Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2023 09:56

“Vətən məni çağırır”

Hər bir hərbi qulluqçu Hərbi Anda sədaqətlə xidmət edir. Belə xidmət təkcə vəzifə borcunu yerinə yetirmək deyil, həm də vətənpərvərlikdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən Qəribov da belə hərbi qulluqçudur. Onu hərbçi olmağa sövq edən də vətənpərvərlik duyğuları olub. Şəmkir rayonunun Çinarlı kəndində doğulub boya-başa çatan Elşən özünü dərk edəndən torpaqlarımızın bir hissəsinin işğal edildiyini görüb. Ermənilərin xalqımıza qarşı törətdiyi faciələri öyrəndikcə düşmənə qarşı nifrət hissi oyanıb. Böyüyəndə mütləq hərbçi olmaq qərarına gəlib.
1996-cı ildə anadan olan kiçik çavuş Elşən Rövşən oğlu Qəribov müddətli həqiqi hərbi xidmətini də cəbhə bölgəsində düşmənlə üzbəüz bölmədə keçib. O zaman səngərin o üzünün də doğma Vətənin bir parçası olduğunu bilib. Erməni silahlı dəstələrini doğma torpağında görəndə düşmənə olan nifrəti birə beş artıb. Hərbi xidməti başa çatandan sonra ordu sıralarına qayıtmağı qərara alıb. Əsgər yoldaşlarına verdiyi sözü tutan Elşən ordu sıralarından tərxis olunduqdan sonra valideynlərinə "Mən hərbçi olmaq qərarına gəlmişəm. Gələcəkdə özümü başqa sahədə görə bilmirəm. Vətənimin 20 faiz torpağı düşmən işğalındadır. Mən evdə otura bilmərəm", - deyib, onlardan xeyir-dua alıb və həyat yolunu yenidən ordu sıralarından salıb.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursuna qəbul olan Elşən Qəribov ixtisas hazırlığı kursunu uğurla keçib. Tədris olunan biliklərə dərindən yiyələnib. Mümkün qədər hərbi bilik və bacarıqları əldə etməyə çalışıb. Manqa komandiri kimi nümunəvi xidmət etməyi qarşısına məqsəd qoyub. Səngər həyatı onun üçün yad deyildi. Bu səngərlərdən ayrılmağından bir il də keçməmişdi. Məqsədi, məramı erməni işğalı altında olan torpaqları azad etmək üçün komandiri olduğu manqanı döyüşə hazırlamaq olub. Cəbhə bölgəsində gündən-günə artan gərginlik artıq yenidən müharibənin başlayacağından xəbər verirdi. Erməni diversiya dəstələri tez-tez mövqelərimizə soxulmağa cəhd edirdilər. Hər dəfə də layiqli cavab alıb geri çəkilməyə məcbur olurdular. Nəhayət, 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev düşmən təxribatlarının qarşısını almaq məqsədilə ordumuza əks-hücum əmri verdi. Kiçik çavuş Elşən Qəribovun xidmət etdiyi hərbi hissə müharibənin ilk günündə döyüşə girdi. 44 gün davam edən Vətən müharibəsində Elşən Cəbrayıldan Qubadlıya qədər şərəfli döyüş yolu keçdi. Döyüşlərdə fərqləndiyinə görə Elşən Qəribov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Kiçik çavuş E.Qəribov bu gün şərəfli hərbi xidmətini düşməndən azad edilmiş ərazilərdə davam etdirir. Üzərinə düşən xidməti vəzifələrini vicdanla yerinə yetirir. İnanırıq ki, Elşən və onun kimi oğullar ərazi bütövlüyümüzün qorunması naminə bundan sonra da əzmlə, yorulmadan xidmətlərini davam etdirəcəklər.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"