Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 10:00

“Həkim insan həyatının keşiyindədi, hərbçi Vətənin”

“N” hərbi hissəsində ezamiyyətdə olarkən tanıdığım tibb xidməti baş leytenantı Azər Həsənov həm hərbçi, həm də həkim olmağın qürurunu yaşayır. Bir zamanlar hərbçi həkim olmaq istəyib. İllər keçəndən sonra arzusuna çatıb. Yeniyetməliyindən bu niyyətlə yaşayıb, oxuyub, bu niyyətlə təhsil alıb. 2014-cü ildə Xarkov Beynəlxalq Universitetinin "Müalicə işi" fakültəsini bitirib. İstəyinin birini gerçəkləşdirib.
Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qərarını dəqiqləşdirib. 2020-ci ildə zabit olmaq üçün "Ehtiyat zabit hazırlığı kursu"na müraciət edib. Kursu uğurla bitirəndən sonra "tibb xidməti leytenantı" kimi qoşunlarda hərbi xidmətə başlayıb. İkinci istəyini də gerçəkləşdirib, hərbi həkim olub. Söhbətləşəndə dedi ki, həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Həkimlik həm də çox məsuliyyətli sənətdir - insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğruldasan.
- Kiçik yaşlarımdan həm hərbçi, həm də həkimlik sənətini sevmişəm. Çünki həkim insan həyatının keşiyindədi, hərbçi Vətənin. Hər iki müqəddəs peşənin sahibi olduğumla qürur duyuram. Həkimlik peşəsində təcrübə əsas amillərdəndir. Universitetdə peşəkar müəllimlərimiz, professorlarımız bizə hərbi təbabətin incəliklərini nəzəri olaraq öyrədiblər. Xatırlayıram, təhsil aldığım müddətdə müəllimlərimizdən biri deyərdi ki, həkim həkimliyi təcrübədə, xəstələrlə münasibətdə daha yaxşı öyrənir. Düzgün diaqnoz üçün ilkin olaraq xəstəni dinləməyi bacarmaq lazımdır. Xəstəliklər bir-birinə oxşaya bilər, ancaq hər bir xəstəliyin özünəməxsus xüsusiyyəti var. Bunu da öyrənmək üçün xəstə ilə əhatəli söhbət aparmaq lazımdır. Etiraf edim ki, mənə müraciət edənlərin xəstəliyini az qala mən də yaşayıram.
Tibb xidməti baş leytenantı Azər Həsənov onu da vurğuladı ki, məntəqəyə müraciət edən xəstələrin hamısına xüsusi diqqət göstərilir. "Onlara yüksək səviyyədə xidmət göstərmək bizim borcumuzdur. Biz bu borcu layiqincə yerinə yetiririk. Müraciət edənlərin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyur, sonra müalicəyə başlayırıq. Məntəqənin tibb personalları xəstələrin tez bir zamanda sağalıb xidmət yerlərinə qayıtması üçün əllərindən gələni edirlər", - deyə A.Həsənov bildirdi.
Tibb məntəqəsində müalicə alan əsgər Xəqani Rzayev göstərilən qayğıdan razılıq etdi: "Üç gündür burada müalicə alıram. Məntəqənin tibbi personalı bizə doğma münasibət bəsləyir, qayğıyla yanaşırlar. Artıq müalicəm yekunlaşıb. Özümü yaxşı hiss edirəm. Bu gün bölməyə qayıdacağam".
Hərbi hissədə müşahidə olunan yüksək şərait, müasir avadanlıqlarla təchiz olunan və savadlı hərbi həkim kadrları ilə tam komplektləşən tibb məntəqəsinin mövcudluğu bir daha sübut edir ki, Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçunun sağlamlığı daim diqqət mərkəzindədir.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"