Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 10:09

Azərbaycan Ordusu sülhyaratma missiyalarında uğurla iştirak edir

Son illər dünyada baş verən münaqişələrdə haqlı və ədalətli mövqeyini ortaya qoyan Azərbaycan rəhbərliyi hər zaman sülhün və beynəlxalq hüquq norma və prinsiplərinin təmin olunmasının vacibliyinə xüsusi önəm verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq tribunalarda, dünya ölkələrinin və təşkilatlarının rəhbərləri ilə görüşlərdə hər zaman sülhün qorunması, terrorizmlə mübarizə, insan hüquqlarının müdafiəsi və digər mövzularda təşəbbüslər göstərməsi Azərbaycanın humanizm dəyərləri və insan amilinə nə qədər önəm verdiyinin təcəssümüdür. Hər zaman haqlının yanında olan, məzlumun arxasında dayanan Azərbaycan ədalətsizliyin və müharibənin ağrılarına uzun illər sinə gərməyi bacarıb. Onun üçün də müharibənin, terrorizmin, vandalizmin  nə olduğunu dərindən anlayan Azərbaycan xalqı dünyada baş verən ədalətsizliyə qarşı hər zaman aşkar mövqeyini sərgiləyib. Azərbaycan rəhbərliyi xalqımızın sülhsevər mövqeyindən çıxış edərək xalqlar və dövlətlər arasında əmin-amanlığın qorunması və ölkələrin bir-birinin ərazi bütövlüyünə birmənalı hörmətlə yanaşmasının vacibliyini xüsusi qeyd edib. İşğalçını, terroristi və onun havadarlarını həmişə ifşa edən, onları öz adları ilə çağıran ölkə rəhbərliyi günün reallıqlarını, tarixi həqiqətləri heç bir xarici qüvvələrdən çəkinmədən diqqətə çatdırıb və çatdırır. Məlumdur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin mühüm tərkib hissəsi qarşılıqlı etimad üzərində qurulan əlaqələrlə regionda və dünyada sülhə töhfə verməkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilk dəfə beynəlxalq sülhə töhfə vermək məqsədi ilə sülhyaratma missiyalarında iştirak etdilər. O gündən bəri hərbçilərimiz müxtəlif təşkilatlar, beynəlxalq qurumlar tərəfindən keçirilən sülhməramlı fəaliyyətlərin tərkib hissəsi olmuşlar. Bir sözlə, Azərbaycan Ordusu artıq uzun illərdir ki, beynəlxalq sülhyaratma missiyalarında uğurla iştirak etməklə regionla yanaşı, dünyanın müxtəlif ölkələrində də firavanlığın və sabitliyin təmin olunmasına öz töhfəsini verib, bu istiqamətdə də ona göstərilən inam və etimadı layiqincə doğrultmağı bacarıb.
Azərbaycan Ordusunun hərbi qulluqçuları 1999-cu ildən müxtəlif sülhməramlı missiyaların iştirakçısı olublar. NATO-nun Kosovoda sülhün təmin olunması (Kosovo Force - KFOR) və dəstəklənməsi missiyasında iştirak edib. 2008-ci il Kosovo Respublikasının müstəqilliyinin birtərəfli elən olunmasından sonra hərbçilərimiz geri çağırıldılar. 2002-ci ildən sülhməramlılarımız NATO-nun Əfqanistan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (International Security Assistance Force - ISAF), 2015-ci ildən isə NATO-nun "Qətiyyətli Dəstək Missiyası"nın (Resolute Support Mission - RSM)  iştirakçısı olub. Hərbi qulluqçularımız 2021-ci ildə buradakı xidmətini başa vuraraq, ölkələrinə geri qayıtmışlar. 2003-cü ildə Azərbaycan Ordusunun sülhməramlıları İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində sülhyaratma təyinatlı tapşırıqların icrasında iştirak ediblər. Adıçəkilən missiyada iştirakımız 2008-ci ildə başa çatmış, hərbçilərimiz öz ölkələrinə dönmüşlər.
Azərbaycan Ordusunun hərbi qulluqçuları Birləşmiş Millətlər Təşkilatının mandatı altında təşkil olunan sülhməramlı missiyalarda da iştirak edirlər. UNMISS (United Nations Mission in the Republic of South Sudan) Təhlükəsizlik Şurasının 8 iyul 2011-ci il tarixli 1996 saylı qətnaməsi ilə başladılmışdır. Missiyanın əsas mandatı mülki şəxslərin qorunması, insan hüquqlarının monitorinqi və humanitar dəstəyin verilməsidir. Azərbaycan Respublikası Milli Məclisinin 30 noyabr 2018-ci il tarixli 1368-VQR nömrəli Qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 4 (dörd) nəfərdən ibarət heyətinin BMT Sülhməramlı Missiyasının Komandanlığı altında Cənubi Sudan Respublikasında qərargah zabiti və hərbi müşahidəçi qismində yerləşdirilməsinə və missiyada iştirakına razılıq verilmişdir. Azərbaycan 2019-cu ildən etibarən bu missiyada 2 zabit ilə təmsil olunur. BMT-nin Cənubi Sudan Respublikasında keçirdiyi sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak edən hərbi qulluqçularımızdan mayor İlkin Xəlilovla həmsöhbət olduq. "Bildiyiniz kimi Cənubi Sudan 2011-ci ildə müstəqil olmuş, dünyanın ən gənc ölkələrindən biridir. Və burada yaşayan əhalinin qorunması, insan hüquqlarının pozulması hallarının qarşısının alınması, humanitar dəstəyin göstərilməsi, baş verə biləcək toqquşmalarda qabaqlayıcı tədbirlərin görülməsi məqsədləri ilə müxtəlif fəaliyyətlərdə iştirak edirik. Adiçəkilən missiyada xidmət müddəti bir ildir. Əvvəlcə başlanğıc təlim kursunda ümumi fəaliyyət, ərazinin relyefi, iqlimi barədə məlumatlar, baş verə biləcək təhlükə və təhdidlərlə bağlı təlimatlar bizim diqqətimizə çatdırıldı. Daha sonra müxtəlif ixtisaslarda imtahan götürülür və imtahanın nəticəsinə əsasən BMT bazalarından birində xidmətə başlayırsan. Burada BMT sülhyaratma missiyasında iştirak edən nümayəndələrin fəaliyyət istiqamətləri məlumatları aldıqdan sonra qabaqlayıcı fəaliyyətlər planının uğurlu icrasını təmin etmək, patrul xidmətinin təşkil etmək (quruda, havada və suda), humanitar yardımın vaxtında çatdırılmasına şərait yaratmaq, mülki əhalini qorumaq, humanizm norma və prinsiplərinin pozulması hallarını araşdırmaq və qarşısını almaq, yerli xalqı narahat edən problem və qayğılarla maraqlanmaq və həlli üçün zəruri addımlar atmaqdır”.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"