Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarımızı tanımaq və tanıtdırmaq məqsədilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbirlər silsiləsindən şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı şəhid Koroğlu Rəhimovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət və media nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və dostları iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Sonra qəhrəmanın 70 illik yubileyinə həsr edilən "Savaşın Koroğlusu" sənədli filmi iştirakçılara nümayiş etdirildi.
Anım mərasimində çıxış edən Azərbaycanın Milli Qəhrəmanı şəhid Koroğlu Rəhimovun oğlu Rəşad Rəhimov tədbirin təşkilatçılığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirərək, gələn qonaqları salamladı. Sonra atası haqqında xoş xatirələrindən və şərəfli döyüş yolundan danışdı. Bildirdi ki, atası Xocalı faciəsindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılıb. "Çünki atam Vətənimizin düşməndən qorunması uğrunda mübarizədə iştirak etməyi özünə borc bilib. Cəbhəyə yollanarkən biz balaca idik. Buna baxmayaraq, o Vətənimizi qorumaq üçün döyüşə atılıb. Torpaqlarımızın düşməndən azad edilməsi üçün qəhrəmanlıqla döyüşüb, göstərdiyi şücaəti onu qısa müddətdə əfsanələşdirib. "N" hərbi hissəsinin 2-ci motoatıcı bölüyünün komandiri təyin olunduqdan sonra 1992-ci ilin iyununda Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç, Mənəşli, Başkənd, Madagiz Suqovuşan və Gülüstan kəndləri uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 3 iyul 1992-ci ildə Ağdərə istiqamətində baş verən qanlı döyüşlərin birində atam şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb".
Azərbaycanın Milli Qəhrəmanı şəhid Koroğlu Rəhimovun əmisi Mail Rəhimov bildirdi ki, yetkinlik yaşından Koroğlu həmyaşıdlarından Vətəninə bağlılığı ilə seçilirdi. "Həmyerlilərimizin el-obalarından didərgin düşməsi, 20 Yanvar hadisələri, Xocalı soyqırımı qəhrəmanımızın düşməndən qisas almaq və torpaqlarımızı azad etmək arzusunu daha da alovlandırırdı. Nəticədə qəhrəmanımız könüllü olaraq cəbhəyə yollanaraq, torpaqlarımızı düşmənlərdən qoruyanların sıralarına daxil olmağı qərara aldı. Qərarını atasına bildirdiyi zaman atası onunla qürur duyduğunu bildirərək, xeyir-dua verdi. Koroğlu könüllü olaraq yenicə yaranmaqda olan milli ordu sıralarına qatıldı. Öz arzusu ilə Qarabağın ən gərgin döyüş bölgəsinə getdi. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillər əzbəri oldu. Goranboy rayonunun Buzluq, Başkənd Suqovuşan, Gülüstan, Çartaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsl qəhrəmanlıq nümunəsi göstərdi. Ağır döyüşlərində birində şəhid oldu. Koroğlu kimi qəhrəman oğullarımızın döyüş yolu gənc nəslimizə örnəkdir. Onları tanıtdırmaq isə hər birimizin mənəvi və vətəndaşlıq borcudur".
Digər çıxış edənlər də Azərbaycanın Milli Qəhrəmanı şəhid Koroğlu Rəhimovun şərəfli həyat və döyüş yolundan, onun şücaət, qəhrəmanlıq və vətənpərvərliyindən söz açdılar.
Qeyd edək ki, Koroğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalına, Sarıcalar kəndinə köçüb. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gələrək, Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. Ordu sıralarına çağırıldığına görə təhsilini tamamlaya bilməyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini tamamlayıb.
Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnıları ilə başa çatdı.
Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"