi bir gün davam etdi. Ordumuzun qarşısında tab gətirə bilməyəcəyini anlayan düşmən isə təslim olmaqdan başqa çıxış yolu tapmadı. Döyüşlər zamanı isə şəhid olan silahdaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Çünki onlar öz canlarını Vətənimizə qurban verdi, qələbəni bizlərə bəxş etdilər.
Ucar rayonundan xidmətə çağırılan əsgər Arzu Məmmədov xidməti dövründə qazandığı dostlarından danışdı: "Asudə vaxtlarımızda stolüstü şahmat, dama kimi oyunlar oynayır, mülki həyatda keçirdiyimiz vaxtlardan, tərxis olduqdan sonra dostluğumuzu davam etdirməkdən uzun-uzadı söhbətlər edirik. Inanırıq ki, bizim dostluğumuz ailə dostluğuna çevriləcək. Çünki illərin və ən əsası döyüşlər sınağından keçən dostluq əbədi olacaqdır. Burada olduğu kimi, mülki həyatda da mehriban, səmimi, qayğıkeş və bir-birimizə arxa-dayaq olacağıq. Fəxr edirəm ki, regionun ən güclüsü olan rəşadətli və qalib Azərbaycan Ordusunun sıralarından tərxis olur, ailəmin yanına başıuca qayıdıram. Gənc əsgərlərə demək istəyirəm ki, xidmətlərini düzgün təşkil etsinlər, dərs və məşğələlərdə fəal iştirak edib, hərbin sirlərinə dərindən yiyələnsinlər. Ən önəmlisi isə Vətən torpaqlarını göz-bəbəyi kimi qorusunlar".
Əsgər Fərid İmambaxışov dedi ki, xidmətimi alnıaçıq başa vurub ailəmin yanına başıuca qayıdacağım üçün sevinirəm. "Çünki komandirlərimizin bizlərə olan inamını və etimadını doğrulda bildik. Vətən qarşısında içdiyimiz Hərbi Anda sadiq qalaraq, sentyabrın 19-da keçirilən əməliyyat tədbirləri zamanı dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruduq. Torpaqlarımızda qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələrini və separatçıları məğlub etdik. Digər tərəfdən isə xidmətimin başa çatmasına sayılası günlərin qaldığı üçün heyfsilənirəm. Çünki hərbi hissəmiz üçün çox darıxacam. Buranın demək olar ki, hər bir yerində özünəməxsus bir xatirəmiz var. Həmçinin bütün qayğı və problemlərimizlə yaxından maraqlanan peşəkar komandirlərimizdən ayrılıram. Onların bizim peşəkar döyüşçü kimi formalaşmağımızda əziyyəti çox böyükdür". Daha sonra isə Fərid dedi ki, əsgərlik hər birimizi mərd, qorxmaz və vətənpərvər formalaşdırdı. “Dostluğa sadiq qalmaq, ən çətin anda belə dostunun yanında olmaq, verilən tapşırıqları tam məsuliyyətlə yerinə yetirmək kimi müsbət xüsusiyyətlər əldə etdik. Çətinliyə dözməyi, müxtəlif şəraitlərə uyğunlaşmağı bacardıq".
Qəbələ rayonundan olan Səbuhi Qaragözov dedi ki, əsgərlik həyatını danışmaqla bitməz. "Burada hər bir anın öz xatirəsi vardır. O xatirələr ki, ömürlük olaraq yaddaşımıza həkk olunub. Hərbi xidmət hər bir insanı tamamilə dəyişir. Burada böyüyür, dünyagörüşün artır və daha təcrübəli olursan. Həmçinin cəmiyyətə yararlı vətəndaş kimi də formalaşırsan. Əlbəttə, bütün bu xüsusiyyətlərin formalaşmasında qayğıkeş komandirlərimizin rolu danılmazdır. Onların keçdiyi məşğələlərin sayəsində Vətənimizin keçmişini dərindən öyrənib, döyüş, atış, fiziki və  mənəvi-psixoloji hazırlığımızı yüksəltmişik".

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"