Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2023 12:50

Hərb mədəniyyətimizin daşlaşmış səhifəsi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində "Milli Dəyərlərimizin Qorunması" İctimai Birliyinin hazırladığı Bakı milyonçusu xeyriyyəçi Ağa Musa Nağıyevə həsr edilmiş "Ağa Musa Nağıyev: Tarix yazan binalar" sənədli filminin təqdimatı keçirildi.
Təqdimatda Müdafiə Nazirliyinin  hərbi qulluqçuları, Azərbaycanın tanınmış elm, incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri, Bakı milyonçusu xeyriyyəçi Ağa Musa Nağıyevin nəsil şəcərəsinin nümayəndələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Qısa təqdimatdan sonra sənədli film tədbir iştirakçılarına nümayiş olundu. Nümayişdən sonra iştirakçılara məlumat verildi ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gətirilib. Film "Aktual Qrup" şirkətinin istehsalıdır. Layihə rəhbəri milyonçunun nəvəsi "Milli Dəyərlərimizin Qorunması" İctimai Birliyinin sədri Dilarə Nağıyeva, rejissoru Etibar Babayevdir.
Təqdimatda Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə, professorlar Elçin Əliyev, Asif Rüstəmli və başqaları çıxış etdilər. Onlar daha çox ötən əsrin əvvəllərində mədəniyyət tariximizin öyrənilməsində bu sənədli filmin böyük əhəmiyyətindən danışdılar. Dövrünün tanınmış milyonçusu xeyriyyəçi Ağa Musa Nağıyevin Bakı şəhərinin arxitekturasının zənginləşdirilməsindəki misilsiz xidmətlərindən geniş söhbət açdılar. Bakının klassik quruluşunu, Qərb və Şərq memarlıq koloritini özündə əks etdirən möhtəşəm binaların əskəriyyətinin Ağa Musa Nağıyev tərəfindən inşa etdirildiyini vurğuladılar. Qeyd edildi ki, milyonçunun maliyyə yatırımı ilə inşa edilən 98 binanın Azərbaycan mədəniyyəti tarixindəki yeri və rolu böyükdür. Bir əsrdən çox yaşı olan bu binalar xalqımızın milli sərvətidir.
Polkovnik Abdulla Qurbani çıxışında xüsusi olaraq vurğuladı ki, bu gün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yerləşdiyi bina da Ağa Musa Nağıyevin inşa etdirdiyi tarixi binalar sırasındadır. "Xalq Cümhuriyyətinin süqutundan sonra - bir əsrdən çoxdur ki, bu bina Azərbaycan hərb tarixinin şanlı səhifələrini özündə ehtiva edib qoruyur. Azərbaycanın görkəmli, qəhrəman, general oğullarının xatirəsi, nəfəsi bu binada yaşayır. Maestro Niyazi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general-mayoru Həzi Aslanov, general-mayor Akim Abbasov, Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov və Aslan Vəzirov kimi xalqımızın görkəmli oğulları hərbi məktəbdə təhsil alarkən, kursant yataqxanası kimi istifadə olunan bu binada yaşamışlar. Hərb mədəniyyətimizin ocağı sayılan bina tarixi ənənələrinə sadiq qalaraq, milliliyi özündə qoruyaraq Azərbaycan Ordusuna bu gün də xidmət edir".
Təqdimatda çıxış edənlər bildirdilər ki, filmin hazırlanmasında əsas məqsəd bu binaların şahidi olduğu tarixi prosesləri cəmiyyətə bir daha tanıtmaqla Azərbaycan tarixinin indiyədək oxunmayan, yazılmayan səhifələrini açıqlamaq, milli-mənəvi dəyərlərimizdən olan xeyriyyəçilik ənənələrini təbliğ etmək və yaşatmaqdır. Mədəniyyətimizin daşlaşmış səhifələrinin tarixini həm bugünkü, həm də gələcək nəsillərə çatdırmaqdır.
Tədbirdə filmin çəkilişində əməyi olan bir qrup elm, mədəniyyət və incəsənət nümayəndələrinə "Milli Dəyərlərimizin Qorunması" İctimai Birliyinin diplomları təqdim olundu.
Təqdimatda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Azərbaycanı, vətənpərvərliyi  tərənnüm edən, tariximizlə səsləşən mahnılar ifa etdilər.   

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR