Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2023 16:15

“Fiziki hazırlıqla məşğul olur, gücümüzə güc qatırıq”

Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsi olduğu üçün ordu sıralarında daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Məhz bu səbəbdən də təsdiq olunmuş günün nizam qaydalarına uyğun olaraq hərbi hissələrdə gündə iki dəfə bu məşğələ keçirilir. Şəxsi heyətin marağını daha da artırmaq məqsədilə yarışlar və estafetlər təşkil edilir, qalib olanlar mükafatlandırırlar.
"N" hərbi hissəsində fiziki hazırlıqlarını artıran əsgərlər diqqətimizi çəkdi. Müasir standarlara cavab verən idman şəhərciyində səliqə-sahman hökm sürürdü. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərviz Mirzəyevin nəzarəti altında əsgərlər güc və qüvvələrini artırmaq məqsədilə verilən bütün komandaları cəld və nöqsansız icra edirdilər. Məşğələnin gedişatına mane olmamaq üçün ona ayrılan vaxtın bitməsini gözlədik. Mövcud mənzərəni seyr etdikcə qürurlandıq. P.Mirzəyev bildirdi ki, Müdafiə Nazirliyinin rəhbərliyinin diqqət və qayğısı nəticəsində müasir standartlara uyğun salınan şəhərcikdə hərbi qulluqçularımızın idmanla məşğul olmaları üçün əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, hərbçilərimiz iradəli, güclü və dözümlüdürlər. Məhz fiziki cəhətdən güclü olduqları üçün Vətən müharibəsində kilometrlərlə məsafəni yorulmadan qət edib, düşməni məğlub etdilər.
Söhbət əsnasında öyrəndim ki, P.Mirzəyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsinin iştirakçısıdır. Haqq savaşımız zamanı aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərviz Mirzəyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
- Şəxsi heyət bütün dərs və məşğələlərdə olduğu kimi, fiziki hazırlıq məşğələsində də həvəslə iştirak edərək, yüksək nailiyyətlər əldə edir. Gördüyünüz kimi hər biri verilən komandaları sərbəst icra edə bilir. Yaradılmış şərait isə bizlərə imkan verir ki, əsgərlərimizə yüksək səviyyədə məşğələ keçərək, onları fiziki cəhətdən daha da möhkəm edək, - deyə məşğələ rəhbəri bildirdi.
Məşğələdən sonra əsgərlərlə də həmsöhbət olduq. Kəlbəcər rayonundan olan əsgər Tural Hüseynov idmanın sərbəst güləş növü ilə məşğul olub. Şəhər və rayonlararası keçirilən yarışlarda müxtəlif yerlərə layiq görülərək, diplomlar və medallarla təltif olunub. Söhbətimiz zamanı bildirdi ki, idmanın sağlamlıq üçün faydalarını saymaqla qurtarmaq mümkün deyil. “Müntəzəm məşq müalicəvidir və ömrü uzadır. Tibbi baxımdan desək, idman ilk növbədə bütün damar sistemini yaxşılaşdırır və orqanizmdə iltihab əleyhinə təsir göstərir. Həmçinin psixoloji baxımdan çox faydalıdır. Gərginliyi, narahatlığı, depressiyanı, əsəbiliyi və stresi azaldır. Daha sonra isə fiziki hazırlıqla məşğul olanlar gücünü artırır, dözümlü və iradəli olurlar. Məhz bu səbəblərə görə hərbi hissəmizdə fiziki hazırlıq məşğələsinə xüsusi önəm verilir. Peşəkar komandirlərimizin rəhbərliyi altında keçirilən məşğələdə hər birimiz həvəslə iştirak edir, idman çalışmalarını həvəslə yerinə yetiririk. Bu xüsusiyyətləri isə bizlərə aşılayan komandirlərimizə dərin minnətdarlığımızı bildiririk".
Əsgər Rusif Soltanov mülki həyatda idmanla məşğul olmadığını dedi: Lakin xidmətə başladıqdan sonra təcrübəli komandirlərimizin nəzarəti altında keçirilən fiziki hazırlığa olan həvəsim gündən-günə artmaqdadır. Hər hansı hərəkəti düzgün icra etmədiyim təqdirdə izah edib öyrədirlər. Bunun nəticəsidir ki, artıq bütün idman hərəkətlərinə dərindən yiyələnmişəm”.
- Hər birimiz regionun ən güclüsü və qalib Azərbaycan Ordusunun əsgəriyik. Mütəmadi olaraq keçirilən təlimlərlə döyüş hazırlığımızı, ictimai-siyasi hazırlıqla mənəvi-psixoloji vəziyyətimizi, fiziki hazırlıqla gücümüzü artırırıq. Bunların sayəsində hərbi sirlərə yiyələnib peşəkar döyüşçü kimi formalaşırıq. Bu gün bizim əsas məqsədimiz Ana Vətənimizin müdafiəsini yüksək səviyyədə təmin etməkdir. Bunun üçün əlimizdən gələni edəcək, lazım gələrsə, istənilən an canımızdan keçməyə hazırıq, - deyə əsgər Rəşad Mejlimov dedi.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"