Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 10:03

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikası Konstitusiyası, dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri
Suallar:

1. Azərbaycan Respublikası Konstitusiyası, dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında.

2. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri.
Azərbaycan Respublikası Konstitusiyası, dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Konstitusiyasının tələblərini diqqətlə öyrənməli və məşğələyə hazırlaşarkən öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamalıdır.
Azərbaycan Respublikasının Konstitusiyası - dövlətimizin əsas qanunu Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiya layihəsi hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendumda qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. 2002-ci il avqustun 24-də, 2009-cu ilin 18 martında və 2016-cı ilin 26 sentyabrında keçirilən referendumlarda Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasında hakimiyyətin mənbəyi haqqında:
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.
Sərbəst və müstəqil qaydada öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz Vətənidir. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
Siyasi əsaslar:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkəmizin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
İqtisadi əsaslar:
Azərbaycan Respublikasının mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Dövlət mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Azərbaycan Respublikasının pul vahidi manatdır. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Milli Bank dövlətin müstəsna mülkiyyətidir.
Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət qurumlarının, o cümlədən Azərbaycan Ordusunun yaradılması zəruri oldu. Bu həm də ölkəmizin erməni təcavüzünə qarşı mübarizə aparması üçün lazım idi. Bir sözlə, Azərbaycan Ordusunun formalaşdırılması üçün hüquqi zəmin yaradılmasına ehtiyac var idi. Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılması üçün hüquqi təməl yaradıldı. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun birinci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
Azərbaycan Respublikasının əsas qanunu - Konstitusiyasında da Silahlı Qüvvələr və Vətəni müdafiə ilə bağlı maddələr öz əksini tapmışdır. Belə ki, 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaratdı, Silahlı Qüvvələrin isə Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu qeyd edilir.
76-cı maddədə isə Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi vurğulanır.
Silahlı Qüvvələrin fəaliyyətini hərtərəfli tənzimləmək üçün Azərbaycan Respublikasının Milli Məclisi sonrakı illərdə bir-birinin ardınca qanunlar qəbul etdi və onları təkmilləşdirmək məqsədilə əvvəl qəbul edilmiş hüquqi aktlara dəyişiklik və əlavələr etdi. Bu baxımdan 10 iyun 1992-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" qanun ən mühüm qanunvericilik sənədlərindən biri oldu. Bu qanunla Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsgəri vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın qaydalarını və şərtlərini, hərbi vəzifəlilərin və hərbi çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və Azərbaycan Ordusunun daimi döyüş və səfərbərlik hazırlığını saxlamaq təsbit edilir.
Bu gün Azərbaycan Ordusu müasir texnika, silah və sursatla təchiz olunmuş, zabit kadrları ilə komplektləşmiş, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaradılmışdır.
Qoşun, birlik və birləşmələrdə şəxsi heyətin  nizam-intizamı yüksəlmiş, hərbi nizamnamələrin tələblərinə riayət olunması bərpa edilmişdir. Bütün bunlar şəxsi heyətin az bir müddətdə əsl hərbçi kimi hazırlanmasına və yetişməsinə imkan yaratmışdır. Müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılmış, lazımi maddi-texniki baza və şərait yaradılmışdır.
Heydər Əliyev adına Hərbi Institutda müasir standartlara cavab verən tədris bazası mövcuddur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının və zabitlərin təkmilləşdirilməsi kursları fəaliyyət göstərir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1999-cu il fevralın 20-də imzaladığı fərmana əsasən yaradılmış Silahlı Qüvvələrin Hərbi Akademiyası hazırda Hərbi İdarəetmə İnstitutu kimi öz fəaliyyətini uğurla davam etdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar, şəxsi heyət arasında azərbaycançılıq, hərbi vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, peşəkar zabit korpusunun formalaşdırılması, ordumuzun ən müasir hərbi texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasəti Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişədə böyük qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Təbii ki, Azərbaycan Ordusu gücünü 2016-cı ildə qazanılmış Aprel zəfəri, 2018-ci ildə Cünnüt qalibiyyəti, 2020-ci ilin sentyabrında ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə apardığı Vətən müharibəsi və eləcə də Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi rayonunda 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri beşinci nəsil müharibə uğurları ilə də isbatlayıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Regionda yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı və ərazi bütövlüyümüzə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir olmasını tələb edir. Şəxsi heyət zabitlərin, gizirlərin və çavuşların rəhbərliyi altında döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində hərb işinin sirlərinə yiyələnməli, döyüş texnikasından və silahlardan bacarıqla istifadə etmək üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da təkmilləşdirməli, mənəvi-psixoloji hazırlıqlarını artırmalıdır. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü Vətəninin müdafiəsi üçün hazırlayır və Azərbaycan Ordusunun daha güclü olmasına öz töhfəsini verir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.  

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi