Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2023 16:15

Torpaqlarımızda həyatın canlanmasına gün keçdikcə daha da yaxınlaşırıq

Məlumdur ki, müharibə və post müharibə dövründə insanlığın üzləşdiyi ən böyük problemlərdən biri mina terrorudur. Müharibəyə və işğala məruz qalan ölkələrin əksəriyyəti ərazilərin minalarla çirklənməsindən əziyyət çəkir. Azərbaycan da bu gün adıçəkilən problemi yaşamaqdadır. Danılmaz faktdır ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan düşmən bu ərazilərimizi saysız-hesabsız müxtəlif təyinatlı minalarla çirkləndirib. Nəticədə 44 günlük haqq savaşımızdan bu günə qədər 300-dən çox vətəndaşımız ermənilər tərəfindən basdırılan minaların partlaması nəticəsində həlak olub. Birinci Qarabağ müharibəsindən bu günə qədər ANAMA tərəfindən qeydə alınan mina terrorunun qurbanlarının sayı isə 3000 nəfərdən çoxdur. Ümumilikdə götürsək, insan həyatına qəsd etmək üçün müxtəlif formalı terror hadisələri erməni xislətinin əsas göstəricilərindəndir. Bunlardan biri də mina terrorudur ki, düşmən işğalından azad olunan torpaqlarımızda firavan həyatın təmin olunması, o yerlərin doğma sakinlərinin öz evlərinə köçürülməsi və regionda sülhün təmin olunması prossesinə birbaşa maneədir.
Təəssüf doğuran odur ki, adıçəkilən problemlə bağlı beynəlxalq təşkilatlar tərəfindən heç bir bəyanat səslənməyib, konkret addımlar atılmayıb. Necə ki, uzun illər tarixi Azərbaycan torpaqları işğalda olanda heç bir beynəlxalq qurum işğalçını öz adı ilə çağırmadı, beynəlxalq hüquq norma və prinsiplərinin təmin olunması üçün heç bir konkret işlər görülmədi və nəticədə 30 ilə yaxın müddətdə bu məsələ öz həllini tapmadı. Haqq işimizi özümüz gördüyümüz, ədaləti özümüz təmin etdiyimiz kimi, bu işi də öz gücümüzə, öz iradəmizə həll edə biləcək gücə malik bir ölkəyik. Belə ki, qarşıya qoyulan prioritet tapşırığa əsasən, işğaldan azad olunan tarixi ərazilərimizdə təhlükəsizliyin təmin edilməsi, mina probleminin həll olunması və əhalinin tez bir zamanda ata-baba yurdlarına köçürülməsi üçün Azərbaycan Ordusunun mühəndis bölmələri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən mühəndis təminatı tapşırıqlarının icrasına yönəlik fəaliyyətlər uğurla davam etdirilir.
Bu fəaliyyətləri uğurla davam etdirən "N" hərbi hissəsinin mühəndis bölməsinin şəxsi heyəti ilə tanış olduq. İlk müsahibim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Möhübbət Məmmədli söhbətində mühəndis istehkam bölmələrinin xidmətindən danışdı: "Təsdiq olunan plana əsasən, keçirilən dərslər və təlim məşqlərdə hərbi qulluqçular mühəndis təminatı tapşırıqlarının icra olunmasında nəzəri biliklər və praktiki təcrübə qazanırlar. Təcrübəli komandirlərimiz bölməmizdə xidmət edən gənc istehkamçılarımızın lazımi səviyyədə formalaşması üçün əlindən gələni əsirgəmirlər. Bu sahənin incəliyi ondan ibarətdir ki, əgər mühəndis-istehkam ixtisası üzrə xidmətini davam etdirirsənsə, sənin səhv etmək şansın yoxdur. Ona görə də şəxsi heyətin həm nəzəri, həm də praktiki bilikləri lazımi səviyyəyə çatdırıldıqdan sonra real şəraitdə torpaqlarımızın mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün icra edilən mühəndis təminatı tapşırıqlarında iştirak etməyə icazə verilir.
İşğala məruz qalmış tarixi torpaqlarımızda minalanmış döyüş əməliyyatları gedən əraziləri partlamamış sursatlardan təmizləmək tapşırıqları bölməmiz tərəfindən icra olunur. Arsenalımızda olan müasir tipli minaaxtarma vasitələri xidmətimizin düzgün təşkilində və tapşırıqların təhlükəsiz şəraitdə icrasında mühüm rol oynayır. Təmizlənmiş və təhlükəsiz ərazilərdə bu gün dövlət tərəfindən bərpa-quruculuq işləri aparılır. Soydaşlarımız artıq ata-baba yurdlarına qayıdırlar. Bu proses mərhələli şəkildə aparılır, çünki insan amili vacib faktordur ki, orada təhlükəsizliyin tam təmin olunması əsas şərtdir. Bizlər də çalışırıq ki, 30 ilə yaxın torpaq həsrəti çəkənlər tezliklə öz el-obalarına qayıtsınlar".
Növbəti müsahibim əsgər Abdulkərim Qafarov peşəkar komandirlərinin onların təcrübəli mühəndis-istehkamçı kimi formalaşmasında böyük rollarının olduğunu qeyd etdi. "Komandirlərimiz 44 günlük haqq savaşımızda yüksək peşəkarlıq nümayiş etdirməyi bacarmış zabitlərdir. Məhz onların təcrübələrindən faydalanaraq bu ixtisasın incəliklərinə dərindən yiyələnir, müasir mühəndis təminatı tapşırıqlarının yerinə yetirilmə üsul və metodlarını mənimsəyirik. Silahlanmamızda olan müasir texnika və avadanlıqlardan istifadə edərək, qarşıya qoyulan tapşırıqları dəqiqliklə icra edirik. Real döyüş təcrübəsi olan komandirlərimiz tərəfindən ixtisas biliklərimizi təlim və dərslərdə daha da möhkəmləndiririk".
Əsgər Nurel Vəliyev Abdulkərimin sözünə qüvvət verərək, öz ixtisasının dərinliklərini öyrəndikdən sonra Qarabağımızın minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətdə iştirak edəcəyi günün arzusunda olduğunu bildirdi. "Mühəndis-istehkam bölməsində xidmət etmək məsuliyyətli və bir o qədər də qürurvericidir. Komandirlərimiz və əsgərlərimiz tapşırıqların icrasından qayıdarkən bizimlə söhbətlərində, düşmənin tarixi ərazilərimizə basdırdığı saysız-hesabsız minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesindən danışır və bizi bu mövzuda geniş maarifləndirirlər. Tezliklə torpaqlarımızda mühəndis təminatı tapşırıqları  icra edəcəyim və vətəndaşlarımızın orada təhlükəsiz həyatını təmin etməkdə pay sahibi olacağım üçün də qürurluyam".
Mühəndis təminatı tapşırığının icrasından yenicə qayıtmış əsgər İsrafil İbrahimov qarşıya qoyulan tapşırığın icrasının verdiyi qürurdan ürəkdolusu danışdı: "Vətənə müqəddəs övladlıq borcumuzu ödəmək və tarixi torpaqlarımızın həqiqi sakinlərinin doğma yerlərə qayıdışını təmin etmək üçün böyük səylə çalışırıq. Ərazinin geniş olması bizi narahat etmir, əksinə, hər gün daha da irəliləyir və çoxdan arzulanan o günü xalqımıza bəxş edəcəyimiz anın sevincini yaşamaq istəyirik".
Həmsöhbət olduğum əsgər Fərid Novruzov mühəndis-istehkamçı olmaq üçün təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirmək lazım olduğunu dedi: "Komandirimiz baş leytenant Azər Mədətov hər zaman deyir ki, bir istehkamçının təcrübəsi, min döyüşçünün yaşamasına səbəb ola bilər, lakin bir istehkamçının təhlükəsizlik qaydasını pozması ağır nəticələrə gətirib çıxarar. Bizim ixtisasımızda risk dərəcəsi nəzərə alınaraq, təhlükəsizlik qaydası prioritet hesab olunur. Bunun üçün də hər birimiz diqqətli və ən əsası məsuliyyətli olmağa çalışırıq".
Mənfur düşmənin ərazilərimizə basdırdığı minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün Azərbaycan əsgəri bütün bilik və bacarığını səfərbər edir. Çünki bu vəzifənin sonunda müqəddəs amal dayanıb: azərbaycanlıların - o yerlərin həqiqi sakinlərinin öz yurdlarına, evlərinə Böyük Qayıdışı. Artıq bu prosesə start verilib - yüzlərlə ailə öz doğma yurduna qovuşub. Bu firavanlığın təmin olunmasında yüksək təcrübəyə, polad iradəyə və böyük vətənpərvərlik hissinə malik Vətən oğullarının misilsiz payları var. Bu gün tarixi torpaqlarımızın məruz qaldığı mina terrorunun aradan qaldırılması üçün qəhrəman oğullarımız böyük şücaət göstərərək, yüksək nəticələr eldə edirlər.  Günlər keçdikcə tarixi torpaqlarımızda həyatın canlanmasına daha da yaxınlaşırıq.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"