Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2023 12:50

Vətən muradına çatdı!

2012-ci ildə  oxuduğum qəzetlərdən birində belə bir başlığa rast gəlmişdim: "Biz Qarabağa qayıdacağıq". 2020-ci ilin payızından isə Azərbaycan xalqı şərəflə "Qarabağ, biz qayıtdıq!", "Qarabağ, sən artıq azadsan!" deyə bilir.
Ataların yaxşı bir sözü var: "Özgə atına minən tez düşər". İşğalçı siyasətlə başqalarının torpağını zəbt edənlərin, başqalarının Vətənini özünə yurd etmək istəyənlərin aqibəti hər zaman bəlli olub. Belələrini hər zaman tarix özü ifşa edib.
Məhz 27 setyabr 2020-ci il bu niyyətdə olan ermənilərin ifşasının başlanğıc günü oldu. Mənfur qonşularımız işğal etdikləri torpaqlarla kifayətlənməyib, təxribata əl ataraq hücuma keçdilər və şanlı ordumuz tərəfindən layiqli cavabını aldılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 44 günlük Vətən müharibəsi başlamazdan öncə çıxışlarının birində deyirdi: "Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda və zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələni sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun". Prezidentin bu humanist fikirləri Azərbaycan xalqının da sülhün tərəfdarı olduğunu göstərirdi. Lakin erməni qəsbkarlarının 27 sentyabr 2020-ci ildə təxribat xarakterli hücumu xalqımızın səbir kasasını daşıran son damla oldu.
Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatı zamanı "Dəmir yumruq" mənfur düşmənin başına endirildi. 30 ilə yaxın müddətdə işğala məruz qalan torpaqlar azadlığa qovuşdu. Azad edilmiş ərazilərimizin hər bir kiçik kənd, qəsəbə və şəhərində üçrəngli bayrağımız dalğalandı.
Vurğulamaq yerinə düşər ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizinin işğalı xalqımızın yaddaşında ağır izlər qoymuşdu. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişi xalqımızın bu durumdan qurtulmasının, həmçinin işıqlı günlərə çıxmasının başlanğıcı oldu. Dahi rəhbər ilk öncə siyasi, iqtisadi və ən əsası da hərbi sahədə islahatların aparılmasına dair siyasi fəaliyyət həyata keçirdi. Məhz düzgün aparılan siyasi fəaliyyətin  nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoydu. Hərbi sahədə həyata keçirilən islahatların nəticəsi isə göz qabağındadır. Artıq Azərbaycan torpaqları işğal edilmiş bir ölkə yox, qalib ordunun, qalib xalqın  ölkəsidir.
İndi isə Azərbaycan üçün quruculuq mərhələsi - postmünaqişə dövrü başlayıb. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə birtərəfli qaydada öz həllini tapıb. Azərbaycan Respublikası Prezidentinin bildirdiyi kimi, bunu həll edən tərəf bizik, Azərbaycan dövlətidir: "Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq".
Bəli, bu gün Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası sürətlə davam edir. Həm Qarabağda, həm də Zəngəzurda insanların firavan yaşaması üçün hər cür şərait yaradılır. Yol infrastrukturunun bərpasına xüsusi önəm verilir.
Bundan başqa torpaqlarımızın işğaldan azad edilməsində öz qanından, canından keçən şəhidlərimizin də xatirəsi daima diqqətdə saxlanılır. Müharibə iştirakçılarının sosial şəraitinin yaxşılaşdırılması üçün xüsusi layihələr hazırlanıb, həmçinin müharibədə qəhrəmanlıq və şücaət göstərənlər orden və medallarla təltif ediliblər.  
Unutmamalıyıq ki, Azərbaycan xalqının bu şanlı qələbəyə gedən yolunu bizə Ulu Öndər Heydər Əliyev açdısa, bu yolda inamla irəliləməyə, zəfərə çatmağa, "Dəmir yumruq" kimi birləşməyə Azərbaycan xalqının Ümummilli Liderinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev imza atdı.

Nuray NƏZƏROVA Bakı şəhəri