Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2023 16:15

Tarixi Zəfərə görə yaşanılan qürur

"N" hərbi hissəsinin şəxsi heyəti də Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etdi, qarşıya qoyulan döyüş tapşırıqlarını məsuliyyətlə, qətiyyətlə yerinə yetirib, düşmən təxribatlarının qarşısının alınmasında şücaət və hünər göstərdi.
Qəhrəmanların döyüş yollarını özlərinə örnək bilən Vətən müdafiəçiləri Hərbi Anda həmişə sadiq qalıblar. Azərbaycan Ordusunun zəfərləri ilə başa çatan bütün döyüş əməliyyatları bu sadiqliyin, yüksək döyüş hazırlığının, peşəkarlığın, vətənsevərliyin təsdiqi oldu. Bu qələbələr həm də xalqla ordunun monolit birliyini nümayiş etdirdi. Bunlar "N" hərbi hissəsinin yaradılmasının 28-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə də qeyd edildi.
Öncə dünya şöhrətli siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirələri dərin ehtiramla yad edildi. Dövlət Himni səsləndirildi.
Mayor Elsevər Hüseynov Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qüdrətindən, xalqla ordunun birliyinin möhtəşəmliyindən danışdı. Bildirdi ki, Silahlı Qüvvələrimiz və xalqımız Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı beynəlxalq hüququn tələblərinə, qayda-qanunlara məhəl qoymayan, havadarlarından siyasi və hərbi dəstək alan düşmən qüvvələrindən azad etdi. Düşmənlər üçtərəfli Bəyanata tam əməl etmədilər. Ermənistan silahlı qüvvələrinin dağılmış hissələri Qarabağda təxribatlarını davam etdirirdi. Dəfələrlə xəbərdarlıqlar olunsa da, torpaqlarımızda hərbi cinayətlər törətməkdə davam edirdilər. Sentyabrın 19-da ordumuz əməliyyatlar keçirərək düşmən qüvvələrini məğlub etdi. Bununla da ərazi bütövlüyümüz tam bərpa edildi.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları Turac Yusifova, Naibə Qurbanova və başqaları da rəşadətli ordumuzun qazandığı tarixi Zəfərin hərb tariximizdə əvəzsiz yer tutduğunu iftixar hissi ilə bildirdilər. Qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, həyata keçirdiyi uğurlu xarici siyasət, ordu quruculuğuna göstərdiyi böyük diqqət və qayğı tarixi Zəfərin qazanılmasında əsas oldu. Vətən müharibəsində Azərbaycan xalqının qəhrəman, vətənsevər, polad iradəli xalq olduğu bir daha təsdiqləndi.
Birlik və hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənənlərə təşəkkür elan edildi, fəxri fərmanlar təqdim olundu.
Döyüş hazırlığında fərqlənən əsgərlərə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi adından da qiymətli hədiyyələr təqdim edildi.
Çıxış edən əsgər və zabitlər Vətənə və xalqa daim sədaqətli olacaqlarını, Mübariz, Fərid, Çingiz, Polad, Samid, Şükür və başqaları kimi Vətənə əvəzsiz xidmətləri ilə əbədiləşərək, şəhidlik zirvəsinə ucalanların layiqli davamçıları kimi xidmətlərini davam etdirəcəklərini bildirdilər. Sonra "Əsgərə məktub" layihəsi çərçivəsində əsgərlərə Tərtər, Yevlax, Cəlilabad ictimaiyyəti adından ünvanlanan məktublar təqdim olundu. Əsgərlər valideynlərinə qürur hissi ilə məktublar ünvanladılar.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Vətən uğrunda" ansamblının solistləri Sevinc Nəsirova, Nuranə Hüseynova və başqaları vətənpərvərlik mahnıları ifa etdilər. Konsert proqramı rəğbətlə qarşılandı.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"